Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azad edilmiş ərazilərdə etibarlı su infrastrukturları yaradılır

Azad edilmiş ərazilərdə etibarlı su infrastrukturları yaradılır

30.10.2024 [11:14]

30 illik işğal dövründə Ermənistanın ölkəmizə qarşı vandalizminin ən ağır fəsadlarından biri də içməli su xətlərinin, magistral və məhəllədaxili boru kəmərlərinin, su təsərrüfatları infrastrukturlarının darmadağın edilərək sıradan çıxarılması olub. Ermənilər ekoloji terror törədərək həm su mənbələrini və çayları dərin çirklənməyə məruz qoyub, həm də su sistemlərini və anbarları sıradan çıxarmaqla əhalinin və iqtisadiyyatın su təminatı zəncirini tamamilə pozub. Torpaqlarımız işğaldan azad edildikdən sonra bu bölgədə başlayan sürətli quruculuq və bərpa işlərinin mühüm bir hissəsi içməli su şəbəkəsi və su təsərrüfatı sistemlərinin də əsaslı şəkildə yenidən qurulmasını əhatə etməkdədir. Azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma planının icrası burada yaşayan insanların müvafiq kommunal xidmətlər, o cümlədən fasiləsiz su ilə təminatını da  vacib edir. Məhz bu tələbləri nəzərə alaraq hökumət məskunlaşma ilə paralel şəkildə həmin xidmət infrastrukturlarını da qurur.

Zəngilan, Füzuli və Cəbrayılda sakinlərin su təchizatı təmin edilir

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) məlumatına görə, məskunlaşmanın ilk ünvanlarından biri olan Zəngilan şəhərində də sakinlərin su təminatı üçün ardıcıl tədbirlər görülür. Zəngilan şəhərinə fasiləsiz və dayanıqlı suyun verilməsi məqsədilə hər birinin tutumu 4000 kubmetr olmaqla 2 ədəd su anbarı inşa olunmaqdadır. Bundan əlavə, hər birinin tutumu 100 kubmetr olmaqla 2 ədəd su anbarı tikiləcək. Perspektiv plana uyğun 9 ədəd subartezian quyusunun inşası da nəzərdə tutulub.

Füzuli şəhərinə köçən sakinlərin su təchizatı ilə də bağlı zəruri infrastrukturlar yaradılıb, digər əlavə layihələr icra olunur. Bu rayonda növbəti mərhələlərdə məskunlaşacaq sakinləri su ilə təmin etmək üçün hər birinin tutumu 8500 kubmetr olan 2 ədəd və hər birinin tutumu 2500 kubmetr olan 2 ədəd su anbarı inşa edilir. Hazırda Füzuli şəhərinə su verilişi Gövşad kəndindəki mövcud mənbədən müvəqqəti olaraq 100 kubmetrlik anbar vasitəsilə tənzimlənir. İnşa edilən anbarlar istifadəyə verildikdən sonra rayonun digər sahələrində də fasiləsiz su təminatı həllini tapacaq və gələcəkdə Füzuli şəhərinin sakinləri su təminatında heç bir problem yaşanmayacaq.

Cəbaryıl şəhərində su təchizatı planına uyğun olaraq, 2023-cü ildə 1 ədəd geoloji kəşfiyyat quyusu qazılıb. Seçilmiş mənbənin məhsuldarlığı və suyun keyfiyyət göstəriciləri şəhəri və ətraf kəndləri içməli su ilə təmin etməyə imkan verir. Şəhərin şimalında, ümumilikdə, 9 subartezian quyusunun qazılması layihələndirilib və bu istiqamətdə işlərə başlanılıb. İlkin mərhələdə 3 quyu qazılacaq. Şəhərdə məskunlaşacaq əhalinin sayı artdıqca yeni quyuların qazılması təmin ediləcək. Bundan başqa, Cəbrayılda hər birinin tutumu 1000 kubmetr olan 2 anbar tikilir. Cəbrayıl şəhərinin xarici su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsi 2040-cı ilədək perspektiv inkişaf nəzərə alınmaqla 15 min nəfərin tələbatının ödənilməsinə hesablanıb.

