Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mətyu Brayzənin etimadnaməsini qəbul edib. Səfir Mətyu Brayzə fəxri qarovul dəstəsinin qarşısından keçib. Mətyu Brayzə etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib. Dövlətimizin başçısı səfiri yeni təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələri ilə bağlı fikir mübadiləsi aparılıb.