NATO-nun Albaniya sammiti niyə təxirə salınıb?

NATO-nun Albaniya sammiti niyə təxirə salınıb?

 

Səbəb kimi böyük maliyyə xərcləri göstərilsə də, alyans daxilində ziddiyyətlər istisna deyil

NATO alyans daxilindəki fikir ayrılıqları, müttəfiqlər arasındakı gərginlik fonunda ən yüksək və nazir səviyyəsindəki görüşlərin sayını azaldır. “Associated Press” agentliyinin məlumatına görə, xüsusilə, 2027-ci ildə Albaniyada planlaşdırılan liderlər sammiti olmayacaq və xarici işlər nazirləri iki görüş əvəzinə yalnız bir görüş keçirəcəklər. NATO-nun baş katibi Mark Rütte bildirib ki, alyans sammitlərin təşkilinə çevik yanaşır və onları ehtiyac yarandıqda keçirir. Təxminən 2014-cü ilə qədər NATO-nun sammitləri iki ildən bir baş tutub.

“Yenidənqurma paketi”nin bir hissəsi...

Nazirlər səviyyəsində görüşlərin sayı da azaldılır. Cari ilin oktyabrında alyans ölkələrinin müdafiə nazirləri bir araya gəlməyib, 2027-ci ilin oktyabrına da belə görüş planlaşdırılmayıb. Gələn il xarici işlər nazirləri iki görüş əvəzinə yalnız bir görüş keçirəcəklər. NATO bu dəyişiklikləri “yenidənqurma paketi”nin bir hissəsi adlandırır.

“Associated Press” ittifaq zirvələrini “böyük maliyyə xərcləri və ciddi siyasi xərclər” tələb edən hadisə adlandırır. Belə ki, 2025-ci ildə Niderlandda görüşə hazırlıq təxminən bir il çəkib və təxminən 100 milyon dollara başa gəlib. Türkiyə sammiti həmçinin şəhər sakinləri üçün genişmiqyaslı təhlükəsizlik tədbirləri, qüvvələrin yerləşdirilməsi və məhdudiyyətlər tələb edib.

Qeyd edək ki, NATO-da fikir ayrılıqları Donald Trampın ABŞ-da yenidən hakimiyyətə gəlməsi ilə artıb. Hələ seçki kampaniyası ərəfəsində D.Tramp NATO üzvlərindən hərbi xərclərini ümumdaxili məhsulun (ÜDM) üç faizinə qaldırmalarını tələb edirdi. O, eyni zamanda seçkilərdə qalib gələcəyi təqdirdə NATO-nun şərqə doğru genişlənməsinin qarşısını almaq və Şimali Atlantika Alyansının bəzi ölkələrini Vaşinqtonun təhlükəsizlik zəmanətindən məhrum etmək imkanlarını nəzərdən keçirəcəyini bəyan etmişdi. Tramp vurğulamışdı ki, ÜDM-in iki faizindən azını müdafiə sahəsinə ayıran NATO üzvləri ABŞ-dan yardım və təhlükəsizlik zəmanəti ala bilməyəcəklər. O, dövlət başçısı seçildikdən sonra bu tələblərini NATO müttəfiqləri qarşısında qaldırdı. Alyans üzvləri bu tələbi bir neçə il ərzində yerinə yetirəcəklərini vəd ediblər.

Yaxın Şərq problemi fikir ayrılıqlarının əsas səbəblərindəndir

Ümumiyyətlə, NATO daxilindəki fikir ayrılıqları əsasən ABŞ ilə Avropa müttəfiqləri arasındakı gərginlik, hərbi xərclərin bölüşdürülməsi və Yaxın Şərqdəki proseslərlə əlaqələndirilir. Alyans daxilindəki əsas ziddiyyətlər aşağıdakı istiqamətlərdə özünü göstərir: Yaxın Şərq və Hörmüz boğazı məsələsi. NATO müttəfiqlərinin Hörmüz boğazının açılması məsələsində ABŞ-a dəstək verməkdən imtina etməsi Vaşinqtonda kəskin narazılıq yaratdı. ABŞ Prezidenti Donald Tramp bu addımı alyansın nüfuzuna dəyən ləkə adlandırıb. ABŞ-İran müharibəsi ətrafında ziddiyyətlər də alyans daxilində müəyyən fikir ayrılıqları yaradıb. NATO-nun sabiq rəhbərləri də müttəfiqlər arasında İran müharibəsi, ticarət və iqlim dəyişikliyi kimi qlobal mövzularda ciddi fikir ayrılıqlarının olduğunu təsdiqləyiblər.

