Bolqarıstanda arxeoloji qazıntılar zamanı tarixi bina tapılıb

Bolqarıstanda arxeoloji qazıntılar zamanı tarixi bina tapılıb

Bolqarıstanın Rusokastro şəhərində arxeoloji qazıntılar zamanı eni 7,6 metr olan monumental bina aşkar edilib.

AZƏRTAC BTA informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Burqas Regional Tarix Muzeyi məlumat yayıb. Bildirilib ki, qala divarının yaxınlığında yerləşən tikilinin divarlarının qalınlığı 1,1 metrdir. Divarların daxili səthinin suyadavamlı məhlulla örtülməsi binanın su anbarı və ya ərzaq ehtiyatlarının saxlanması üçün istifadə edildiyini ehtimal etməyə əsas verir.

Qazıntılar zamanı Bolqarıstan çarı İvan Aleksandrın hakimiyyəti dövrünə aid gümüş sikkələr, Venesiya gümüş pulları, mis sikkələr və digər arxeoloji əşyalar da tapılıb.

Qeyd edək ki, Rusokastro orta əsrlərdə Bolqarıstanın mühüm qala şəhərlərindən biri olub. 1332-ci il iyulun 18-də burada Bolqarıstan və Bizans qoşunları arasında döyüş baş verib. Hazırda ərazi Bolqarıstanda mədəni turizmin inkişafı baxımından əhəmiyyətli arxeoloji məkanlardan biri hesab olunur.