Bütün bu layihələrin hər biri öz doğma evlərinə geri qayıdan sakinlərin fasiləsiz, dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunmasını tam həll edəcək.

Suqovuşan su anbarı 7-dən çox rayonun su təminatını həll etməkdədir

“İşğaldan azad edilmiş ərazilərə böyük qayıdışa dair Birinci Dövlət Proqramı”nda nəzərdə tutulan ümdə prioritetlərdən biri də bu ərazilərin su təchizatı magistral sistemlərinin qurulmasıdır. Tədbirlər Planına əsasən, ərazidəki çayların və qovşaqların təmizlənərək yeni kanallar vasitəsilə su anbarlarına toplanmasının təşkili, habelə həmin anbarların inşasıdır.

Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzurun ərazisindən keçən çayların bəzilərinin üzərində vaxtilə 9 su anbarı inşa edilmişdi. Onlardan Xudafərin, Sərsəng, Qız Qalası, Xaçın, “Aşağı Köndələnçay”, Suqovuşan, “Köndələnçay-1”, “Köndələnçay-2” və Ağdamkənd su anbarları bölgənin və ətraf rayonların su təchizatında əhəmiyyətli yer tuturdu. İşğal dövründə Azərbaycanın su ehtiyatlarının təxminən 25 faizindən çox hissəsini formalaşdıran dayanıqlı mənbələr məhv edilməklə ölkəmizin iqtisadiyyatına, ələlxüsus da kənd təsərrüfatına ciddi zərərlər dəyib.

Dövlət Proqramının icrası çərçivəsində ötən dövr ərazində bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilib. Həmin prioritetlərdən ən mühüm olan Suqovuşan su anbarının 5,2 km uzunluğunda magistral kanalla birlikdə təmiri və bərpası nəzərdə tutulmuşdu ki, bu istiqamətdə işlər vaxtından əvvəl, 2023-cü ilin sonlarında yekunlaşıb. Sututumu 5,86 mln kubmetr olan hidroqovşağın təmir-bərpası işləri çərçivəsində uzunluğu 630 metr, hündürlüyü 28 metr, eni isə 10 metr olan anbar tam hazır vəziyyətə gətirilərək istifadəyə verilib. Su anbarının ölkəmizin su sisteminə inteqrasiya olunması nəticəsində Tərtər rayonunda 24,5 min, Ağdərə ərazisində 14,4 min, Goranboy rayonunda 7 min, Yevlax rayonunda 5,9 min, Bərdə rayonunda 12,6 min, Ağdam rayonunda 30 min, Ağcabədi rayonunda 2 min hektar olmaqla, ümumilikdə, 96 min hektardan çox torpaq sahəsinin su təminatı həllini tapıb.

Şərqi-Zəngəzurun ən nəhəng infrastrukturu - Xudafərin Su Anbarı hazırdır

Bölgənin su təsərrüfatında əhəmiyyətli layihələrdən biri olan Xaçınçay su anbarının 7 km uzunluğunda kanalla birlikdə təmiri və bərpası işləri də uğurla davam etdirilib və ötən ilin dekbarında həmin su anbarı da təmir-bərpadan sonra istifadəyə verilib. Ağdam rayonu ərazisində yerləşən Xaçınçay su anbarının su tutumu 23 milyon kubmetr, bəndin hündürlüyü 44 metr, uzunluğu 940 metr, su səthinin güzgü sahəsi isə 176 hektar təşkil edir. Bu mənbə, ümumilikdə, suvarılan 7 min hektar torpaq sahələrinin su təminatının yaxşılaşdırılmasına səbəb olacaq.”Aşağı Köndələnçay”, “Köndələnçay-1” və “Köndələnçay- 2” su anbarlarının təmiri və bərpası da tədbirlər planına uyğun şəkildə fasiləsiz davam etdirilib, Köndələnçay ətrafındakı bütün infrastrukturlar tamamilə yenidən qurulub və cari ilin may ayında bu çayın ehtiyatları ilə qidalanan 3 su anbarından 2-si tam hazır hazır vəziyyətə gətirilərək istifadəyə verilib.

