Zəfər nəğmələri

Zəfər nəğmələri

Bu dünyanın dərdləri sanki bizə görədir,

Birindən qurtulmamış başqasını törədir.

Sülhdən dəm vuranların cəllad çıxır çoxusu,

Bütün qəsbkarların ağzında qan qoxusu...

Qara itlər qorunur, ağ atlar izlənirkən,

Qartalları vururlar, bayquşlar gizlənirkən...

Yurdun aşiqlərini seçib dən-dən vurdular,

Gözlərindən qorxanlar

ürəyindən vurdular..

Rahat uyu, şəhidim...

Yollara həsrət - həsrət dikiləndə gözlərim,

dünyanın boğazından keçməyəndə sözlərim,

Cəbhədə don tuturdu sənin ayaq izlərin...

Qış gəlirdi dağlara...

Qarabağda sazaqdı,

Səninsə gözlərindən günəşli bir yaz axdı...

Artıq nəfəsin həyat ritmindən çox uzaqdı...

Uzağa dikilmişdi o anda nəzərlərin..

Gözə vətən dəyirdi...

Qəlbin odu sönmədən ruhun gülümsəyirdi...

Rahat uyu, şəhidim...

Savaşın davam edir,

Bayrağına, himninə neçə dostun əyildi...

Gözünü itirən var,

qolu yoxdur kiminsə...

...Ruhum bu son yaradan ölüncə qan itirsə...

Sən də ordan gülümsə..

Rahat uyu, şəhidim...

 

BU ZƏFƏRİN MÜBARƏKDİR, EY VƏTƏN

Qış günündə üzdə çiçək açdıran,

Gecəmizə gün işığı saçdıran,

Yağıları el-obadan qaçdıran

Bu zəfərin mübarəkdir, ey vətən!

Səman geniş hey uçduqca uçasan,

Torpağını ana kimi qucasan,

Qələbənlə Qaf dağından ucasan,

Bu zəfərin mübarəkdir, ey vətən!

Olmaz imiş, sözdür, dostu düşənin,

Dostu aldı qəlbin “qəlbişüşənin”,

Söylənəcək yüz il fəthi Şuşanın,

Bu zəfərin mübarəkdir, ey vətən!

Haqq deyənlər, haqq yolundan azdılar,

Tarix boyu sənə quyu qazdılar,

..Oğulların şanlı tarix yazdılar,

Bu zəfərin mübarəkdir, ey vətən!

Qürurluydu bu Qarabağ səfəri...

Bu torpağın hər oğlu, hər nəfəri,

Qanımızla qazanmışıq zəfəri,

Bu zəfərin mübarəkdir, ey vətən!

Şuşamızda dağlar başı dumanlı,

Daha bir də kimsə olmaz gümanlı,

Qazin rəşadətli, Şəhidin sanlı,

Bu zəfərin mübarəkdir, ey vətən!

Xarı bülbül gələr bu yaz, səcdənə,

Dursam min il, yenə də az, səcdənə,

Dayanıbdı bütün Qafqaz səcdənə,

Bu zəfərin mübarəkdir, ey vətən!

 

Adilə Nəzər

 

***

 

İllərlə səbr edib dözdü xalqımız,

Bilirdi bu həsrət bir gün bitəcək.

Qarabağ düşməndən azad edildi,

Azərbaycan, zəfər günün mübarək!

   

Bilsin şəhidlər və bilsin qazilər:

Tökülən o qanlar olmadı hədər.

44 günə oldu möhtəşəm zəfər,

Qarabağ bizimdi, hamı biləcək.

Azərbaycan, zəfər günün mübarək!

Qanla tarix yazdı şanlı ordumuz,

Zəfərlə taclandı milli ruhumuz.

Özünə qayıtdı cənnət yurdumuz,

Qarabağım çiçəklənəcək.

Azərbaycan, zəfər günün mübarək!

   

Dastan yazdı hər zabitin, əsgərin,

Dağıtdı düşmənin postun, səngərin.

Qarşında diz çökdü mənfur düşmənin,

Hər zaman qarşında tir-tir əsəcək.

Azərbaycan, zəfər günün mübarək!

   

Var xalqımın müzəffər sərkərdəsi,

Qılıncdan itidi onun kəlməsi.

Bəs eyləyər döyüş əmri verməsi,

Dəmir yumruq yenidən birləşəcək.

Azərbaycan, zəfər günün mübarək!

   

Minlərlə şəhidlər, bunca qazilər,

Nə də gördüyümüz o faciələr...

