Azərbaycan paytaxtı yenə də qonaq-qaralıdır. Bakı növbəti nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi edir. Belə ki, paytaxtımızda noyabrın 5-6-da “BMT (Birləşmiş Millətlər Təşkilatı) İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” (UN Governance Innovation Summit: Advancing Future-Ready Institutions) adlı beynəlxalq tədbir keçirilir.
Tədbirdə 100-dən çox ölkənin nazirləri və yüksəksəviyyəli rəsmiləri, beynəlxalq və regional təşkilatların rəhbər vəzifəli şəxsləri, inkişaf tərəfdaşları, eləcə də özəl sektorun və akademik dairələrin təmsilçiləri iştirak edirlər.
Mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkan - dünyada Azərbaycana artan inam
Azərbaycanın coğrafi yerləşməsi elədir ki, ölkəmiz Avrasiyada təbii körpü rolunu oynayır. Respublikamızın ərazisindən Şərq-Qərb, Şimal-Cənub, Transxəzər (Orta Dəhliz) kimi marşrutlar keçir və onların bir-biri ilə optimal bağlantısı təmin edilib. Buna görə də ayrı-ayrı ölkələr və daşıma şirkətləri respublikamızdan keçən marşrutlardan bəhrələnməyə üstünlük verirlər.
Lakin Azərbaycanın üstünlüyü yalnız coğrafiya ilə bağlı deyil. Ölkəmiz həmçinin həyata keçirdiyi ardıcıl siyasəti ilə də müxtəlif mədəniyyətlər və ölkələr arasında körpülər yaradır, birləşdirici funksiya yerinə yetirir. Azərbaycan nifrətə, ayrı-seçkiçiliyə, irqçiliyə, ikili standartlara “yox” deyir və barışdırıcı missiya yerinə yetirir. Ölkəmizin geniş məzmuna malik humanitar diplomatiyası, demək olar ki, bütün dünyanı əhatə edir. Qlobal pandemiya dövründə Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına, eləcə də ehtiyacı olan ayrı-ayrı ölkələrə dəstək göstərdi, peyvənd millətçiliyinə qarşı çıxdı. Prezident İlham Əliyev davamlı olaraq qlobal həmrəylik təşəbbüslərindən çıxış edir.
Eyni zamanda, Azərbaycanın tolerant mühiti var. Dünyada mədəniyyətlərin birgə mövcudluğunun inkar edildiyi, bununla bağlı ciddi problemlər yaşandığı bir dönəmdə Azərbaycanın dövlət başçısı beynəlxalq səviyyəli tribunalardan multikulturalizmi təşviq edir, bəşəriyyətin nicat yolunun məhz yanaşı yaşamaqda olduğunu bildirir. Respublikamızın təcrübəsi buna nümunədir. Azərbaycanda fərqli milli, dini kimliyə malik insanlar arasında heç bir fərq qoyulmur və onlar gələcəyə böyük inamla öz həyatlarını qururlar.
Məhz ölkəmizin malik olduğu bu kimi reallıqlar dünyada Azərbaycana və onun Liderinə böyük hörmət qazandırıb. Dünya Azərbaycana inanır və hörmət bəsləyir. Ayrı-ayrı beynəlxalq təşkilatların özlərinin mötəbər tədbirlərinə ev sahibliyi hüququnu respublikamıza həvalə etmələri də bunu əyani şəkildə təsdiqləir.
Ölkəmiz dünya gündəliyinin aktual məsələlərinin müzakirə olunduğu mühüm beynəlxalq tədbirlərə bir qayda olaraq məsuliyyətlə ev sahibliyi edir və bu zaman yüksək standartlar müəyyənləşdirir. 2024-cü ilin noyabr ayında Azərbaycanın ev sahibliyi ilə keçirilən COP29 konfransında bir sıra önəmli substantiv nəticələr əldə olunub. COP29-dan sonra cari ilin mayında ölkəmizdə daha bir mötəbər beynəlxalq tədbir - Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) baş tutdu. Oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü keçirildi. Oktyabr ayında Bakı həmçinin “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edib. Bir sözlə, siyahı çox uzundur və bütün bunlar Azərbaycanın dünyada dialoq məkanı kimi qəbul olunduğunu təsdiqləyir.
BMT ilə sıx əməkdaşlıq
Bakıda “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı beynəlxalq tədbirin keçirilməsi dünya birliyinin, o cümlədən də Birləşmiş Millətlər Təşkilatının ölkəmizə inamının daha bir göstəricisidir. Respublikamız digər istiqamətlərdə olduğu kimi, Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə də BMT ilə sıx əməkdaşlıq edir. Ölkəmiz qurum tərəfindən bəyan olunan DİM məqsədlərinə çatmaqdan ötrü koordinasiyalı fəaliyyətlərini genişləndirir və müvafiq hesabatları da vaxtında təqdim edir. O cümlədən, Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan “ASAN xidmət”in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir. “ASAN xidmət”in 2015-ci ildə BMT-nin “Dövlət Xidmətləri Mükafatı”na, 2019-cu ildə isə “Rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində Xüsusi Mükafat”a layiq görülməsi nailiyyətlərimizin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. “BMT ilə əməkdaşlıq bu təcrübəmizin daha geniş coğrafiyada təşviqi üçün yeni imkanlar yaradır. 2024-cü ildə Azərbaycan ilə BMT arasında imzalanmış Töhfə Sazişi “ASAN xidmət” nümunəsinin dörd qitədə təbliğini ehtiva edir.
Azərbaycan bundan sonra da dayanıqlı inkişaf məqsədlərinin təşviqini dəstəkləyəcək, keyfiyyətli dövlət xidmətlərinin göstərilməsi istiqamətində beynəlxalq fəaliyyətə töhfə verəcəkdir”, - deyə dövlətimizin başçısı Bakının ev sahibliyi etdiyi “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı” adlı beynəlxalq tədbirin iştirakçılarına ünvanladığı müraciətində vurğulayıb.
Qeyd edək ki, sammit çərçivəsində dövlət idarəçiliyi sahəsində innovasiyalar, dövlət sektorunun transformasiyası, dövlət xidmətlərinin innovativ və inteqrasiya olunmuş qaydada göstərilməsi üçün çoxşaxəli yanaşmaların tətbiqi ilə bağlı Azərbaycanda həyata keçirilən islahatlar, habelə bu sahədə Cənub-Cənub, Şimal-Cənub və üçtərəfli əməkdaşlıq kimi mühüm mövzuların müzakirəsi aparılır.
Mübariz FEYİZLİ