Cəbrayıl rayonunda 12 min hektar yeni, Füzuli və digər rayonlar üzrə 252 min hektar mövcud əkin sahəsinin su təminatının yaxşılaşdırılmasında mühüm rol oynayacaq Qız qalası su anbarından magistral suvarma kanalının tikintisi işləri də plan üzrə davam etdirilməkdədir.

Azad ərazilərdə ən böyük anbarlardan biri Xudafərin Su Anbarıdır. Bu, su deposu bölgənin ən nəhəng anbarı hesab edilir. Cəbrayıl və Zəngilan rayonlarının inzibati ərazisində - Şərqi Zəngəzurda yerləşən Xudafərin Su Anbarının su ehtiyataları ilə tam təmin edilməsi istiqamətində işlər də sürətlə davam etdirilir. Layihə çərçivəsində Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağında su bəndlərinin tikintisi üzrə işlər tamamlanıb və cari il mayın 19-da hidroqovşaq istismara verilib, su anbarlarının doldurulması işlərinə başlanılıb. Xudafərin Su Anbarında hazırda 720 milyon kubmetrdən çox su ehtiyatı toplanıb. Su tutumu 1,612 milyard kubmetr olan anbarın tamamilə doldurulması başa çatdırılıdıqdan sonra əkin sahələrinin suvarılması üçün nəhəng bir mənbə yaranacaq.

Bərgüşadçay, Həkəriçay və Zabuxçay su anbarları yaradılacaq...

Azad ərazilərdə, həmçinin digər layihələrin - Bərgüşadçay, Həkəriçay və Zabuxçay su anbarlarının və suvarma kanalının tikintisi işlərinə də start verilib. Bərgüşadçay su anbarı Qubadlı rayonu ərazisində təqribən 12 min hektar yeni torpaq sahəsinin suvarılmasını və Qız qalası hidroqovşağından çıxan kanalın qidalandırılmasını, Həkəriçay su anbarı Şuşa, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam, Beyləqan, İmişli, Saatlı, Sabirabad rayonlarında 3 milyona yaxın əhalinin yüksək keyfiyyətli içməli su ilə təchizatını, Zabuxçay su anbarı isə Qubadlı və Zəngilan rayonları ərazisində 12100 ha torpaq sahəsinin suvarılmasını təmin edəcək.

İşğaldan azad olunmuş ərazilərdə hazırda, ümumilikdə, 9 su anbarı tikilir və ya təmir olunur. Qarabağın və Şərqi Zənguzurun zəngin su ehtiyatlarının düzgün və səmərəli idarə olunması bütövlükdə, regionun iqtisadi inkişafını sürətləndirəcək. Həmin ərazilərin kənd təsərrüfatı sahəsində potensialı ölkə iqtisadiyyatı üçün mühüm drayverlərdən birinə çevriləcək. Bütün bunlarla yanaşı, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları üzrə ayrı-ayrılıqda meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı ilə bağlı layihələr də həyata keçiriləcək.

Yaxın 2 il ərzində inşası başa çatdırılması nəzərdə tutulan bu layihələrin ölkəmizin su zəncirinə qoşulması su təhlükəsizliyinin etibarlı və dayanıqlı şəkildə təmin olunmasında əsas sütunlardan biri olacaq. Nəzərə alsaq ki, qarşıdakı illərdə kəskin xarakter alan iqlim dəyişmələri, habelə qonşu ölkələrdən daxil olan yerüstü su həcmlərinin və yağıntıların əhəmiyyətli dərəcədə azalması, digər tərəfdən isə ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı üzrə şəbəkələrin genişləndirilməsi nəticəsində suya tələbatın artması ölkəmizdə su təhlükəsizliyi ilə bağlı məsələləri daha da aktuallaşdırır, bu baxımdan 2,2 milyard kubmetr su ehtiyatlarına malik Qarabağ və Şərqi-Zəngəzurda yaradılan su anbarları milli su təhlükəsizliyinin təminatında mühüm rol oynayacaq.

ELBRUS CƏFƏRLİ

Paylaş:
Baxılıb: 143 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Xəbər lenti

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30