Berlin divarının yıxılmasından 37 il sonra

Berlin divarının yıxılmasından 37 il sonra

Avropanın bölünməsi həqiqətən başa çatdımı?

Tarixin bir gecədə dəyişdiyi görünə bilər. Lakin 1989-cu il noyabr ayının 9-da Berlin divarının yıxılması onilliklər boyu yığılmış siyasi, iqtisadi və ictimai böhranın nəticəsiydi. Bu hadisə Avropanın xəritəsini dəyişdirdi, Almaniyanın birləşməsinə yol açdı və beynəlxalq münasibətlərdə yeni dövrün başlanğıcını simvolizə etdi. İndi qarşıdan həmin dönüş nöqtəsinin 37-ci ildönümü gələrkən əsas sual yenə aktualdır: fiziki divarlar dağılandan sonra Avropanı bölən siyasi və təhlükəsizlik xətləri də aradan qalxdımı?..

Berlin divarı “soyuq müharibə”nin ən tanınan rəmzlərindən idi. Onun süqutu kommunist Şərqi Avropada siyasi dəyişiklikləri sürətləndirdi, Almaniyanın birləşməsinə şərait yaratdı və 1991-ci ilin sonunda Sovet İttifaqının dağılmasıyla nəticələnən daha geniş geosiyasi prosesin mühüm mərhələsinə çevrildi. Lakin hadisələrə yalnız qalib gələn azadlıq ideyasının təntənəsi kimi baxmaq tarixi mənzərənin mürəkkəbliyini tam açmır. Divarın yıxılması həm xalq etirazlarının, həm iqtisadi sistemin tükənməsinin, həm SSRİ rəhbərliyinin dəyişən siyasətinin, həm də Qərb dövlətlərinin uzunmüddətli diplomatik strategiyasının kəsişdiyi nöqtə idi. Almaniyanın Federal Arxivinin tarixi materialları da göstərir ki, 1989-cu ilin noyabrından cəmi on bir ay sonra baş verən birləşmə əvvəlcədən qaçılmaz və hazır plan kimi mövcud deyildi.

Divarın yaranmasını anlamaq üçün 1945-ci ilə qayıtmaq lazımdır. İkinci Dünya müharibəsi Avropanın siyasi xəritəsini dağıtmış, Almaniyanı məğlub dövlətə çevirmiş və qalib dövlətlər arasında yeni güc balansı yaratmışdı. Almaniya ABŞ, Böyük Britaniya, Fransa və Sovet İttifaqının nəzarət zonalarına bölünmüşdü. Üstəlik, Avropanın gələcək siyasi quruluşu barədə bu dövlətlərin baxışları getdikcə bir-birindən uzaqlaşırdı. Qərb dövlətləri bazar iqtisadiyyatına və çoxpartiyalı siyasi sistemə əsaslanan quruluşu dəstəkləyir, Moskva isə Şərqi Avropada öz təhlükəsizlik maraqlarına uyğun siyasi rejimlərin formalaşmasına çalışırdı.

1949-cu ildə bu ziddiyyət Almaniyanın iki dövlətə bölünməsiylə rəsmiləşdi. Qərbdə Almaniya Federativ Respublikası, şərqdə isə Almaniya Demokratik Respublikası yarandı. Berlin coğrafi baxımdan Şərqi Almaniyanın ərazisində yerləşsə də, şəhərin özü ayrıca işğal sektorlarına bölünmüşdü. Beləliklə, Berlin təkcə iki alman dövlətinin yox, iki fərqli siyasi-iqtisadi sistemin bir-birinə toxunduğu həssas sərhəd məkanına çevrilmişdi.

1950-ci illərdə Şərqi Almaniyadan Qərbə, xüsusilə Qərbi Berlin vasitəsilə miqrasiya hökumət üçün ciddi problemə çevrilmişdi. İnsanlar daha yaxşı iqtisadi imkanlar, siyasi azadlıqlar və fərdi seçim hüququ axtarırdılar. Əhalinin davamlı şəkildə ölkəni tərk etməsi Şərqi Almaniyanın əmək resurslarına və hakimiyyətin legitimliyinə zərbə vururdu. Bu, Berlin böhranını təkcə sərhəd məsələsiylə yox, dövlətin öz vətəndaşlarını ölkədə saxlamaq qabiliyyətiylə bağlı da siyasi problemə çevirdi.