Bundan əlavə, ABŞ qoşunlarının Avropadan çıxarılması və müdafiə xərclərini azaltması müttəfiqlər tərəfindən narahatlıqla qarşılanır. Məsələn, Donald Tramp administrasiyasının Almaniyadan təxminən 5 min amerikalı hərbçini çıxarmaq qərarı NATO müttəfiqləri arasında ciddi narahatlığa səbəb olub. Həmçinin, Vaşinqton Avropa ölkələrini öz təhlükəsizlikləri üçün daha çox vəsait ayırmağa və məsuliyyəti üzərlərinə götürməyə çağırır. Avropa müttəfiqləri isə vəsaitin həcmindən çox, onun hansı istiqamətlərə xərclənməsinin vacibliyini önə çəkirlər.

Bütün bunların fonunda alyans daxilində yüksək səviyyəli görüşlərin təxirə salınması diqqəti cəlb edir. Müttəfiqlər arasındakı gərginlik fonunda NATO yüksək və nazir səviyyəsindəki görüşlərin sayını azaldıb. 2027-ci ildə Albaniyada planlaşdırılan liderlər sammitinin ləğv edilməsi və xarici işlər nazirlərinin görüşlərinin sayının yarıya endirilməsi də bunun göstəricisidir.

NATO Avropa təhlükəsizliyinin dayağı olaraq qalacaq

Hazırda Rusiya-Ukrayna müharibəsinə yanaşmada da alyans daxilində fikir ayrılıqları var. ABŞ Kiyevin müəyyən güzəştlərə getməsinin tərəfdarı olsa da, Avropa müttəfiqləri bu ideyaya qarşı çıxır. Qoca qitədə hesab edirlər ki, əgər Ukrayna məsələsində güzəşt olarsa, Rusiyanın növbəti hədəfi Avropa ölkələri olacaq. Yeri gəlmişkən, bugünlərdə Fransa Prezidenti Emmanuel Makron Ukraynanın NATO-ya üzv olmasının zəruriliyini vurğulayıb. O, bu barədə “X” sosial şəbəkəsində gələcək Avropa təhlükəsizlik arxitekturasını şərh edərkən bildirib. “Əminəm ki, gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO əsas rol oynamalı olacaq. Ukraynanın yeri Alyans daxilindədir”, -deyə Fransa Prezidenti qeyd edib. Avropa ölkələri ilə Rusiya arasında mümkün təmaslara da toxunan Fransa lideri qeyd edib ki, bu dialoqun əsas məqsədi müharibədən sonrakı dövrə dair Avropanın baxışlarını izah etmək olmalıdır. Eyni zamanda o, qitənin uzunmüddətli təhlükəsizliyini təmin etmək üçün ABŞ-d?n gözləntilərin dəqiqləşdirilməsinin vacibliyini bildirib. Emmanuel Makron, həmçinin Kiyevə göstərilən yardımın davam etdirilməsinə çağırıb.

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner isə NATO-nun Avropa təhlükəsizliyinin əsas elementi olaraq qalacağını, lakin qurumun bəzi təkmilləşdirilmiş mexanizmlərlə gücləndirilməsinə ehtiyac yarana biləcəyini bildirib. Onun sözlərinə görə, NATO Avropa təhlükəsizliyinin dayağı olaraq qalacaq: “Alyans daha güclü hərbi kommunikasiya mexanizmləri, münaqişələrin qarşısının alınması tədbirləri və qarşılıqlı gərginliyin azaldılması yolu ilə möhkəmləndiriləcək. Biz həmçinin mübahisələrin münaqişəyə çevrilməzdən əvvəl həlli üçün praktik addımlardan danışırıq”. O əlavə edib ki, məhz bu səbəbdən Avropa ölkələrinin Ukrayna böhranının nizamlanması üzrə danışıqlarda iştirakı mühüm əhəmiyyət daşıyır. C.Kuşner əmin olduğunu bildirib ki, ABŞ Prezidenti Donald Tramp yalnız Ukrayna və Avropanın təhlükəsizliyini gücləndirən, gələcək münaqişələrin qarşısını alan razılaşmaya dəstək verəcək.

N.BAYRAMLI