Ölkəmizin qarşısında yeni hədəflər dayanır

Ölkəmizin qarşısında yeni hədəflər dayanır

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışı yeni hədəf və vəzifələri müəyyənləşdirir

Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayında çıxışı ölkəmizin keçdiyi tarixi yolun, qazanılan şanlı Zəfərin və qarşıda dayanan vəzifələrin geniş siyasi mənzərəsini ifadə edir. Azərbaycan artıq yeni bir mərhələyə qədəm qoyub. Ərazi bütövlüyünün və suverenliyin tam bərpası ilə ölkəmizin qarşısında yeni siyasi, iqtisadi və geosiyasi imkanlar açılıb. İndi əsas məsələ əldə edilmiş nailiyyətləri qorumaq, Azərbaycanın gücünü daha da artırmaq və yeni reallıqlardan milli inkişaf naminə səmərəli istifadə etməkdir.

Hərbi gücün artırılması təhlükəsizliyimizin təminatıdır

Bu gün Azərbaycanın qarşısında yeni hədəflər dayanır. Zəfəri qorumaq və onun nəticələrini möhkəmləndirmək üçün hərbi gücün daha da artırılması əsas prioritetlərdən biri kimi müəyyən edilir. Dünyada gedən proseslər, yeni münaqişə ocaqlarının yaranması və beynəlxalq təhlükəsizlik mexanizmlərinin zəifləməsi göstərir ki, hər bir dövlət ilk növbədə öz təhlükəsizliyinə özü təminat verməlidir. Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi də məhz bu reallıqdan irəli gəlir. Burada mühüm məqam ondan ibarətdir ki, Azərbaycan gücünü müharibə üçün deyil, sülhün təminatı üçün artırır. Bu gün ölkəmiz Ermənistanla sülh prosesini davam etdirir, sərhədlərdə vəziyyət sabitdir və iqtisadi əlaqələrin qurulması istiqamətində də addımlar atılır. Lakin sülhün dayanıqlı olması üçün Azərbaycanın öz təhlükəsizliyini təmin edəcək gücə malik olması vacibdir. Güclü dövlət həm öz suverenliyini qoruyur, həm də sülhün şərtlərini daha etibarlı şəkildə təmin edə bilir. Müasir dövrdə təhlükəsizlik anlayışı yalnız ordu və sərhədlərlə məhdudlaşmır. İnformasiya texnologiyalarının sürətli inkişafı ideoloji təhlükəsizliyi də dövlət siyasətinin mühüm istiqamətinə çevirib. Sosial şəbəkələr, süni intellekt və müxtəlif informasiya platformaları vasitəsilə cəmiyyətlərə təsir imkanları əvvəlkindən daha genişdir. Buna görə də Azərbaycan cəmiyyətinin informasiya manipulyasiyalarından qorunması, xüsusilə gənclərin düzgün və obyektiv informasiya ilə təmin edilməsi mühüm vəzifədir. Prezidentin bu məsələdə təhsilə və vətənpərvərliyə xüsusi əhəmiyyət verməsi təsadüfi deyil. Təhsilli, dünyagörüşlü və milli dəyərlərinə bağlı cəmiyyət müxtəlif ideoloji təxribatlara qarşı daha dayanıqlı olur. Bu baxımdan müasir ideoloji siyasətin əsas vəzifəsi yalnız görülən işləri təbliğ etmək deyil, həm də vətəndaşa həmin işlərin mahiyyətini, dövlət siyasətinin məqsədini və Azərbaycanın milli maraqlarını düzgün izah etməkdir. Məhz bu mərhələdə Yeni Azərbaycan Partiyasının qarşısında da yeni vəzifələr yaranır. Partiya fəalları təbliğat prosesində daha aktiv olmalıdır.

Cəmiyyətdə sabitliyi qoruyan əsas amil...