1961-ci il avqust ayının 13-də Şərqi Almaniya hakimiyyəti Berlinin şərq və qərb hissələri arasındakı sərhədi bağlamağa başladı. İlk maneələr tikanlı məftillərdən və müvəqqəti sədlərdən ibarət olsa da, sonradan mürəkkəb beton divar, müşahidə qüllələri və mühafizə zonaları sistemi yaradıldı. Berlin divarı təxminən 28 il ərzində şəhəri və ailələri ayırdı. Şərqi Almaniya hakimiyyəti bu maneəni Qərbdən gələn təhlükələrdən müdafiə vasitəsi kimi qələmə verirdi. Lakin divarın ən mühüm praktiki funksiyası öz vətəndaşlarının sərbəst çıxışını məhdudlaşdırmaq idi. ABŞ Milli Arxivinin tarixi materialları da divarın tikilməsini Şərqi Almaniya əhalisinin ölkədən kütləvi şəkildə ayrılmasının qarşısını almaq cəhdi kimi təsvir edir.

Divar tikiləndən sonra Berlin beynəlxalq böhranın mərkəzinə çevrildi. 1961-ci ilin oktyabrında ABŞ və Sovet İttifaqının tankları Checkpoint Charlie keçid məntəqəsində üz-üzə gəldi. Birbaşa hərbi qarşıdurma baş verməsə də, bu hadisə Berlin məsələsinin iki nüvə dövlətini təhlükəli toqquşmaya yaxınlaşdıra biləcəyini göstərdi. Beləliklə, beton divar təkcə şəhərsalma və sərhəd nəzarəti məsələsi yox, həm də nüvə çəkindirməsi, hərbi ittifaqlar və böyük dövlətlər arasında strateji etimadsızlığın aşkar görünən rəmziydi.

Sonrakı onilliklərdə Qərbi və Şərqi Almaniya arasında həyat səviyyəsi, siyasi iştirak, informasiya əldə etmək və şəxsi azadlıqlar baxımından fərqlər dərinləşdi. Qərbi Almaniya Qərbi Avropanın iqtisadi inteqrasiyasının və NATO-nun mühüm iştirakçısına çevrildi. Şərqi Almaniya isə Sovet İttifaqının rəhbərlik etdiyi sosialist blokunun üzvüydü. Divar Şərqi Almaniyanın kommunist hakimiyyətini bəlli müddətə möhkəmləndirsə də, uzunmüddətli perspektivdə ölkənin əsas problemlərini çözmədi, əksinə, vətəndaşların azad hərəkət hüququnun məhdudlaşdırılması rejimin özünə inamıyla bağlı suallar yaratdı.

1980-ci illərin ikinci yarısında bu sistemin dayanıqlığı daha ciddi sınaqla üzləşdi. Sovet İttifaqında elan olunmuş yenidənqurma və aşkarlıq siyasəti Şərqi Avropada siyasi dəyişikliklər üçün yeni şərait yaratdı. Moskva əvvəlki dövrlərdə olduğu kimi müttəfiq ölkələrdəki hər bir böhrana hərbi müdaxilə ilə cavab verməyə hazır olmadığını göstərirdi. Eyni zamanda, Şərqi Almaniyada iqtisadi narazılıq, siyasi dəyişiklik tələbləri və xaricə getmək istəyən insanların sayı artırdı. Bu amillər bir-birini gücləndirərək hakimiyyətin idarəetmə imkanlarını daraldırdı. 1989-cu ilin yayında Şərqi Almaniya vətəndaşlarının bir hissəsi Macarıstan və Çexoslovakiya vasitəsilə Qərbə keçməyə çalışdı. Macarıstanın Avstriya ilə sərhədindəki məhdudiyyətləri yumşaltması Şərqi Almaniyadan çıxış üçün yeni yol yaratdı. Sentyabr və oktyabr aylarında kütləvi etirazlar, xüsusilə Leypsiqdə keçirilən nümayişlər hakimiyyətə təzyiqi artırdı. Etirazçılar təkcə sərbəst səyahət etmək yox, siyasi islahatlar, hesabatlılıq və daha açıq idarəçilik tələb edirdilər. Berlin divarının gələcəyi barədə qərar artıq yalnız Şərqi Almaniya rəhbərliyinin daxili məsələsi deyildi; cəmiyyətin böyük hissəsi siyasi dəyişiklik prosesinə qoşulmuşdu.

