Cənubi Sudanda təyyarə qəzaya uğrayıb

Cənubi Sudanda təyyarə qəzaya uğrayıb

Cənubi Sudanın paytaxtı Cubada təyyarə qəzası baş verib. yeniazerbaycan.com Rusiyanın “Lenta.ru”  saytına istinadən xəbər verir ki, Cənubi Sudanda “An-26”  yük təyyarəsinin qəzaya uğraması nəticəsində pilot və ekipaj üzvləri də daxil olmaqla, 5 nəfər həlak olub.

Cuba hava limanının direktoru Kur Kuol bildirib ki, qəzaya uğrayan təyyarədə həlak olanlardan 3 nəfəri Cənubi Sudan, ikisi isə Rusiya vətəndaşıdır.

Yanacağın daşınması üçün istifadə olunan yük təyyarəsinin “Optimum Aviation Ltd” şirkətinə məxsus olduğu dəqiqləşib.

Ehtimallara görə, təyyarə komandiri qatı duman səbəbindən təhlükəsiz eniş edə bilməyib. O, tibb məntəqəsinə çatdırılsa da, aldığı xəsarətlərdən dünyasını dəyişib. İkinci pilot sağ qalıb, təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alıb.