Nə qədər üstündən keçsə də illər,

Heç vaxt yaddaşlardan silinməyəcək.

Azərbaycan, zəfər günün mübarək!

   

Elxanoğlu deyir - Gəlin, səbr edək,

Otuz il dözmüşük, beş il də dözək.

Yenə də düşmənlər ağıllanmasa,

Ordumuzu İrəvanda görəcək.

Azərbaycan, zəfər günün mübarək!

 

Elvin Elxanoğlu

 

***

 

Səhra könülləri bağa döndərən

Xəbər sevgisidir Vətən sevgisi.

“Lələtəpə”ləri dağa döndərən

Zəfər sevgisidir Vətən sevgisi.

 

Üzünə qələbə günəşi gülər,

Qəlblərə məhəbbət şəfəqi çilər,

Güllərdən boylanar, göylərdən gələr,

Səhər sevgisidir Vətən sevgisi.

 

Halal süfrəmizdir bu Mil, bu Muğan,

Vətən ər böyüdən, Ana - ər doğan!

İgid babaların bizə ərməğan,

Özəl sevgisidir Vətən sevgisi.

 

Odur sevdamızın ruhuna qanad,

Bir dəmir qəfəsdir onsuz bu həyat.

Bu Göygöl, Maralgöl, Marxal, Batabat,

Xəzər sevgisidir Vətən sevgisi.

 

Baş olsun! - Çəkməsin başım çəkəni,

Torpağım çəkəni, daşım çəkəni,

Yazağzı “Sərsəng”dən daşıb güclənir,

Tərtər sevgisidir Vətən sevgisi.

 

Kor olsun bu günü görə bilməyən,

“Can” deyib canını verə bilməyən!..

Qisas almayınca qına girməyən,

Xəncər sevgisidir Vətən sevgisi.

 

Onun hər tərəfi, hər yanı səngər,

Uçqunu, daşqını, yarğanı səngər.

Döşəyi səngərdir, yorğanı səngər,

Səngər sevgisidir Vətən sevgisi.

Özünü şəhidlik oduna atan,

Solduqca çoxalan, öldükcə artan,

Vətən bayrağına bükülüb yatan,

Əsgər sevgisidir Vətən sevgisi.

 

Əşrəf Veysəlli

***

 

Köksümüzün üstündə bir vətən daşıyırıq,

Qalibiyyət qazanıb qürurla yaşayırıq,

İndi artıq hamımız vətənə oxşayırıq,

Azərbaycan yaşayır!!! Yaşasın Azərbaycan!!!

 

Bu millət cəsurların hünərindən ruhlanır,

Atdıqları addımla zirvələrə yollanır,

Uğurları tükənməz qələbədə canlanır,

Azərbaycan yaşayır!!! Yaşasın Azərbaycan!!!

 

Öz qızı, öz oğluyla Azərbaycan öyünür,

Qəhrəman insanları döyüş ruhu geyinir,

Bu xalqın ürəyində Azərbaycan döyünür,

Azərbaycan yaşayır!!! Yaşasın Azərbaycan!!!

 

Yurdumuz öz xilaskar Oğluna arxalandı,

Bayrağımız hər qarış torpaqda dalğalandı,

Hər Vətən övladının nəfəsində, canında,

Azərbaycan yaşayır!!! Yaşasın Azərbaycan!!!

 

Yaşamaq nə çətinmiş qəfəslərin içində,

Qarabağ nəfəs alır nəfəslərin içində,

BİZ QALİBİK - hayqıran gur səslərin içində,

Azərbaycan yaşayır!!! Yaşasın Azərbaycan!!!

 

Uğrunda qan tökülən torpaq gözləri üstə,

Ürəklər, canlar, ruhlar durub sözləri üstə,

Yenə dua edilir qalib dizləri üstə,

Azərbaycan yaşayır!!! Yaşasın Azərbaycan!!!

 

Şəhidlərin ruhunun şad olan məqamıdır,

Hər damla qanı belə torpağa salamıdır,

Yurdumuz qəhrəmanlar, igidlər məkanıdır,

Azərbaycan yaşayır!!! Yaşasın Azərbaycan!!!

 

Həsrəti, ayrılığı öz haqqıyla pozur O,

Dönə-dönə qələbə müjdəsinə hazır O,

Tarixinin möhtəşəm tarixini yazır O,

Azərbaycan yaşayır!!! Yaşasın Azərbaycan!!!