9 noyabr 1989: bir mətbuat

konfransının dəyişdirdiyi tarix

Berlin divarının yıxılmasına aparan son hadisələrdən biri Şərqi Almaniya rəhbərliyinin səyahət qaydalarını dəyişdirmək cəhdi oldu. 1989-cu il noyabrın 9-da hakim Vahid Sosialist Partiyasının nümayəndəsi Günter Şabovski mətbuat konfransında yeni səyahət qaydaları barədə məlumat verdi. Jurnalistlərin suallarını cavablandıranda o, yeni qaydaların dərhal tətbiq ediləcəyini söylədi, halbuki qərarın tətbiqi və icrasıyla bağlı prosedurlar tam aydınlaşdırılmamışdı. Xəbər televiziya vasitəsilə yayılandan sonra minlərlə Şərqi Berlin sakini sərhəd-keçid məntəqələrinə axışdı. Onlar Qərbi Berlinə keçmək istəyirdilər. Sərhədçilər əvvəlcə necə davranmalı olduqlarını bilmirdilər: izdiham artır, rəhbərlikdən aydın göstəriş gəlmirdi, geri çəkilmək isə vəziyyəti daha da gərginləşdirə bilərdi. Nəhayət, sərhəd-keçid məntəqələri açıldı, insanlar 28 il boyunca onları ayırmış sərhədi keçməyə başladılar. Beləliklə, Berlin divarının yarılması əvvəlcədən dəqiq planlaşdırılmış mərasimdən çox, siyasi sistemin nəzarəti itirdiyi və cəmiyyətin təzyiqinin həl?edici olduğu bir hadisəyə çevrildi.

Bu hadisənin mühüm dərsi ondan ibarətdir ki, tarix bəzən böyük dövlətlərin zirvə görüşlərində deyil, siyasi qərarların icra olunduğu konkret məqamlarda dəyişir. Şabovskinin açıqlaması özlüyündə Şərqi Almaniya sistemini dağıtmaq üçün nəzərdə tutulmamışdı, lakin illərlə yığılmış ictimai narazılıq, kütləvi etirazlar, xaricə köç dalğası və rəhbərliyin tərəddüdü bu açıqlamanı siyasi dönüş nöqtəsinə çevirdi. Divarın açılmasıyla Almaniyanın birləşməsi arasında isə hələ çox mürəkkəb diplomatik mərhələ dayanırdı. Şərqi Almaniyanın gələcəyi yalnız iki alman dövlətinin qərarından asılı deyildi. İkinci Dünya müharibəsinin qalib dövlətlərinin - ABŞ, Sovet İttifaqı, Böyük Britaniya və Fransanın Almaniya üzərində əvvəlki hüquqları və beynəlxalq təhlükəsizliklə bağlı narahatlıqları da nəzərə alınmalıydı. Almaniyanın yenidən birləşməsi Avropanın güc balansını dəyişəcək, onun sərhədləri, hərbi statusu və hansı ittifaqa daxil olmaq hüququ kimi məsələlərə cavab tələb edəcəkdi.

1989-cu il dekabr ayının 22-də Brandenburq qapısının yenidən açılması da simvolik əhəmiyyət daşıyırdı. Qərbi Almaniya kansleri Helmut Kol və Şərqi Almaniyanın baş naziri Hans Modrov həmin mərasimdə iştirak etdilər. Almaniyanın birləşməsi artıq yalnız ictimai arzu deyil, diplomatik gündəmin əsas məsələsiydi. Lakin qarşıdakı aylarda tərəflər sürətli siyasi dəyişikliklərlə beynəlxalq hüquqi razılaşmalar arasında tarazlıq yaratmalıydılar.

1990-cı il: divarın süqutundan

dövlət birliyinə

1990-cı il Almaniya tarixində intensiv diplomatiya və siyasi qərarlar ili oldu. Şərqi Almaniyada azad seçkilər keçirildi, iki dövlət arasında birləşmənin hüquqi və iqtisadi şərtləri müzakirə edildi. Əsas beynəlxalq mexanizm “iki üstəgəl dörd” formatı idi: iki Almaniya dövləti və İkinci Dünya müharibəsinin dörd qalib dövləti. Danışıqlar Almaniyanın gələcək statusunu yalnız daxili siyasi razılaşma ilə deyil, beynəlxalq səviyyədə də həll etməliydi.

