Bakı qlobal güc mərkəzləri ilə bir masada...

Bakı qlobal güc mərkəzləri ilə bir masada...

Azərbaycanın G20-yə dəvət edilməsi beynəlxalq nüfuzun və artan geostrateji əhəmiyyətin təsdiqidir

Azərbaycanın xarici siyasət strategiyası qarşılıqlı faydalı əməkdaşlıq, etibarlı tərəfdaşlıq və kollektiv təhlükəsizlik prinsiplərinə əsaslanır. Dünyada geosiyasi qüvvələr nisbətinin dəyişdiyi, iqtisadi əlaqələrin yeni məzmun aldığı və dövlətlərarası rəqabətin gücləndiyi indiki mərhələdə Bakı çevik diplomatik yanaşması, təşəbbüskarlığı və praqmatik qərarları ilə seçilir. Ölkəmizin beynəlxalq nüfuzunu artıran mühüm xüsusiyyətlərdən biri regional maraqları qlobal əməkdaşlıq gündəliyi ilə uzlaşdırmaq bacarığıdır. Enerji təhlükəsizliyi, nəqliyyat-logistika bağlantıları, ərzaq təminatı, rəqəmsallaşma və yaşıl enerji sahələrində irəli sürülən təşəbbüslər Azərbaycanın çoxtərəfli münasibətlər sisteminə verdiyi töhfənin miqyasını göstərir.

Paralel olaraq, xarici siyasət kursunda əməkdaşlıq, tərəfdaşlıq və kollektiv təhlükəsizlik prinsiplərini əsas götürən Azərbaycan dəyişən beynəlxalq münasibətlər sistemində öz mövqelərini daha da möhkəmləndirir. Azərbaycanın coğrafi mövqeyi, enerji və nəqliyyat imkanları, Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynaması beynəlxalq proseslərdəki əhəmiyyətini daha da artırır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin qarşılıqlı maraqlara, suverenliyə hörmətə və bərabərhüquqlu tərəfdaşlığa söykənməsi ölkəmizin beynəlxalq nüfuzunu gücləndirən başlıca amillərdəndir. Təsadüfi deyil ki, Azərbaycan artıq qlobal qərarların və çağırışların müzakirə olunduğu mühüm platformalarda fəal təmsil olunur, eyni zamanda, belə platformaların fəaliyyətinə real töhfələr verir. Bunun ən son nümunələri Bakının Mərkəzi Asiya məşvərət məclisinə üzv seçilməsi, o cümlədən oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə toplantısıdır. Azərbaycanın sədrliyi dövründə təşkilatın institusional inkişafına, rəqəmsallaşma, nəqliyyat bağlantıları və dayanıqlı iqtisadi artım istiqamətlərində əməkdaşlığa mühüm töhfələr verilib. Zirvə toplantısında Azərbaycanın sədrliyinin 2026-2028-ci illər üçün uzadılması ölkəmizə göstərilən etimadın növbəti təsdiqidir. Digər beynəlxalq platformalarda həyata keçirilən təşəbbüslər bu diplomatik xəttin davamlılığını təsdiqləyir.

Bu mənada, Azərbaycanın mühüm qərarların veriləcəyi, o cümlədən qlobal proseslərin müzakirə olunacağı masalara dəvət olunması artıq təbii hal kimi qəbul olunur. Böyük güclər tərəfindən təqdir olunan orta güc statumuz bizi beynəlxalq aləmin mühüm bir parçasına çevirib. Beləliklə, Azərbaycanın bir muüddət sonra ABŞ-ın Mayami şəhərində keçiriləcək G20 toplantısına dəvət alması da aparılan siyasi xəttin nəticəsidir. Qeyd edək ki, bu ilin avqustun 8-də Prezident İlham Əliyevlə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp arasında telefon danışığı zamanı dövlət başçımız G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür etmiş, bunu, ölkəmizə olan xoş münasibətin təzahürü kimi qiymətləndirmişdi.

Vurğulandığı kimi, Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp tərəfindən G20 sammitinə dəvət edilməsi Azərbaycanın beynəlxalq siyasi və iqtisadi proseslərdə artan rolunun göstəricisidir. Bütün bunlar təsdiqləyir ki, Bakı artıq yalnız əməkdaşlıq təşəbbüslərinin iştirakçısı deyil, həm də yeni çoxtərəfli münasibətlər sisteminin formalaşmasına istiqamət verən aktorlardan biridir.

