“Politico”: ABŞ-nin NATO müttəfiqləri Avropanın təhlükəsizlik planlarından xəbərsiz olublar

“Politico”: ABŞ-nin NATO müttəfiqləri Avropanın təhlükəsizlik planlarından xəbərsiz olublar

ABŞ-nin Avropadakı NATO müttəfiqləri Donald Tramp administrasiyasının Rusiya ilə Avropanın təhlükəsizlik arxitekturasına dair mümkün razılaşmalar planları barədə əvvəlcədən məlumatlandırılmayıblar.

AZƏRTAC xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, Tramp daha əvvəl ABŞ və Rusiyanın Ukraynada müharibənin nizamlanması ilə yanaşı, Avropada təhlükəsizlik məsələlərinə dair də razılaşmalara yaxın olduğunu bildirmişdi.

Trampın kürəkəni Cared Kuşner mümkün razılaşmaların böhran vəziyyətlərində kommunikasiya kanallarının qorunması və hərbi şəffaflığın artırılmasını nəzərdə tuta biləcəyini deyib.

Bu açıqlamalar Avropa rəsmiləri üçün gözlənilməz olub. Avropa Komissiyasının prezidentinin aparat rəhbəri Byörn Seybert məsələ ilə bağlı Aİ nümayəndələrinə brifinq keçirib. Görüşdə Avropanın təhlükəsizlik arxitekturasının avropalıların iştirakı olmadan müzakirə edilməməli olduğu vurğulanıb.

Nəşrin yazdığına görə, Avropa rəsmiləri Vaşinqtonun bu təşəbbüsü dekabr ayında Avropadakı ABŞ qoşunlarının sayına yenidən baxılması ilə əlaqələndirə biləcəyindən də narahatdırlar.

Xatırladaq ki, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas daha əvvəl Brüsselin Rusiya və ABŞ ilə Avropanın təhlükəsizlik arxitekturasını müzakirə etmək niyyətində olmadığını bildirmişdi.