1990-cı il sentyabr ayının 12-də Moskvada Almaniyaya dair yekun nizamlanma haqqında müqavilə imzalandı. Sənəd ABŞ, Sovet İttifaqı, Böyük Britaniya, Fransa, Almaniya Federativ Respublikası və Almaniya Demokratik Respublikasını bir araya gətirirdi. Müqavilə Almaniyanın tam suverenliyinin bərpasına yol açdı, sərhədlərin toxunulmazlığını təsdiqlədi və birləşmiş Almaniyanın beynəlxalq statusunu müəyyənləşdirdi. Sənəddə hərbi qüvvələrin azaldılması və nüvə, bioloji, kimyəvi silahlardan imtina ilə bağlı öhdəliklər də yer alırdı. Sovet qoşunlarının Şərqi Almaniya ərazisindən çıxarılması da bu nizamlanmanın mühüm hissəsiydi.

1990-cı il oktyabr ayının 3-də Almaniya Demokratik Respublikası Almaniya Federativ Respublikasına daxil oldu və Almaniyanın birliyi bərpa edildi. Berlin divarının açılmasından on bir aydan da az müddət keçmiş iki alman dövlətinin mövcudluğuna son qoyuldu. Bu prosesin sürəti ilk baxışda təəccüblü görünə bilər. Ancaq onun arxasında uzunmüddətli ictimai təzyiq, Şərqi Almaniyanın siyasi böhranı, Sovet İttifaqının dəyişən strategiyası və Qərb dövlətlərinin intensiv diplomatik fəaliyyəti dayanırdı. Burada xüsusi əhəmiyyət daşıyan məqam budur: Almaniyanın birləşməsi təkcə divarın fiziki olaraq aradan qaldırılmasıyla baş vermədi; bunun üçün sərhədlərin, suverenliyin, hərbi statusun və beynəlxalq münasibətlərin hüquqi əsaslarının razılaşdırılması lazım idi. Almaniyanın birləşməsi beynəlxalq hüququn siyasi transformasiyaya necə çərçivə yarada bildiyini göstərən mühüm nümunəyə çevrildi.

Divar dağıldı, bəs Avropanın bölünməsi?

1989-cu ilin noyabrı bir çox insanda “soyuq müharibə”nin başa çatdığı və Avropada uzunmüddətli sülhün təmin olunduğu təsəvvürü yaratdı. Sonrakı illərdə Avropa İttifaqının genişlənməsi, Şərqi və Mərkəzi Avropa dövlətlərinin Qərb institutlarına inteqrasiyası və Almaniyanın birləşməsi bu gözləntiləri gücləndirdi. Lakin tarix fərqli istiqamətlərdə də inkişaf etdi. Yuqoslaviyanın parçalanması müharibələrə və ağır humanitar faciələrə səbəb oldu. Sovet İttifaqının dağılması yeni müstəqil dövlətlər yaratdı, lakin postsovet məkanında sərhədlər, təhlükəsizlik və geosiyasi istiqamət barədə mübahisələri də dərinləşdirdi. ABŞ-ın Beynəlxalq Münasibətlər üzrə Şurasının (Council on Foreign Relations - CFR) Berlin divarının yıxılmasından sonrakı Avropaya dair təhlili də bu ikili mənzərəni vurğulayır: Soyuq müharibədən sonra inteqrasiya dərinləşsə də, qitə yeni təhlükəsizlik riskləri, siyasi parçalanma və institutlara etimad problemləri ilə üzləşdi.

Berlin divarının tarixini xatırlamaq bu gün yalnız XX əsrin ikinci yarısında Avropanı iki düşərgəyə ayıran siyasi qarşıdurmanı yada salmaq demək deyil. Bu tarix həm də dövlətlər arasında etimadın itirilməsinin, ideoloji ziddiyyətlərin hərbi-siyasi bloklaşmaya çevrilməsinin və təhlükəsizlik anlayışının zamanla necə dəyişməsinin rəmzi işarəsidir. 1961-ci ildə inşa edilmiş Berlin divarı soyuq müharibənin ən təsirli simvollarından birinə çevrilmişdi. Onun 1989-cu il noyabr ayının 9-da açılması isə təkcə alman xalqının birləşməsi yolunda dönüş nöqtəsi olmadı, həm də Avropada onilliklər boyu davam edən bölünmənin aradan qaldırılması üçün tarixi imkan yaratdı. Lakin sonrakı hadisələr göstərdi ki, divarların fiziki olaraq sökülməsi dövlətlər arasındakı strateji rəqabətin, qarşılıqlı şübhələrin və təhlükəsizlik dilemmasının avtomatik şəkildə aradan qalxması demək deyil.

