BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) qarşıdan gələn qış mövsümündə Ukrayna, Suriya, Livan və Əfqanıstanda 9 milyon insanın soyuq hava şəraitindən qorunmaq üçün əlavə humanitar yardıma ehtiyac duyacağını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, qurum bu məqsədlə ianələrin toplanması kampaniyasına başlayıb və qış aylarında ehtiyacı olan insanlara dəstək göstərmək üçün ən azı 50 milyon dollar vəsait cəlb etməyi hədəfləyir. Bu məbləğ ötən il toplanan vəsaitdən təxminən 3 milyon dollar çoxdur.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xarici əlaqələr üzrə direktoru Dominik Heyd bildirib ki, resursların çatışmazlığı və xərclərin sürətlə artması qarşıdan gələn qış mövsümündə humanitar vəziyyəti daha da çətinləşdirir. Onun sözlərinə görə, münaqişələrdən əziyyət çəkən ölkələrdə milyonlarla insan lazımi müdafiə vasitələri olmadan sərt hava şəraiti ilə üzləşmək təhlükəsi altındadır.
Cenevrədə yerləşən qurumun məlumatına görə, dörd ölkənin hamısında qış mövsümü ilə əlaqədar ehtiyaclar böyükdür. Enerji və ərzaq qiymətlərinin kəskin artması, eləcə də istilik və yemək hazırlamaq üçün yanacağın çatışmazlığı əhalinin vəziyyətini ağırlaşdırır.
Ukraynada müharibənin beşinci qışında havanın temperaturunun mənfi 20 dərəcədən aşağı düşəcəyi gözlənilir. Bildirilir ki, mülki əhaliyə və humanitar işçilərə qarşı hücumların intensivləşməsi, elektrik enerjisinin verilməsində fasilələr müharibədən tükənmiş insanların əziyyətlərini daha da artırır.
Əfqanıstanda isə 2025-ci ilin yanvarından 2026-cı ilin iyulunadək təxminən 4 milyon nəfər Pakistan və İrandan geri qayıdıb. Onların bir çoxunun həyatını yenidən qurmaq üçün kifayət qədər maddi imkanları yoxdur.
Suriyada milyonlarla qaçqın ölkəsinə qayıtsa da, BMT əlavə maliyyə ayrılmayacağı təqdirdə onların sığınacaq, geyim və istilik yanacağı kimi əsas ehtiyaclarını qarşılamaqda çətinlik çəkəcəkləri barədə xəbərdarlıq edib.
Livanda isə qış yardımlarına təxminən 300 min nəfərin ehtiyacı olacağı proqnozlaşdırılır. Lakin maliyyə məhdudiyyətləri səbəbindən UNHCR onların yalnız yarısına yardım göstərə biləcək.
Qeyd edək ki, BMT-nin məlumatına görə, 2025-ci ilin sonunda dünyada məcburi köçkünlərin sayı 117,8 milyon nəfərə çatıb. Bu göstərici 2024-cü ildə qeydə alınan 123,2 milyon nəfərlik rekord səviyyədən bir qədər azdır.
Bununla belə, büdcənin azaldılması səbəbindən UNHCR əməkdaşlarının sayını ixtisar etməyə məcbur olub. Qurum 2026-cı il proqramlarının maliyyələşdirilməsi üçün 8,5 milyard dollar vəsait tələb etsə də, oktyabrın 9-dək bu məbləğin yalnız 3 milyard dollarını əldə edə bilib.