Orta güc statusunun təsdiqi - Bakı qlobal arenada

Azərbaycan dövləti xarici siyasət kursunda ikitərəfli əlaqələr qədər çoxvektorlu münasibətlərə də xüsusi əhəmiyyət verir.  Bu kursun ən mühüm dayaqlarından biri çoxtərəfli əlaqələrin inkişafı, beynəlxalq və regional təşkilatlarla əməkdaşlığın gücləndirilməsidir - ölkəmiz təmsil olunduğu hər bir beynəlxalq platformada fəallığı və təşəbbüskarlığı ilə seçilir, qlobal miqyasda əhəmiyyətli aktor kimi qəbul olunur. Azərbaycanın iqtisadi əməkdaşlığa verdiyi töhfələr, enerji təhlükəsizliyində oynadığı rol, nəqliyyat dəhlizlərinin inkişafında yaratdığı imkanlar və qlobal təhlükəszlik prizmasından Cənubi Qafqazda sülh gündəmini reallaşdırması bu fəallığın konkret göstəriciləridir.

Eyni zamanda, Azərbaycanın yeni mərhələdə formalaşan iqtisadi-siyasi, ticari münasibətlər sisteminə verdiyi töhfələr beynəlxalq aləmdə yüksək dəyərləndirilir. Ərazi baxımından kiçik olsa da, Azərbaycanın dünyada cərəyan edən iqtisadi-ticari proseslərə aktiv müdaxilə imkanı mövcuddur. Nəticə isə göz önündədir - bu gün ABŞ, Avropa, Yaxın və Orta Şərq, ərəb-islam dünyası, Mərkəzi Asiya, Uzaq Şərq, Çin, hətta Qlobal Cənubin (Afrika) təmsilçiləri də Azərbaycanın apardığı uğurlu siyasətin dəstəkçisi, tərəfdaşı kimi çıxış edir. Beləliklə, Azərbaycanın beynəlxalq aləmlə əlaqələri və əməkdaşlıq coğrafiyası genişlənməkdədir.

Azərbaycanın yaratdığı reallıqlar yeni inteqrasiya sistemi formalaşdırır

Azərbaycanın bu cur xüsusi anlam daşımasının arxısında isə arqumentlər və faktlar dayanır. 2020-ci ildən başlayaraq formalaşan yeni dünya düzəni özündə əsas etibarı ilə iqtisadi şəkilləndirməni ehtiva etməkdədir - yeni dünya “yol strategiyası”na əsaslanaraq özünün ticari doktrinasını formalaşdırır. Azərbaycan da bu gün ən əhəmiyyətli qovşaqlardan biri kimi Avrasiyanın mərkəzində birləşdirici funksionallıq daşıyır. Orta Dəhliz vasitəsilə Qərbi Şərqə bağlayan, Mərkəzi Asiya ilə Kiçik Asiyanı qovuşduran, oradan isə Avropa məkanına inteqrasiyanı reallaşdıran Azərbaycan böyük bir anlamda ticari körpüyə çevrilib. İstər enerji, istərsə də digər sahələrin inkişafı üçün əsas meyara çevrilmiş Azərbaycan öz üstünlüklərini məharətlə iqtisadi dividendə çevirir - dünyanın bizimlə birgə olmasının ən əsas amili isə odur ki, biz bu dividendi lokal deyil, qlobal müstəvidə dəyərləndiririrk. Başqa sözlə, Azərbaycanın yaratdığı bu mənzərədən bütün dünya iqtisadi - ticari baxımdan bəhrələnir. Qeyd olunduğu kimi, müəyyənləşdirilən və həyata keçirilən xarici siyasət kursu özündə qlobal həmrəyliyi və beynəlxalq əməkdaşlığı birləşdirməklə yanaşı, yeni layihələrin formalaşdırılmasını və təbliğini də ehtiva edir. Bütün bunların fonunda isə Bakı tranzit xarakterli mühüm bir regionda təhlükəsizlik amilini gücləndirir, iqtisadi münasibətlərdə yalnız şəffaflığa və dürüstlüyə, dotsluğa əsaslanan tezisləri ortaya qoyur, coğrafi imkanlarını yaxın-uzaq tərəfdaşları üçün səmərəli istifadə halına gətirir, istər ənənəvi, istərsə də yeni enerji mühitində etibarlı tərəfdaş kimi özünü sübut edir. Bütün bunlar isə Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki hazırki uğurlu yerini müəyyənləşdirir.

G20 - qlobal təsirə malik güc...

