“Meta” və “TikTok” İndoneziyanın müəlliflik hüququ haqqında qanununa təklif edilən dəyişikliklərə etiraz edən növbəti iri şirkətlər olub.
AZƏRTAC “Reuters”ə istinadən xəbər verir ki, bununla da hər iki şirkət daha öncə həmin qanun dəyişikliyinə etiraz edən “Google” şirkətinə qoşularaq İndoneziya hökumətinin bu təklifinə qarşı çıxan növbəti iri sosial platformalar olub.
İndoneziyada müəlliflik haqqında qanuna təklif edilən sözügedən düzəlişlər isə rəqəmsal platformaların xəbər məzmununu nümayiş etdirdiyinə görə xəbər saytına (naşir) ödəniş etməsini tələb edir və süni intellekt (Sİ) üçün yeni qaydalar müəyyənləşdirir.
Dünyada bir çox hökumətin süni intellekt texnologiyasının müəlliflik hüquqlarına təsiri, o cümlədən Sİ modellərinin təlimləndirilməsi üçün insan əməyi ilə yaradılmış əsərlərdən istifadə məsələləri ilə müzakirə olduğu bir vaxtda, bu qanun layihəsi qəbul edilərsə, İndoneziya Cənub-Şərqi Asiyada süni intellekti öz müəlliflik hüququ qanunvericiliyinə daxil edən ilk ölkə ola bilər.
Qeyd edək ki, “Google” şirkətinin meneceri Aqunq Pamunqkas parlament dinləmələrində bildirib ki, axtarış platformasında xəbər məzmununa keçidləri (linkləri) göstərdikləri üçün kompensasiya ödəmələrini tələb etmək indoneziyalıların xəbərlərə çıxışını məhdudlaşdıracaq.
“Meta”nın nümayəndəsi Berni Moestafa isə qeyd edib ki, platformaların üzərinə kompensasiya ödəmək öhdəliyinin qoyulması xəbər naşirlərinin oxucu trafikini, eləcə də potensial reklam və abunəlik gəlirlərinin azalması ilə nəticələnə bilər. Berni əlavə edib ki, oxucuları məqaləyə yönləndirmək həmin məqalənin özünü təkrar istehsal etməkdən və ya yenidən dərc etməkdən fərqlidir.
“TikTok”un İndoneziya üzrə nümayəndəsi Noudhi Valdrino isə bildirib ki, bu qərar süni intellektin məzmunundan köməkçi vasitə kimi istifadə olunduğu hallara şamil edilməməlidir.