Macarıstanda mənzil bazarında qiymət artımı yavaşlayıb, icarə haqları azalıb

Macarıstanda mənzil bazarında qiymət artımı yavaşlayıb, icarə haqları azalıb

Macarıstanda mənzil bazarında durğunluq qeydə alınır.

AZƏRTAC xəbər verir ki, oktyabrda ölkə üzrə yaşayış əmlakının qiymətləri aylıq müqayisədə cəmi 0,2 faiz artıb, Budapeştdə isə qiymətlər demək olar ki, dəyişməyib. İllik qiymət artımı sentyabrdakı 8,2 faizdən 6,9 faizə enib ki, bu da iki ildən artıq müddətdə ən aşağı göstəricidir.

Paytaxtda illik artım 1,8 faiz təşkil edib və 2023-cü ilin dekabrından bəri ən zəif nəticədir. Macarıstan Mərkəzi Statistika İdarəsi (KSH) və “ingatlan.com”un birgə icarə indeksinə görə, oktyabrda icarə haqları ölkə üzrə 1,1 faiz, Budapeştdə 1,3 faiz azalıb. Oxşar enmə 2020-ci ilin dekabrından bəri qeydə alınmayıb. Noyabrın əvvəlində Budapeştdə ikinci əl mənzillərin kvadratmetrinin median qiyməti 1,4 milyon forint (3830 avro) olub. Ən bahalı rayon beşinci, ən ucuz isə iyirmi üçüncü rayondur. İcarəyə verilən mənzillərin sayı Budapeştdə 9,4 faiz, vilayət mərkəzlərində isə 16,9 faiz azalıb.

Ekspert Laszlo Balogh bunu investisiyaların zəif gəlirliliyi və kirayəçilərin məhdud alıcılıq qabiliyyəti ilə izah edib.