Bu gün Avropanın təhlükəsizlik arxitekturası yenidən ciddi sınaq qarşısındadır. Rusiya-Ukrayna müharibəsi, NATO ilə Rusiya arasında münasibətlərin kəskinləşməsi, Avropa ölkələrinin müdafiə büdcələrini artırması və ABŞ-ın transatlantik təhlükəsizlik sistemində gələcək roluna dair müzakirələr qitənin strateji prioritetlərini dəyişdirir. Uzun müddət Avropada genişmiqyaslı müharibə ehtimalının aşağı olduğu düşünülürdüsə, Ukraynada davam edən müharibə bu yanaşmanın yenidən nəzərdən keçirilməsinə səbəb olub. İndi təhlükəsizlik məsələləri yalnız diplomatik bəyanatlar və siyasi razılaşmalar çərçivəsində deyil, həm də real hərbi imkanlar, müdafiə sənayesinin istehsal gücü, sursat ehtiyatları, hava hücumundan müdafiə sistemləri, kəşfiyyat imkanları və dövlətlərin uzunmüddətli müdafiə hazırlığı baxımından qiymətləndirilir.

Burada əsas məsələ yalnız Avropanın nə qədər silah alması və ya müdafiəyə nə qədər vəsait ayırması deyil. Daha mühüm sual ondan ibarətdir ki, Avropa dövlətləri dəyişən təhlükəsizlik şəraitində vahid strateji mövqeni nə dərəcədə qoruya biləcək? Müdafiə xərclərinin artırılması hərbi potensialı gücləndirə bilər, lakin bu addımın real çəkindirici təsirə malik olması üçün dövlətlər arasında əməliyyat uyğunluğu, birgə planlaşdırma, siyasi iradə və uzunmüddətli öhdəliklərə sadiqlik də tələb olunur. Müasir təhlükəsizlik sistemində ayrı-ayrı ölkələrin hərbi gücüylə kollektiv müdafiə qabiliyyəti arasında mühüm fərq var. Birincisi milli resurslardan, ikincisi isə həmin resursların ümumi məqsəd naminə nə dərəcədə əlaqələndirilməsindən asılıdır.

Karnegi Beynəlxalq Sülh Fondunun 2026-cı il mart ayının 19-da dərc etdiyi Yucin Rumerin “Belligerent and Beleaguered: Russia After the War with Ukraine” adlı araşdırması məhz bu mürəkkəb mənzərəyə diqqət yetirir. Rusiya üzrə ekspertin əsas qənaəti ondan ibarətdir ki, Ukraynaya qarşı müharibənin hansı nəticəylə başa çatmasından asılı olmayaraq Rusiya Avropada özünü əvvəlkindən daha az təhlükəsiz hiss edən, Qərblə münasibətlərdə daha çox narazılıq keçirən və gələcəkdə Avropa üçün ciddi təhlükə yarada bilən dövlət kimi qala bilər. Rumer bu qiymətləndirməsini üç əsas amillə əlaqələndirir: coğrafi-strateji vəziyyət, yeni silah texnologiyalarının inkişafı və ABŞ-la Avropa arasındakı təhlükəsizlik münasibətlərinin dəyişməsi.

Ekspertin təhlilində diqqətçəkən məqamlardan biri Rusiyanın təhlükəsizlik düşüncəsində coğrafiyanın tutduğu yerdir. Rusiya tarixən qərb sərhədlərində geniş strateji dərinliyə malik olmağa, mümkün hücum istiqamətləri ilə ölkənin əsas siyasi və iqtisadi mərkəzləri arasında məsafə saxlamağa xüsusi əhəmiyyət verib. 1812-ci ildə Napoleonun, 1941-ci ildə isə nasist Almaniyasının hücumları Rusiya və rus-sovet strateji düşüncəsində bu yanaşmanı gücləndirən tarixi hadisələr olub. “Soyuq müharibə”dən sonra Mərkəzi və Şərqi Avropa dövlətlərinin NATO-ya üz tutması, Finlandiya və İsveçin ?lyansa qoşulması isə Moskvanın öz qərb istiqamətindəki təhlükəsizlik mühitini fərqli qiymətləndirməsinə səbəb olub.

