Avropa Komissiyasının 2026-cı il payız proqnozuna görə, Macarıstan iqtisadiyyatı uzunmüddətli durğunluqdan sonra yenidən sürət qazanacaq.
AZƏRTAC xəbər verir ki, ölkənin ÜDM-nin cari ildə 1,8 faiz, 2027-ci ildə 2,8 faiz, 2028-ci ildə isə 2,9 faiz artacağı gözlənilir. Müqayisə üçün, Aİ üzrə artım 2026-cı və 2027-ci illərdə 1,4 faiz, 2028-ci ildə 1,5 faiz olacaq.
Bu il artımı əsasən məişət istehlakı təmin edəcək, sonrakı illərdə isə investisiya və ixrac daha çox töhfə verəcək. İşsizliyin 2028-ci ildə 4,6 faizdən 4 faizə düşəcəyi, inflyasiyanın isə bu il 2,2 faiz, 2027-ci ildə 3,4 faiz olacağı proqnozlaşdırılır. Lakin əsas risk büdcə kəsiridir. Kəsirin 2025-ci ildəki 4,7 faizdən bu il ÜDM-in 7,3 faizinə yüksələcəyi gözlənilir. 2027-ci ildə xərclərin azaldılması və vergilərin artırılması hesabına 5,2 faizə enəcək, 2028-ci ildə isə yenidən 5,3 faizə qalxacaq.
Komissiyanın məlumatına görə, dövlət borcu da 2025-ci ildəki 74,4 faizdən 2028-ci ildə 78,2 faizə çatacaq.