Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Əsrin bəlası: “Mavi balina”...

Əsrin bəlası: “Mavi balina”...

06.09.2023 [12:22]

Yeniyetmələri intihara sürükləyən oyun

Valideynlər nələrə diqqət etməlidirlər?

Xırdalanda avqust ayı ərzində ard-arda 3 yeniyetmə qızın intihar xəbəri ölkədə ciddi ajiotaja səbəb oldu. Eyni binada baş verən iki rəfiqənin intiharından sonra avqustun 31-də növbəti yeniyetmə qız həmin binada intihar edib. Qeyd edək ki, qızların heç biri intihar etdiyi binalarda yaşamır. Hətta bina sakinləri keçən il də eyni binada bir neçə intihar hadisəsinin olduğunu iddia ediblər.

Baş verənlər cəmiyyətdə, xüsusən də yeniyetmə övladı olan valideynlər arasında ciddi təşvişə səbəb olub. Qeyd edək ki, qızların intiharına səbəb kimi bir zamanlar çoxsaylı yeniyetmələri ölümə sürükləyən “Mavi balina” oyununun olması iddia edilir. 2015-ci ildə Rusiyada bir gənc tərəfindən yaradılan və internet şəbəkələri tərəfindən gizli linklə ölüm tələsi quran bu oyun bütün dünyanı həyəcana salmışdı. 2017-2018-ci illərdə həmin oyun Azərbaycana da gəlib çıxmışdı.

“Mavi balina” nədir?

Oyunun rəsmi internet ünvanı və qanuni satışı yoxdur. Rusiyanın söhbət saytlarında oyuna girmək istəyənlərə link göndərilir. Bu link vasitəsilə oyunçunun kompüterinə virus göndərilir və bütün şəxsi məlumatları ələ keçirilir. Ələ keçirilən məlumatlar sonradan şantaj üçün istifadə edilir.

50 gün, 50 tapşırıq

“Mavi Balina” oyunu 50 gün ərzində getdikcə qorxunc hala çevrilən 50 tapşırıqdan ibarətdir. Şikəst olmağa səbəb ola biləcək tapşırıqlardan tutmuş qorxu filmi izləməyə qədər tapşırıqlar oyunçulara verilir. Tapşırığı yerinə yetirə bilməyənə isə “Öl, yenə də dünyaya gələcəksən” fikri təlqin edilir.

Oyunun bəzi mərhələlərində məktəbli uşaqlara “əl biləyinə və ya ayağına iti cisimlə balina qazı” və ya “damarlara yaxın bölgələri kəs” kimi tapşırıqları verilir. Bəzən isə sübh saatlarında yuxudan oyandırılan oyunçu qorxulu video çarxları izləməlidir. Manipulyasiya edilən uşaqlar 49 tapşırıq nəticəsində psixoloji və fiziki ziyana məruz qalırlar. 50-ci gün isə final tapşırıq “balina olmaq” adlanır və oyunçuya intihar etməsi əmr edilir.

Azərbaycanda son 1 ay ərzində 3 yeniyetmə qızın intiharında da belə bir oyunun təhrikedici təsiri olması ehtimalı böyükdür. Bəs yeniyetmələri bu oyunlardan necə qoruyaq? Hansı addımlar atılmalıdır? Valideynlər nələrə diqqət etməlidir?

Gündəlik rejim dəyişilir

Sualımızı cavablandıran psixoloq Elnur Rüstəmov bildirib ki, yalnız “Mavi balina” oyunu deyil, sosial şəbəkələr üzərindən, internet vasitəsilə uşaqların psixologiyasına mənfi təsir edən, onlarda aqressiya yaradan, intihara sürükləyən oyunlar çoxdur: “Onların arasında yüklənməsi ödəniş tələb edənləri də az deyil. Buna səbəb yeniyetmələrin internetdən asılı həyat tərzi keçirməsidir. Onların ailədə az ünsiyyət qurması, internetdən asılı olması bu cür təhlükələrə yol açır.

Valideynlər övladınının gündəlik rejiminin dəyişib-dəyişmədiyinə diqqət etməlidir. Əgər gündəlik rejim dəyişirsə, qorxmaq lazımdır. Məsələn, şam yeməyini otağında yeyir, kompüter arxasında eyni vaxtlarda oturur, müəyyən qrafiklərində dəyişiklik edirsə, qrupa qoşulma təhlükəsi var”.

Yuxusuzluqdan əziyyət çəkir

E.Rüstəmovun sözlərinə görə, əgər uşaq yuxudan gec durursa və ya əzgindirsə, deməli yaxşı yatmayıb: “Bu da müəyyən mənada təhlükəli ola bilər. Çünki “Mavi balina” oyununda 04:00-05:00 saatları arasında verilən tapşırıqlar var. Bu isə yuxunun ən şirin vaxtıdır. Amma uşaq yatmaq əvəzinə, tapşırıqlar yerinə yetirir: foto çəkib sosial şəbəkəyə yükləyir və s.

