Ədəbi aranjiman dövrü

Ədəbi aranjiman dövrü

Təkcə musiqidə deyil, Ədəbiyyatda da yeni münasibətlər yaradır.

Musiqidə yeni aranjiman dövrü ətrafına milyonlarla insan yığıb. İçimizdəki səslər özümüzdən qaçıb oraya dolub. Rotot elə için-için oxuyur ki, bir müddət bu həzin melodiyalara “aşiq” olursan. O özü hər şeyi əzbərləyir, yenidən aranjiman edir, öz “daxili səsini” botuna (robot sözünün qısaldılmış forması, internet və ya kompüter sistemlərində müəyyən alqoritmlər əsasında yaradılmış, insan müdaxiləsi olmadan, avtomatlaşdırılmış tapşırıqları yerinə yetirən xüsusi proqram təminatı) yerləşdirir, əsər yaradır.

Əslində bu üsullar az qala ötən əsrin ortalarından baş qaldıran aranjiman dövrünün təkrarlanmasıdır. Bu dəfə onu insan yox, robot, Sİ (Süni İntellekt) həyata keçirir, hətta satışa çıxarıb yaxşıca mənfəət əldə edir. Məsələn, amerikalı müəllif Cenifer Salay bu yaxınlarda ABŞ-da baş vermiş qəribə hadisədən bəhs edir: “2017-2024-cü illər arasında Şimali Karolina sakini Maykl Smit dünya nəhəngi olan məşhur musiqi platformasında minlərlə bot hesabı qeydiyyatdan keçirərək həmin botlara Sİ-dən istifadə etməklə hazırladığı yüz minlərlə mahnını yayımlamağı tapşırır. Bir qrup “fədakar” bot digər bir qrup “istedadlı” botun mahnılarını dinləyərək yayımlanan mahnılara görə Maykl Smitə 8 milyon dollar qazandırır... Bu yaxınlarda Maykla 18 ay həbs cəzası veriblər.... Amerika mədəniyyəti... innovasiyaya pərəstiş edir... Axı necə oldu ki, bu innovasiya  deyilən nəsnə Amerikanın ən böyük reketinə çevrildi?”

“Aranjiman” (arranger-fr. və ya  arranqieren-alm.) feildir, fransız və alman mənşəli ifadədir. Hazır musiqi əsərini ilkin formasından fərqli olaraq tərtib etmək, dəyişdirmək, uyğunlaşdırmaq mənasını verir.

Ümumiyyətlə, hazır musiqi, hazır əsər nədir, o necə yaranır, necə yaranmalı və nə cür müəyyənləşdirilməlidir? Bu da hipotetik sualdır. Aranjimanın sırf musiqiyə aid edilməsi isə mübahisə də doğura bilər. Belə ki riyaziyyatda olan “aranjeman”  da elementlər çoxluğunda, müəyyən qaydaya uyğun olaraq, aparılan yerdəyişmə və düzülüş formalarını ifadə edə bilir. Hər şey riyaziyyatdırsa, Ədəbiyyat niyə olmasın? 

Gərək, ədəbi tənqidimiz yeni bir Ədəbiyyat termini də yaratsın. Çünki Sİ və Robotlar iş başındadır. Və bu hər nədirsə, “imitasiya” (yamsılama, bənzətmə), hətta təsirlənmə də deyil. Kitab sənayesinin gələcəyini müəyyənləşdirə bilər. Əsərlə imitasiyanın sərhədlərini qarışdırar. Təkcə ağı-qaradan ayırmaq üçün yox, təsnifatlaşma naminə ədəbi tənqid termini tapılmamalıdırmı? “İmitasiya” özünü doğrultmadı, məsələn, “litaranjeman” olsun?

Məqsəd Nur