Rusiyanın “Timeweb” hostinq provayderində genişmiqyaslı nasazlıq baş verib

Rusiyanın “Timeweb” hostinq provayderində genişmiqyaslı nasazlıq baş verib

Rusiyanın ən böyük hostinq provayderlərindən biri olan “Timeweb”in fəaliyyətində genişmiqyaslı nasazlıq yaranıb. Şirkətin müştəriləri veb-saytların, virtual serverlərin və bulud xidmətlərinin işində problemlərlə üzləşiblər.

AZƏRTAC xəbər verir ki, “Timeweb” yaranmış nasazlığın şəbəkə avadanlıqlarındakı problemlərlə əlaqədar olduğunu bildirib. Fasilələr Moskva və Sankt-Peterburqdakı, eləcə də Qazaxıstan, Almaniya və Niderlanddakı server platformalarını əhatə edib. “Şəbəkə problemi aradan qaldırılıb, xidmətlərin əksəriyyəti fəaliyyətini bərpa edib. Mühəndislər qalan xidmətlərin işini bərpa etməyə davam edirlər”, – deyə “Timeweb”in məlumatında bildirilir.

Noyabr ayında Rusiyanın digər provayderləri də xidmətlərində fasilələrin yarandığını bildiriblər. Noyabrın 2-də baş verən kiberhücumdan sonra “Beget” bulud infrastrukturuna aid məlumatların bir hissəsini itirib, şirkətin .ru və .рф domenlərinin qeydiyyatçısı kimi akkreditasiyası isə müvəqqəti dayandırılıb. Noyabrın 15-də provayder yeni DDoS hücumuna məruz qalıb. Şirkətin məlumatına görə, hücumun gücü saniyədə 2,1 terabitə çatıb.

Noyabrın 8-də baş verən kiberhücum “ESTT” provayderinin bulud xidmətlərinin və virtual serverlərinin işini pozub. Şirkət noyabrın 13-də bütün xidmətlərin fəaliyyətinin bərpa olunduğunu bildirib və aparılan yoxlamanın məlumat sızması hallarını aşkar etmədiyini açıqlayıb. “SpaceWeb” provayderi isə noyabrın 11-də bəzi serverlərə düşən yükün artması fonunda xidmətlərdə fasilələrin yarandığını bildirib.