Burada mühüm bir fərqi nəzərə almaq lazımdır: Rusiyanın öz təhlükəsizliyi ilə bağlı narahatlıqlarını təhlil etmək həmin narahatlıqları digər dövlətlərin suverenliyini pozmaq üçün hüquqi və ya siyasi əsas kimi qəbul etmək demək deyil. Dövlətlərin təhlükəsizlik maraqları bir-birinə zidd gələndə davamlı həll yolu qonşuların seçim hüququnu məhdudlaşdırmaqdan yox, qarşılıqlı təhlükəsizlik təminatlarının, etimad tədbirlərinin və beynəlxalq hüquqa əsaslanan mexanizmlərin yaradılmasından keçir. Əks halda bir dövlətin təhlükəsizliyini artırmaq məqsədilə atdığı addım digər dövlətdə təhlükə hissini gücləndirir və nəticədə tərəflər silahlanma yarışına cəlb olunur.

Bu, beynəlxalq münasibətlər nəzəriyyəsində təhlükəsizlik dilemması adlandırılan problemin mahiyyətidir. Bir tərəfin müdafiə məqsədilə gördüyü tədbirlər qarşı tərəfdən hücum hazırlığı kimi qəbul edilə bilər. Qarşı tərəfin cavab tədbirləri isə ilkin addımı atan dövlətdə yeni təhlükə təsəvvürü yaradır. Beləliklə, heç bir tərəfin açıq şəkildə müharibə istəmədiyi şəraitdə belə, qarşılıqlı şübhə və hərbi hazırlıq eskalasiya riskini yüksəldə bilər. Berlin divarının tarixi də xatırladır ki, siyasi parçalanma və təhlükəsizlik qorxuları zamanla bütöv cəmiyyətlərin həyatını müəyyən edən sistemə çevrilə bilər.

Rumerin təhlilində ikinci mühüm amil hərbi texnologiyalardakı dəyişikliklərdir. Dəqiq zərbə sistemləri, uzaqmənzilli raketlər, pilotsuz uçuş aparatları, süni intellektlə dəstəklənən hərbi vasitələr və kiberəməliyyatlar ənənəvi müdafiə anlayışını dəyişdirir. Əvvəllər böyük coğrafi məsafə müəyyən dərəcədə qoruyucu amil sayılırdısa, müasir texnologiyalar strateji obyektləri daha uzaq məsafələrdən hədəfə çevirməyə imkan verir. Bu, həm hücum imkanlarını, həm də dövlətlərin mümkün hücum barədə qərar vermək üçün malik olduqları vaxtı dəyişdirir.

Məsələnin təhlükəli tərəfi ondadır ki, texnologiyanın inkişafı hərbi üstünlük yaratmaqla yanaşı yanlış hesablamaların nəticələrini də ağırlaşdıra bilər. Erkən xəbərdarlıq sistemlərində yaranan nasazlıq, kiberhücum, pilotsuz aparatın səhv müəyyənləşdirilməsi və ya hərbi təlimin hücum hazırlığı kimi qiymətləndirilməsi böhranı sürətlə dərinləşdirə bilər. Xüsusilə nüvə silahına malik dövlətlər arasında qarşıdurma zamanı qərarların məhdud zaman çərçivəsində qəbul edilməsi təhlükəli nəticələr doğura bilər. Buna görə müasir təhlükəsizlik siyasəti yalnız yeni silahların alınmasına yox, həm də böhran kommunikasiyasına, insidentlərin araşdırılması mexanizmlərinə, hərbi şəffaflığa və strateji sabitliyin qorunmasına əsaslanmalıdır.

Üçüncü amil transatlantik münasibətlərin gələcəyidir. NATO-nun kollektiv müdafiə sistemi uzun müddət Avropanın təhlükəsizlik arxitekturasının əsas dayaqlarından olub. ABŞ-ın hərbi imkanları, kəşfiyyat infrastrukturu, strateji çəkindirmə potensialı və Avropadakı hərbi mövcudluğu bu sistemin fəaliyyətində mühüm rol oynayır. Bununla yanaşı, Avropa ölkələri öz müdafiə qabiliyyətlərini gücləndirmək, hərbi sənaye istehsalını artırmaq və ABŞ-dan asılılığı müəyyən sahələrdə azaltmaq zərurətiylə üzləşir. Rumerin təhlilində Vaşinqtonun Avropaya dair təhlükəsizlik öhdəliklərinin gələcəyi ətrafında yaranan qeyri-müəyyənlik də Rusiyanın və Avropa dövlətlərinin strateji hesablamalarına təsir edən amillərdən biri kimi təqdim olunur.

