Heç bir ölkə beynəlxalq öhdəliklərdən, xüsusən də Paris İqlim Sazişindən yayına bilməz. Bu qəbuledilməzdir.
AZƏRTAC xəbər verir ki, bu fikri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş 55 ölkənin parlament nümayəndələrinin iştirakı ilə COP31 çərçivəsində Antalyada keçirilən iclas zamanı səsləndirib.
Təbii fəlakətləri insanlığın təbiətə qarşı etinasız və ehtiyatsız münasibətinin nəticəsi adlandıran N.Kurtulmuş deyib: “Bu gün gənc nəsillərdən bizdən gələcəkdə nə gözlədiklərini soruşsaq, alacağımız ilk cavab, ehtimal ki, iqlim dəyişikliyi və onun yaratdığı fəlakətlərin həlli ilə bağlı tələb və xahişlər olardı. Bu səbəbdən, iqlim dəyişikliyi və ekoloji fəlakətlər beynəlxalq gündəliyin bir nömrəli maddəsi olmalıdır.
Daşqın və fırtınalardan tutmuş temperaturun yüksəlməsinə, səhralaşmaya, quraqlığa və təəssüf ki, bəşəriyyətin qarşısını ala bilmədiyi güclü meşə yanğınlarına qədər üzləşdiyimiz bütün fəlakətlərin səbəbi bəşəriyyətin özüdür. Biz onları təbii fəlakətlər adlandırsaq da, onların heç biri kortəbii şəkildə baş verməyib. Bu ekoloji fəlakətlər illərlə insanın laqeydliyinin birbaşa nəticəsidir”.
Onun sözlərinə görə, sayısı getdikcə artan ekoloji fəlakətlərin qarşısını almaq üçün bütün dövlətlər birgə proqramlar çərçivəsində səmimi və qətiyyətlə çalışmalıyıq: “Bu dünya 8 milyard insanın ortaq mülkiyyətidir. Buna görə də, bütün dövlətlər, xüsusən də ətraf mühitə ən çox zərər verən ölkələr, ekoloji fəlakətdən qorunmaq üçün səylərə tərəfdaş olmalıdırlar”.
TBMM-in sədri, həmçinin Türkiyənin ətraf mühit siyasətinə və 2053-cü ilə qədər sıfır emissiya hədəfinə diqqət çəkib.