Dünən ikitərəfli, bu gün üçtərəfli...
Çinin Şencen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 33-cü zirvə toplantısı işə başlayıb. Çin tərəfi açıqlıq, innovasiya və əməkdaşlığı “APEC Çin ili”nin prioritetləri elan edib. Tədbir “Birlikdə tərəqqi üçün Asiya-Sakit okean cəmiyyəti quraq” devizi ilə keçirilir. Şencen zirvə toplantısı çərçivəsində noyabrın 18-də açılış mərasimi, rəsmi tədbirlər və ziyafət baş tutub. Eyni zamanda dünən bir sıra ikitərəfli görüşlər də baş tutub. Noyabrın 19-da isə plenar iclas olacaq. Sammitin sonunda liderlərin yekun bəyanatının qəbul edilməsi gözlənilir.
Budəfəki zirvə toplantısının önəmli məqamlarından biri isə heç şübhəsiz dünya ictimaiyyətinin maraqla gözlədiyi ABŞ, Çin və Rusiya liderlərinin tarixdə ilk üçtərəfli görüşünün məhz APEC sammiti çərçivəsində keçirilməsi olacaq. Xatırladaq ki, görüş noyabrın 19-na planlaşdırılıb. Görüşə bir müddətdir hazırlıq gedir. Belə bir görüşün əsas əhəmiyyəti dünyanın 3 böyük dövlətinin münasibətlərinin birbaşa müzakirə olunması, beynəlxalq təhlükəsizlik məsələlərində mümkün razılaşmaların əldə edilməsidir. Görüşdə müzakirə olunacaq məsələlər barədə tərəflərin dəqiq açıqlamaları olmasa da, ehtimal olunur ki, görüşdə geosiyasi məsələlər, nüvə silahlarının azaldılması, İran və Yaxın Şərq məsələsi, Ukrayna müharibəsi kimi mövzular diqqətdə olacaq. Qeyd edək ki, bu, Çinin APEC sammitinə artıq sayca 3-cü ev sahibliyidir. Təşkilatın 2001-ci ildəki sammiti Şanxayda, 2014-cü ildə isə Pekində keçirilib. Xatırladaq ki, APEC Asiya-Sakit okean regionu boyunca azad ticarət və iqtisadi əməkdaşlığı inkişaf etdirməyə çalışan 21 üzvün təşkil etdiyi forumdur. Onun təsisçiləri Avstraliya, Bruney, İndoneziya, Kanada, Malayziya, Yeni Zelandiya, Sinqapur, ABŞ, Tailand, Filippin, Cənubi Koreya və Yaponiyadır. Bundan əlavə, təşkilatın tərkibinə Çin, Meksika, Papua-Yeni Qvineya, Çili, Rusiya, Vyetnam, Peru, habelə Çinin Honkonq xüsusi inzibati ərazisi və Tayvan adası da daxildir. APEC-in üzvü olan tərəflər qlobal ümumi daxili məhsulun 60 faizini təmin edir. APEC-in ticarət məsələləri ilə bağlı müzakirə aparmaq üçün illik zirvə toplantısı keçirilir. Sonuncu sammit keçən il oktyabrın sonu və noyabrın əvvəlində Cənubi Koreyanın Kyoncu şəhərində baş tutub.
Turist axını 43 faiz artıb
Sammit çərçivəsində diqqət çəkən ikitərəfli görüşlərdən biri də Rusiya Prezidenti Vladimir Putinin Çin Xalq Respublikasının sədri Si Cinpin ilə görüşü olub. Qilinyuan Villasındakı Qilin Şanzhuang Dövlət Qonaq Evində keçirilən görüş Putin və Si Cinpin arasında bu il baş tutan beşinci görüş olub.
İki dövlət başçısı arasındakı görüş təxminən iki saat davam edib. Danışıqların əvvəlində Rusiya Prezidenti Moskva və Pekinin daha ədalətli çoxqütblü dünya nizamı yaratmaq üçün konstruktiv yanaşmaya riayət etdiyini bildirib. İki ölkənin ortaq məqsədi Asiya-Sakit Okean regionunda rifahı təmin etməkdir. Si Cinpiin öz növbəsində Rusiya və Çinin davamlılığı qətiyyətlə qorumalı, cəsarətlə irəliləməli və çoxqütblü dünyanın formalaşmasını və beynəlxalq münasibətlərin demokratikləşməsini təşviq etməli olduqlarını vurğulayıb.