Lakin Avropanın müdafiə sahəsində daha müstəqil mövqe tutmasıyla transatlantik əlaqələrin zəifləməsi eyni məna daşımır. Avropanın öz hərbi imkanlarını inkişaf etdirməsi NATO daxilində yük bölgüsünü daha balanslı şəklə sala bilər. Əksinə, müttəfiqlər arasında siyasi etimadın azalması, təhlükəsizlik öhdəliklərinin qeyri-müəyyən vəziyyətə düşməsi və koordinasiyanın zəifləməsi mövcud müdafiə potensialının səmərəliliyini aşağı sala bilər. Burada əsas məsələ Avropanın daha güclü olması deyil, bu gücün hansı siyasi məqsədlərə xidmət etməsi və kollektiv təhlükəsizliyə necə inteqrasiya olunmasıdır.

ABŞ-ın rolunun azalması ehtimalı Avropada nüvə çəkindirməsi barədə müzakirələri də aktuallaşdıra bilər. Fransa və Böyük Britaniya öz nüvə qüvvəsinə malikdir, lakin bu imkanların bütün Avropanın təhlükəsizlik ehtiyaclarına necə uyğunlaşdırılması mürəkkəb siyasi və strateji məsələdir. Yeni milli nüvə proqramlarının meydana çıxması isə əlavə xərclər, silahlanma rəqabəti və böhran şəraitində qərarların əlaqələndirilməsi ilə bağlı suallar doğura bilər. Buna görə Avropanın təhlükəsizliyini möhkəmləndirmək yalnız hərbi gücün artırılmasıyla ölçülməməlidir; nüvə risklərinin azaldılması və dövlətlər arasında etibarlı siyasi dialoqun saxlanması da eyni dərəcədə vacibdir.

Rumerin araşdırmasını mütləq gələcək ssenarisi kimi deyil, mövcud tendensiyalardan çıxış edən strateji xəbərdarlıq kimi oxumaq daha düzgündür. Ekspert Rusiyanın müharibədən sonra Avropa üçün daha təhlükəli vəziyyətdə qala biləcəyini əsaslandırmağa çalışır. Bununla belə gələcək münasibətlərin necə inkişaf edəcəyi müharibənin nəticələri, Rusiyanın daxili siyasi və iqtisadi vəziyyəti, Avropanın müdafiə siyasəti, ABŞ-ın qərarları və diplomatik kanalların nə dərəcədə qorunub saxlanmasından asılı olacaq. Analitik qiymətləndirmə mümkün riskləri üzə çıxarır, lakin onların qaçılmaz olduğunu sübut etmir.

Berlin divarının tarixi bu baxımdan mühüm nəticə çıxarmağa imkan verir: təhlükəsizlik naminə yaradılan siyasi və fiziki sədlər bəzən yeni qarşıdurmaların rəmzinə çevrilir. Avropa bu gün müdafiə qabiliyyətini artırmaqla yanaşı keçmişin səhvlərinin təkrarlanmaması üçün diplomatiyanı, silahlara nəzarət mexanizmlərini və qarşılıqlı etimadı da gücləndirməlidir. Çünki hərbi çəkindirmə müharibənin qarşısını almağa xidmət etdiyi halda, dialoqun sıradan çıxması çəkindirmə sisteminin özünü daha da kövrəldə bilər.

Tarixin əsas dərsi budur: davamlı sülh nə yalnız xoş niyyətlə, nə də yalnız hərbi güclə təmin olunur; möhkəm sülh güc və diplomatiya arasında tarazlıqdan, dövlətlərin suverenliyinə hörmətdən, öhdəliklərin etibarlılığından və qarşı tərəfin təhlükəsizlik maraqlarını düzgün qiymətləndirmək bacarığından yaranır. Berlin divarının süqutu Avropaya bölünmənin əbədi olmadığını göstərdi. Bugünkü nəsillərin qarşısında duran vəzifə isə yeni divarların yaranmasına yol verməmək, mövcud ziddiyyətlərin nəzarətsiz qarşıdurmaya çevrilməsinin qarşısını almaq və təhlükəsizliyi qarşılıqlı məsuliyyət üzərində qurmaqdır.