Bu vaxt xüsusən seçilib ki, sübhə yaxın yuxudan oyanan uşaqda əzginlik yaransın, gərgin olsun. İkincisi, bu vaxt yuxudan oyananda adrenalin yüksəlir və yuxudan oyanma həyəcan və gələcəyə dair qorxulara səbəb olur”.

Təkrarlanan rəsmlər...

Psixoloq bildirib ki, yeniyetmələr adətən diqqət cəlb etmək və qiymətləndirilmək istəyirlər. Bu səbəbdən hansısa işə başı qarışan yeniyetmə bunu rəsmlərdə nümayiş etdirir: “Əgər yeniyetmə müntəzəm olaraq kəpənək və balina çəkirsə, qorxmaq lazımdır. Çünki kəpənəyin ömrü bir gündür, balina isə intihar üçün özünü sahilə vurur. 50 rəqəmini tez-tez yazmaq da təhlükəlidir. Çünki oyunda 50 tapşırıq var”.

Sosial şəbəkədə qüssəli yazılar

E.Rüstəmovun fikrincə, yeniyetmə intihara təşəbbüs edirsə, əvvəlcə sosial şəbəkələrdə qüssəli ismarıclar yaza bilər: “Valideynlər övladının səhifəsində “Mənim vaxtıma az qalıb”, “Söz verirəm ki, bunu edəcəyəm” tipli yazılar görsələr, ehtiyatlı olmalıdırlar. Bu zaman övladları ilə ünsiyyət qurmalıdırlar. Uşaqla heç bir halda sərt danışmaq, səhv yolda olduğunu demək olmaz”.

Əşyaları dağıdır

Psixoloqun sözlərinə görə, özünə qəsd etməyi planlaşdıran yeniyetmə istəyir ki, ölümündən sonra ağlasınlar, onun haqqında danışsınlar. Bu səbəbdən əşyalarını dağıdaraq iz qoymağa çalışır: “Yeniyetmənin əşyaları itirsə və ya o özü sevimli əşyalarını bir bağlamaya qoyub valideyninə gətirir və yaxınlarına paylamağı xahiş edirsə, ehtiyatlı olmaq lazımdır. Adətən bu yaşda uşaqlar eqoist olurlar və əşyalarını boş yerə kiməsə vermirlər”.

Psixoloq bu cür təhlükəli oyunların yaradılması ilə xüsusi qrupların məşğul olduğunu söyləyib: “Bu oyunları yaradan komandaya psixoloqların da cəlb edilməsi şübhəsizdir. Təhlükəli internet oyunu yaradanlar həm qazanc əldə edir, həm də ailələrdə faciə yaratmaqla bütün cəmiyyəti sarsıdırlar. Elə onların hədəfi də budur. Cəmiyyətin psixi sağlamlığını zədələsinlər”.

Oyunu ictimailəşdirmək yanlışdır...

Psixoloq “Mavi balina”nın ictimailəşməsində medianın müəyyən dərəcədə rolu olduğunu hesab edir. İnternet əsrində yaşadığımızı qeyd edən psixoloqun sözlərinə görə, oyunun bu qədər kütləviləşməsində kütləvi informasiya vasitələri ilə yanaşı, sosial şəbəkələrin də rolu az deyil: “Bu baxımdan bu cür hadisələrin açıq müzakirəyə çıxarılmasının tərəfdarı deyiləm. Sadəcə xəbər xarakterli məlumatlar verməklə problemin həlli ilə bağlı tədbirlər görmək lazımdır. Amma bunu xüsusi şəkildə qabartmaq məqsədəuyğun deyil. Düzdür, “Mavi balina” oyunu fonunda yaranan problemlər mediada işıqlandırılandan sonra valideynlər xeyli dərəcədə məlumatlandılar və övladlarını gözləyən təhlükə ilə bağlı bir tədbir görməyə başladılar. Amma oyuna aludə olan yeniyetmələr daha da bu oyuna qarşı həssas olublar. Bəziləri deyir ki, bir ay oynadım və tədricən uzaqlaşdım, lakin oyunun təsirinə düşüb, çıxılmaz vəziyyətə düşən uşaqlar da az deyil. Bəzi ödənişli oyunlar var ki, ona aludə olan yeniyetmələr evlərindən, yaxınlarından oğurluq edir”.

Qarşısını necə alaq?

E.Rüstəmov qeyd edib ki, uşaq və yeniyetmələrin internetdən asılılığını aradan qaldırmağa elə valideynlərdən başlamaq lazımdır: “İndi bu məsələ ilə bağlı valideynlərin problemləri uşaqlardan heç də az deyil. İnternetdən asılı valideynlərin sayı günü-gündən artır. Bu, ailə üzvləri arasında ünsiyyəti sıfıra endirir. Nəticədə valideyn uşaqla söhbət etmədiyindən, onun problemlərindən də xəbərsiz qalır. Əgər valideyn övladlarında narahatlığı sezib vaxtında psixoloqa müraciət etsə, bu cür mənfi halların qarşısını almaq da mümkün olar”.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 158 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Xəbər lenti

Maraqlı

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Siyasi fitnəkarlıq...

26 Sentyabr 11:46

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Gündəm

Sülhə doğru...

26 Sentyabr 10:26

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30