 

***

 

Bütün dünyanın dilində hünərini danışdıran,

Yatıb qalan beyinləri düşünməyə çalışdıran,

Sən OĞULSAN.

 

Hamımızın ürəyinə ürəklə yol çəkdirmisən,

Bizə əyri baxanları dizi üstə çökdürmüsən,

Sən OĞULSAN.

 

Tək deyilsən, Ordun da var, səni sevən Xalqın da var,

Qələbələrə aparan əzmin də var, andın da var,

Sən OĞULSAN.

 

Bu müqəddəs torpaqları alacağıq dedin - aldın,

Düşmənləri Yurdumuzdan qovacağıq dedin - qovdun,

Sən OĞULSAN.

 

“Mən qaçqın deyiləm” - deyən yurddaşını sevindirən,

Ümidləri, arzuları bu gerçəkliyə döndərən,

Sən OĞULSAN.

Bu millət sənə inanır, əsl Vətən Övladısan,

Xalqın dostu, sirdaşısan, möhtəşəm tarix yazırsan,

Sən OĞULSAN.

 

Bir gözümüz ağlasa da, bir gözümüzü güldürən,

Bizim Qarabağımızdan düşmən izini sildirən,

Sən OĞULSAN.

 

Xalqın səni qucaqlayıb bağrına basmaq istəyir,

Hamı üçrəngli bayrağı Şuşadan asmaq istəyir,

Sən OĞULSAN.

OĞLUMUZSAN.

 

***

 

Kimi tüfəng, kimi ürək, kimi hirslə döyüşdədir,

Əsirlikdə olan torpaq əsgəriylə görüşdədir,

Ədalətin qələbəsi, zəfərləri yürüşdədir,

Vətən oğlu, igid əsgər, torpaqları al geri dön,

Bu millətin, bu Vətənin Qəhrənamı ol geri dön.

 

Ölkəmiz ayaq üstədi, ürəklər Yurdla döyünür,

Kiçikdən böyüyə kimi döyüş ruhunu geyinir,

Elə bir Ordumuz var ki, xalq öz Oğluyla öyünür,

Vətən oğlu, igid əsgər, qələbələr çal geri dön,

Bu millətin, bu Vətənin Qəhrəmanı ol geri dön.

 

Yumruq kimi sıxılaraq bir nöqtəyə vurduq artıq,

Düşmənlərin belini də bu hücumla qırdıq artıq,

Yurdumuza xor baxanın bağrını da yardıq artıq,

Vətən oğlu, igid əsgər, yurduna iz sal geri dön,

Bu millətin, bu Vətənin Qəhrəmanı ol geri dön.

 

İndi bu Ulu diyarın böyük imtahan günüdür,

Haqsızlığın körpüsünü, sədləri yıxan günüdür,

Qılıncların da qınından sıyrılıb çıxan günüdür,

Vətən oğlu, igid əsgər, bu tarixdə qal geri dön,

Bu millətin, bu Vətənin Qəhrəmanı ol geri dön.

 

Bu həyəcan, bu yüksəliş damarlarda qan deməkdir,

Hər bir qarış torpağımız canımızda can deməkdir,

Bu üsyanın özü, odu can Azərbaycan deməkdir,

Vətən oğlu, igid əsgər, sənə yaxşı yol, geri dön,

Bu millətin, bu Vətənin Qəhrəmanı ol geri dön.

 

Kimi tüfəng, kimi ürək, kimi hisslə döyüşdədir,

Əsirlikdə olan torpaq azadlıqla görüşdədir,

Ədalətin qələbəsi, zəfərləri yürüşdədir,

Vətən oğlu, igid əsgər, torpaqları al geri dön,

Bu millətin, bu Vətənin Qəhrəmanı ol geri dön.

 

Xanım İsmayılqızı

 

* * *

 

Min şəhər adı var dillər əzbəri,

Adların ən üstün adıdı Şuşa.

Musiqi notudur cüt hecasıyla: Şu-Şa

Dilimin şəhdidir, dadıdı Şuşa.

 

Ciyərdə nəfəsdir, damarda qandır,

Ruha qanad verən sirli məkandır,

Biri beş edəndir, güc artırandır,

Qoşundur, əsgərdir, ordudur Şuşa.

 

Qoynuna hər gələn yüz xəyal eylər,

Qıraqda qalanlar qeylü-qal eylər,

Birini coşdurar, birin lal eylər,

Tilsimdir, ovsundur, cadudur Şuşa.

 

Rəşad Məcid