2026-cı ilin iyulunda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) dərc etdiyi hesabat da Avropanın Rusiya ilə uzunmüddətli təhlükəsizlik qarşıdurmasına hazırlaşmaq məcburiyyətində qala biləcəyini vurğulayır. Hesabatın müəllifi Ceffri Mankoff müharibənin yalnız Ukrayna ilə Rusiya arasındakı münasibətlərə aid olmadığını, Moskvanın onu daha geniş Avro-Atlantik qarşıdurmanın bir hissəsi kimi gördüyünü qeyd edir. Bu yanaşma Berlin divarının tarixini bugünkü Avropa təhlükəsizliyi ilə əlaqələndirmək üçün əhəmiyyətlidir: 1989-cu ildə Avropanı bölən sistem dağılsa da, qitədə təhlükəsizlik və güc balansı barədə ziddiyyətlər aradan qalxmayıb.

Lakin bu günün reallıqlarını 1989-cu illə eyniləşdirmək də düzgün olmaz. O zaman Şərqi Almaniyada hakimiyyətin böhranı, kütləvi və əsasən dinc etirazlar, sovet rəhbərliyinin müdaxilədən çəkinməsi və diplomatik şərait divarın yıxılmasına yol açmışdı. Müasir Avropada isə müstəqil dövlətlərin suverenliyi, hərbi ittifaqlar, iqtisadi qarşılıqlı asılılıq, kibertəhlükəsizlik və hibrid təhdidlər kimi daha geniş amillər var. Tarix təkrarlanmır; onun yaratdığı problemlər yeni şəraitdə fərqli formalarda meydana çıxır.

Berlin divarından alınan dərs:

sərhədlərdən daha çox etimad məsələsi

Berlin divarının tarixi üç mühüm nəticə çıxarmağa imkan verir. Birincisi, sərhədlərin fiziki möhkəmliyi siyasi sistemin uzunmüddətli sabitliyinə zəmanət vermir. Divar Şərqi Almaniya vətəndaşlarının hərəkətini məhdudlaşdırdı, lakin iqtisadi və siyasi problemləri aradan qaldırmadı, əksinə, dövlətlə cəmiyyət arasındakı etimad böhranını daha görünən şəklə saldı.

İkincisi, beynəlxalq sistemdə böyük dəyişikliklər yalnız güclü dövlətlərin qərarlarından asılı deyil. Şərqi Almaniyada vətəndaşların etirazları, ölkəni tərk etmək istəyən insanların hərəkətləri və siyasi islahat tələbləri divarın yarılmasında həlledici rol oynadı. Bu hadisə ictimai iradənin beynəlxalq siyasətə təsirini nümayiş etdirdi.

Üçüncüsü, tarixi dönüşün davamlı nəticə verməsi üçün siyasi hadisələr hüquqi və diplomatik mexanizmlərlə möhkəmləndirilməlidir. Almaniyanın birləşməsi yalnız divarın yıxılmasıyla yekunlaşmadı; 1990-cı ilin “İki üstəgəl dörd” müqaviləsi və digər razılaşmalar yeni siyasi reallığı beynəlxalq hüquq çərçivəsində təsbit etdi.

1989-cu ilin noyabrında Berlin divarının yarılması Avropaya tarixi seçim imkanı verdi: keçmişin düşmənçiliklərini arxada qoyaraq vahid, sülhsevər və təhlükəsiz gələcək qurmaq. Bəs bu gün Avropa həmin tarixi missiyaya nə dərəcədə sadiqdir? Rusiya ilə qarşıdurmanın dərinləşməsi, hərbi xərclərin artması və transatlantik münasibətlərdəki qeyri-müəyyənlik fonunda Avropa öz təhlükəsizliyini yalnız silahlanmayla təmin edə biləcəkmi? Diplomatiya və siyasi dialoq arxa plana keçərsə, yeni gərginliklərin qarşısını kim alacaq? Avropa İttifaqı və NATO dövlətləri ortaq təhlükəsizlik maraqlarını qoruyaraq qarşıdurmanın nəzarətdən çıxmasına mane ola biləcəkmi?

Avropanın qarşısında duran başlıca sual isə budur: Berlin divarını tarixə qovuşduran qitə yeni siyasi sədlərin və düşmənçiliklərin yaranmasına imkan verəcək, yoxsa tarixin ağır dərslərindən nəticə çıxararaq təhlükəsizliyini güc, diplomatiya və qarşılıqlı məsuliyyətin tarazlığı üzərində quracaq? Avropanın gələcəyi məhz bu seçimdən asılıdır.

Kəramət Qənbərov,

Beynəlxalq hüquq üzrə ekspert