Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Füzuliyə altıncı köç...

Füzuliyə altıncı köç...

16.09.2023 [11:00]

Doğma yurduna qovuşanların sayı 514 oldu

44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanın qarşısında postmüharibə dövrünün reallıqlarına uyğun yeni çağırışlar formalaşdırıb. Hazırda işğaldan azad edilmiş ərazilərimizin bərpası və “Böyük Qayıdış”ın təmin edilməsi prioritetdir. Qalib Azərbaycan işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış”ı qısa müddətdə və yüksək səviyyədə təmin etmək əzmindədir.

Bu səbəbdən də dövlətimiz azad olunmuş torpaqlarda həyatın yenidən canlanması, oraya qayıdacaq vətəndaşların rifahının yüksəldilməsi və işlə təmini istiqamətində mühüm tədbirlər görür. Həmin bölgələrə qayıdacaq soydaşlarımızın yüksək səviyyəli, rahat və təminatlı həyat şəraiti üçün bütün infrastrukturlar yaradılır.

Ölkə başçısının tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Dünən növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə (73 nəfər) köçürülüb.

30 il o yerlərin həsrəti ilə yaşamışam...

Füzuli sakini Şəhistan Abbasov doğma yurduna qayıtması ilə bağlı təəssüratlarını bölüşüb: “Füzulidən çıxanda 45 yaşım var idi. 30 il o yerlərin həsrəti ilə yaşamışam. Şükürlər bu günə ki, Füzuliyə qayıdıram. Doğma məkanda əkinçiliklə məşğul olmaq istəyirəm.

Bakıya gələndə çox çətinliklərlə üzləşdik, lakin sonradan dövlətimiz bizim üçün burada gözəl şərait yaratdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızı işğaldan azad etdi”.

Əlimdən gələni edəcəyəm

30 ildən sonra ata-baba yurduna qayıdan Füzuli sakini Mirkərim Yaqubov Füzulidən çıxanda 13 yaşı olduğunu bildirib: “İndi isə doğma yurduma qayıdıram. Bu gözəl hissləri sözlə ifadə etmək çox çətindir.

Bakıya gələrkən çox çətin günlər keçirdik. O anları xatırlamaq məni kövrəldir. Nəhayət, Füzulimə qayıdıram. Dədə-baba yurdumun inkişafı naminə qurmaq, yaratmaq lazımdır. Gözəl diyarımı yenidən dirçəltmək üçün əlimdən gələni edəcəyəm. Doğma torpaqlara çatanda ilk olaraq qohumlarımın qəbirlərini ziyarət etməyə çalışacağam. Bizə bu xoşbəxtliyi bəxş edən Prezident İlham Əliyevə minnətdarlığımı bildirir, şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə cansağlığı arzu edirəm”.

Füzuliyə qayıtmağın sevincini yaşayıram

Füzuliyə qayıdan digər sakin Səriyə Əliyeva bildirib ki, doğma yurduna qayıtdıqdan sonra doğmalarıın məzarını ziyarət etmək istəyir: “Uzun müddətdən sonra doğulub boya-başa çatdığımız yerlərə qayıtmaq gözəl hisslərdir. Bu gün onun həyəcanını yaşayıram. Bu günləri bizə yaşadan şəhidlərimizə rəhmət, qazilərimizə isə can sağlığı arzulayıram. 30 ildən sonra soydaşlarımız işğaldan azad edilmiş ərazilərə qürurlu şəkildə qayıdırlar”

Əməyi keçən hər kəsə minnətdarıq...

Doğma yurduna qayıdan Füzuli sakini Xuraman Süleymanova məcburi köçkünlük müddətində dövlətin qayğısı ilə əhatə olunduqlarını söyləyib: “Şükürlər olsun ki, bu gün Füzulimə, doğma yurduma, dədə-baba torpağıma qayıdıram. İllər sonra arzularımız reallaşıb. Torpaqlarımızın işğaldan azad olunmasında əməyi keçən hər kəsə minnətdarıq. Ölkə başçısına təşəkkür edirik ki, uşaqlığımızı, gəncliyimizi keçirdiyimiz yerləri bizə qaytardı. Doğulduğumuz yerlərə qayıtmaqla tarixi anlar yaşayırıq”.

Qeyd edək ki, bu, Füzuliyə altıncı köç karvanıdır. İlk köç avqustun 18-də baş tutub. Bu mərhələdə Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 23 ailə - 90 nəfər doğma yurduna qayıdıb. Avqustun 21-də 24 ailə (68 nəfər), avqustun 22-də 23 ailə (89 nəfər), sentyabrın 7-də 25 ailə (102 nəfər), sentyabrın 11-də 24 ailə (92 nəfər) dədə-baba torpaqlarına qovuşub. Sonuncu dəfə-sentyabrın 15-də 25 ailə (73 nəfər) Füzuliyə yola salınıb. Bununla da Füzuli şəhərində 144 ailənin (514 nəfər) daimi məskunlaşması təmin edilib.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 199 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Eyni adlı uşaqlar...

30 Sentyabr 12:00

Ədəbiyyat

Xarici siyasət

Tarixdə ilk dəfə...

30 Sentyabr 10:55

Xəbər lenti

Maraqlı

Maraqlı

Payıza hazırsınız?

29 Sentyabr 16:33

Xəbər lenti

Gündəm

İlham Əliyevin sirri

29 Sentyabr 15:18

Maraqlı

Xəbər lenti

Maraqlı

Xəbər lenti

Sosial

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30