Qeyd edək ki, G20 və ya İyirmilik Qrup 19 ölkəni və Avropa İttifaqını (Aİ), eləcə də 2023-cü ildən Afrika İttifaqını birləşdirən hökumətlərarası forumdur. Ümumilikdə, dünya iqtisadiyyatının təxminən 85 faizini, qlobal ticarətin isə 75 faizini əhatə edən G20 beynəlxalq iqtisadi münasibətlərin formalaşmasında aparıcı platformalardan biridir.” Əlavə olaraq, G20 dünya əhalisinin təxminən üçdə ikisini əhatə edir. Qrupa ölkə olaraq Argentina, Avstraliya, Braziliya, Birləşmiş Krallıq, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Kanada, Çin, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, ABŞ, Türkiyə, Fransa, Koreya Respublikası, Cənubi Afrika Respublikası və Yaponiya daxildir.

G20 1990-cı illərin sonlarında baş verən Asiya maliyyə böhranına və inkişaf etməkdə olan bazar iqtisadiyyatlarının qlobal iqtisadi müzakirələrdə iştirakının təmininə uyğun olaraq yaradılıb. 2008-ci ildən əvvəl qrup yüksək səviyyəli zirvə görüşləri keçirmirdi - onun əsas fəaliyyəti maliyyə nazirlərinin və mərkəzi bank rəhbərlərinin illik görüşləri idi. Bu gün G20 zirvə görüşləri beynəlxalq maliyyə və iqtisadi sistemlə bağlı məsələlər üzrə əməkdaşlıq və məsləhətləşmələr üçün qlobal forum kimi xarakterizə olunur.

Qrupun təsis konfransı 15-16 dekabr 1999-cu il tarixlərində Berlində keçirilib. Qrup, inkişaf etməkdə olan ölkələrlə əsas iqtisadi və maliyyə siyasəti məsələləri üzrə dialoq aparmaq üçün yeddi aparıcı sənaye ölkəsinin - Birləşmiş Krallıq, İtaliya, Kanada, ABŞ, Almaniya, Fransa və Yaponiyanın maliyyə nazirlərinin təşəbbüsü ilə yaradılıb.

G20 Antiböhran Zirvəsi 14-15 noyabr 2008-ci il tarixlərində Vaşinqtonda qlobal maliyyə böhranı ilə bağlı məsələləri müzakirə etmək üçün keçirilib.

2009-cu il sammitində G20 özünü beynəlxalq iqtisadi və maliyyə əməkdaşlığının əsas məkanı elan etdi. Qrupun nüfuzu sonrakı onillikdə yüksəldi və o analitiklər tərəfindən əhəmiyyətli qlobal təsirə malik kimi güc kimi tanınır. Siyasi mütəxəssislər G20-ni İkinci Dünya Müharibəsindən sonrakı iqtisadi siyasətin beynəlxalq koordinasiyasına yönəlmiş sonuncu təşəbbüs kimi xarakterizə edir. G20-nin əsas diqqət yetirdiyi məqam qlobal iqtisadiyyatın idarə olunmasıdır. Sammitin mövzuları ildən-ilə dəyişir. 2008-ci ildə Vaşinqtonda  keçirilən debüt sammitindən 2011-ci il sammitinə qədər görüşlər ildə iki dəfə keçirilib.

Azərbaycanın G20-yə dəvəti dünya nizamında orta güclərin rolunun artmasının nümunəsidir

Azərbaycan üçün G20 platforması iqtisadiyyatın diversifikasiyası, investisiyaların cəlbi, enerji və nəqliyyat layihələrinin təşviqi baxımından yeni imkanlar yaradır. Bakı burada Orta Dəhliz, Zəngəzur dəhlizi, enerji təhlükəsizliyi, yaşıl enerji və rəqəmsal transformasiya kimi təşəbbüslərini dünyanın aparıcı iqtisadiyyatlarının diqqətinə çıxara bilər. Bu isə Azərbaycanın geoiqtisadi əhəmiyyətini daha da artırır.

Daha geniş mənada, Azərbaycanın G20-yə dəvəti dünya nizamında orta güclərin rolunun artmasının da nümunəsidir. Bakı böyük güclər arasında seçim etmək əvəzinə müxtəlif güc mərkəzləri ilə paralel və praqmatik əməkdaşlıq quraraq öz milli maraqlarını təmin edir. Bu baxımdan G20 Azərbaycanın diplomatik çəkisinin, geosiyasi manevr imkanlarının və qlobal qərarvermə proseslərinə təsir potensialının artdığını göstərən mühüm platformadır.

P.SADAYOĞLU