Görüşdə vurğulanıb ki, Rusiya və Çinin tətbiq etdiyi qarşılıqlı vizasız rejim sayəsində ölkələr arasında turist axını 43 faiz artıb. Prezident Putin qeyd edib ki, nəqliyyat əlaqəsi inkişaf edir və humanitar sahələrdə əməkdaşlıq güclənib: “Şübhəsiz ki, buna Sizin təşəbbüsünüzlə tətbiq edilən vizasız rejim kömək edir. Turist axını dərhal 43 faiz artıb”.
Beynəlxalq öhdəliklərin məsuliyyətlə yerinə yetirilməsi üçün birgə səylər...
Çin sədri Si Cinpin bildirib ki, Rusiya ilə Çin arasında münasibətlər stabil olaraq qalır və istənilən beynəlxalq şoka tab gətirə bilər. “Bizim möhkəm rəhbərliyimiz altında Çin-Rusiya münasibətləri istənilən bəlaya qarşı fırtınada dağ kimi dözümlüdür”.
Si Cinpinin sözlərinə görə, Moskva və Pekin arasında əməkdaşlıq beynəlxalq qeyri-sabitlik şəraitində sabitliyi və proqnozlaşdırılmasın gücləndirir. O, iki ölkə arasında qarşılıqlı əlaqəni böyük güclər arasında bərabərlik, qarşılıqlı hörmət və qarşılıqlı faydaya əsaslanan yeni tipli münasibətlərin nümunəsi adlandırıb. Çin Xalq Respublikasının Sədri, həmçinin ikitərəfli əlaqələrin potensialını ardıcıl olaraq açmağa və praktiki əməkdaşlığı genişləndirməyə çağırıb. O, əlaqələrin inkişafı və beynəlxalq öhdəliklərin məsuliyyətlə yerinə yetirilməsi üçün birgə səylərin vacibliyini vurğulayıb.
Üçtərəfli görüşün müzakirə mövzuları bəlli olub...
Qeyd edək ki, bu gün keçirilməsi planlaşdırılan üçtərəfli ABŞ-Rusiya-Çin görüşündən gözləntilər böyükdür. Rusiya Prezidenti APEC-in Biznes Sammitində çıxışı zamanı deyib ki, üçtərəfli görüşdən böyük potensial faydalar gözləyir. Putin qeyd edib ki, onlar “eyni masada” fikir mübadiləsi apara və siyasət, iqtisadiyyat və təhlükəsizlik sahəsində dövlətlərarası fikir ayrılıqlarını kompromislər axtarmaqla və maraqları balanslaşdırmaqla həll edə bilərlər. “Buna görə də, Rusiya, Çin və ABŞ liderləri arasında APEC sammiti çərçivəsində planlaşdırılan qarşıdan gələn üçtərəfli görüşdən böyük potensial faydalar gözləyirəm”, - deyə Putin bildirib.
Bəlli olduğu kimi, Şençjendə planlaşdırılan üçtərəfli görüş ideyası bu ilin yayından müzaikrə edilir. Noyabrın əvvəlində Moskva, Vaşinqton və Pekin onun təşkili ilə bağlı müzakirələri intensivləşdirdilər və görüşün tarixi açıqlandı. “South China Morning Post” qəzetinin məlumatına görə, Moskva, Vaşinqton və Pekin danışıqların gündəliyini və protokolunu əlaqələndirmək üçün bir neçə həftə sərf ediblər. Nəşrin yazdığına görə, əsas mövzulardan biri nüvə silahlarının idarə edilməsi sistemlərində süni intellektin istifadəsi ola bilər. Noyabrın 16-da ABŞ Prezidenti Donald Tramp Ukraynadakı vəziyyəti Şençjendə Putin və Si Cinpinlə müzakirə etmək niyyətində olduğunu açıqlamışdı. “Ən sevdiyim mövzu - Ukrayna haqqında danışacağıq”, - deyə o bildirmişdi.
P.İSMAYILOV