Müasir dünyanın siyasi mənzərəsi göstərir ki, təhlükəsizlik və sabitlik hər bir dövlət üçün ən mühüm strateji dəyərlərdəndir. Münaqişələrin, geosiyasi qarşıdurmaların və yeni risklərin artdığı bir vaxtda insanların sakit və təhlükəsiz şəraitdə yaşaması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın bugünkü sabitliyi də təsadüfi deyil. Bu sabitlik ardıcıl dövlət siyasətinin, güclü müdafiə imkanlarının, dayanıqlı institutların və milli həmrəyliyin nəticəsidir. Azərbaycan Prezidentinin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında təhlükəsizlik dövlət siyasətinin əsas prioritetlərindən biri kimi önə çəkilib. Prezident İlham Əliyev ölkədə əldə olunmuş sabitliyin qorunmasının daim diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğulayıb. Bu yanaşma göstərir ki, təhlükəsizlik anlayışı yalnız hərbi müdafiə ilə məhdudlaşmır. İnformasiya və kibertəhlükəsizlik, ideoloji təsirlər, dezinformasiya, eləcə də cəmiyyətdə qarşıdurma yaratmağa yönəlmiş cəhdlər də milli təhlükəsizliyin mühüm tərkib hissələridir. Azərbaycanın kibertəhlükəsizlik sahəsində idarəetmə mexanizmlərini gücləndirməsi də yeni çağırışlara uyğun siyasətin zəruriliyini təsdiqləyir. Təhlükəsizliyin əsas şərtlərindən biri dövlətin milli maraqlarını müstəqil şəkildə müəyyənləşdirmək və qorumaq imkanına malik olmasıdır. Azərbaycanın son illərdə formalaşdırdığı çoxşaxəli imkanlar ölkənin xarici təsirlərə qarşı dayanıqlığını artırıb. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan gücləndikcə və daha fəal müstəqil siyasət apardıqca ona qarşı təzyiqlərin artması mümkündür. Buna görə də dövlət yalnız mövcud təhlükələrə reaksiya verməklə kifayətlənməməli, potensial riskləri əvvəlcədən müəyyənləşdirərək onların qarşısını almağa hazır olmalıdır. Güclü dövlət anlayışını yalnız hərbi qüdrətlə izah etmək düzgün olmazdı. Güclü dövlət, eyni zamanda, cəmiyyətdə sabitliyi qoruyan, iqtisadi dayanıqlığını təmin edən, informasiya məkanında öz mövqeyini müdafiə edən və milli maraqlarını beynəlxalq münasibətlər sistemində ardıcıl şəkildə ifadə edən dövlətdir. Müasir təhlükəsizlik isə əməkdaşlığı da zəruri edir. Azərbaycanın bugünkü sabitliyi ölkənin keçdiyi mürəkkəb tarixi yol fonunda daha aydın görünür. Vaxtilə təhlükəsizliyi və ərazi bütövlüyü ciddi təhdidlərlə üzləşən Azərbaycan bu gün suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş, regionda təsir imkanlarını genişləndirmiş dövlət kimi çıxış edir. Bu nailiyyətlər təhlükəsizlik siyasətinin davamlı və uzunmüddətli olmasını tələb edir.

Azərbaycan öz tarixinin yeni səhifəsini yazır

Mövcud sabitliyin qorunması yalnız dövlət strukturlarının deyil, bütün cəmiyyətin məsuliyyətidir. Milli həmrəylik, dövlətçilik düşüncəsi, vətəndaş məsuliyyəti və informasiya savadlılığı milli dayanıqlığın əsas dayaqlarıdır. Xüsusilə rəqəmsal mühitdə vətəndaşların dezinformasiyanı və təxribat xarakterli çağırışları düzgün qiymətləndirməsi böyük əhəmiyyət daşıyır. Cəmiyyətin informasiya təsirlərinə qarşı hazırlıqlı olması dövlətin ümumi təhlükəsizlik imkanlarını da gücləndirir. Təhlükəsizlik və sabitlik, eyni zamanda, davamlı inkişaf üçün möhkəm zəmin yaradır. Təhlükəsiz ölkədə iqtisadiyyat inkişaf edir, investisiya imkanları genişlənir, sosial layihələr həyata keçirilir və insanlar gələcəyə daha böyük inamla baxırlar. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri də məhz belə sabit mühitin nəticəsidir. Prezidentin çıxışında təhlükəsizliklə yanaşı, bu ərazilərin bərpası və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasının dövlət büdcəsinin prioritetləri sırasında qeyd edilməsi də bunu təsdiqləyir.

Beləliklə, Azərbaycanın bugünkü reallığında təhlükəsizlik yalnız dövlət siyasətinin istiqamətlərindən biri deyil, ölkənin gələcək inkişafının əsas şərtidir. Bütün bunların fonunda Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yalnız keçmişə verilən siyasi qiymət deyil, həm də gələcəyə baxışdır. Azərbaycanın Zəfərlə başa vurduğu uzun və mürəkkəb mərhələdən sonra qarşısında daha böyük inkişaf imkanları açılıb. Bu imkanlardan səmərəli istifadə etmək, əldə edilmiş tarixi nəticələri dönməz və davamlı uğurlara çevirmək qarşıdakı dövrün əsas siyasi vəzifəsidir. Azərbaycan artıq öz tarixinin yeni səhifəsini yazır və bu səhifənin əsas məzmununu güclü dövlət, dayanıqlı sülh, iqtisadi inkişaf, milli həmrəylik və daha yüksək beynəlxalq nüfuz təşkil edir.

Nardar BAYRAMLI