“Boeing” və “Lockheed Martin” şirkətlərinin birgə müəssisəsi olan ULA tərəfindən hazırlanmış “Vulkan” raketi Florida ştatındakı Kanaveral kosmik qüvvələr stansiyasından kosmosa buraxıldıqdan sonra missiyasını yerinə yetirə bilməyib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, ULA-nın məlumatına görə, buraxılışdan təxminən 10 dəqiqə sonra raket uçuş zamanı anomaliya ilə qarşılaşıb və “Amazon” peyklərini orbitə çıxara bilməyib.
Bəyanatda nasazlığın səbəbinin hələ müəyyən edilmədiyi və texniki araşdırmanın başlanacağı qeyd edilib.
Raket əvvəllər əvvəlki iki uçuşu zamanı bərk yanacaqlı yan gücləndiricilərində və əsas BE-4 mühərriklərində texniki problemlərlə qarşılaşıb, nəticədə uçuşlar dayandırılıb. Bu mühərriklər “Amazon”un sahibi Ceff Bezosun kosmik şirkəti olan “Blue Origin” tərəfindən istehsal olunur.
“Amazon” 2025-ci ildən bəri 14 buraxılışda orbitə 398 ədəd “Leo” peykini yerləşdirib. Şirkət ilin sonuna qədər ilk internet xidmətini istifadəyə verməyi hədəfləyir.