Bakı qlobal müzakirələrdə mühüm iştirakçı qismində çıxış edir
Azərbaycanın xarici siyasət kursunda Avropa istiqaməti xüsusi yer tutur. Avropa dövlətləri ilə münasibətlərin qarşılıqlı etimad, siyasi dialoq və ortaq maraqlar əsasında inkişaf etdirilməsi ölkəmizin beynəlxalq əlaqələr sistemində prioritet istiqamətlərdən biridir. Son illərdə Azərbaycan-Avropa münasibətləri yalnız enerji əməkdaşlığı ilə məhdudlaşmır, siyasi, iqtisadi, təhlükəsizlik, nəqliyyat, logistika və humanitar sahələri də əhatə edən geniş məzmun qazanıb. Xüsusilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın artan rolu ölkəmizin strateji əhəmiyyətini daha da yüksəldir. Bu gün Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşı olmaqla yanaşı, qitənin gələcəyinə, təhlükəsizliyinə və regional sabitliyinə dair müzakirələrdə mövqeyi nəzərə alınan mühüm siyasi aktordur.
Bu əməkdaşlığın inkişafında Avropa Siyasi Birliyi də mühüm platformalardan biri kimi çıxış edir. Təşkilatın fəaliyyəti Avropa İttifaqına üzv olan və olmayan ölkələri ümumi maraqlar ətrafında bir araya gətirərək qitənin qarşılaşdığı çağırışların müzakirəsinə, siyasi dialoqun dərinləşməsinə imkan yaradır. Azərbaycanın bu platformada fəal iştirakı isə ölkəmizin Avropa məkanında artan siyasi çəkisinin, beynəlxalq təşəbbüslərə açıq mövqeyinin və qlobal təhlükəsizlik məsələlərinə verdiyi töhfənin göstəricisidir. Prezident İlham Əliyevin müxtəlif beynəlxalq platformalarda nümayiş etdirdiyi prinsipial mövqe bir daha təsdiqləyir ki, Azərbaycan Avropanın gələcəyi ilə bağlı proseslərdə kənar müşahidəçi deyil, öz maraqları və təşəbbüsləri ilə çıxış edən etibarlı tərəfdaşdır.
Avropa Siyasi Birliyinin əsas mahiyyəti...
Avropa Siyasi Birliyi 2022-ci ildə, Rusiya-Ukrayna müharibəsinin yaratdığı yeni geosiyasi reallıqlar fonunda, Avropa dövlətləri arasında siyasi dialoqu gücləndirmək, ortaq təhlükəsizlik çağırışlarına birgə yanaşmalar formalaşdırmaq məqsədilə yaradılıb. Birliyin ilk Zirvə toplantısı 6 oktyabr 2022-ci ildə Çexiyanın paytaxtı Praqada keçirilib. Bu platforma Avropa İttifaqını əvəz edən qurum deyil, Avropa qitəsinin bütün dövlətlərinin bərabərhüquqlu dialoqu üçün nəzərdə tutulan siyasi əməkdaşlıq formatıdır. İlk toplantıdan başlayaraq sülh və təhlükəsizlik, enerji təminatı, iqtisadi əməkdaşlıq, nəqliyyat-kommunikasiya əlaqələri və regional sabitlik əsas müzakirə mövzuları olub.
Azərbaycan Prezidentinin bu platformada iştirakı ölkəmizin Avropa ilə siyasi dialoqa verdiyi əhəmiyyətin ifadəsidir. Prezident İlham Əliyev Praqada keçirilən ilk toplantıdan etibarən müxtəlif Zirvə görüşlərində iştirak edib, Azərbaycanın regional və qlobal təhlükəsizlik məsələlərinə dair mövqeyini diqqətə çatdırıb. Moldova, İspaniya, Böyük Britaniya, Macarıstan, Albaniya və Danimarkada keçirilən görüşlər bu dialoqun davamlılığını göstərir. 2026-cı ilin mayında Ermənistanın paytaxtı İrəvanda keçirilən səkkizinci toplantıya isə dövlət başçısı videobağlantı vasitəsilə qatılaraq Azərbaycanın sülh gündəliyinə sadiqliyini, regional kommunikasiyaların açılmasının əhəmiyyətini və Avropa ilə əməkdaşlıq perspektivlərini diqqətə çatdırıb.
Burada diqqət çəkən əsas məqam Azərbaycanın müzakirələrdə yalnız öz milli maraqlarını deyil, bütövlükdə Avropa məkanının təhlükəsizliyi və sabitliyi baxımından əhəmiyyət daşıyan məsələləri gündəmə gətirməsidir. Enerji təhlükəsizliyinə verdiyi töhfə, Şərq-Qərb nəqliyyat dəhlizindəki strateji mövqeyi, Cənubi Qafqazda sülh və əməkdaşlıq təşəbbüsləri ölkəmizin əhəmiyyətini artırır.
Dublin Sammitindən gözləntilər...
Xəbər verildiyi kimi, noyabrın 12-də İrlandiyanın Dublin şəhərində Avropa Siyasi Birliyinin doqquzuncu Zirvə toplantısı baş tutub. Tədbirdən öncə bildirilib ki, toplantıda təxminən 50 ölkənin liderinin iştirakı nəzərdə tutulub və Sammitə Avropa Şurasının prezidenti Antonio Costa, eləcə də İrlandiyanın Baş naziri Maykl Martin tərəfindən həmsədrlik edilməsi planlaşdırılıb. Sammitin mövzusu “Güclü, Təhlükəsiz və Bir-biri ilə əlaqəli Avropa”dır. Tədbirə ümumilikdə, əhalisi 700 milyondan çox olan 47 ölkənin lideri, eləcə də Aİ institutlarının və digər Avropa və beynəlxalq təşkilatların nümayəndələri dəvət olunub. Kanadanın Baş naziri Mark Karni sammitdə xüsusi qonaq kimi iştirak edib.
Dublin Sammitinin əsas müzakirə istiqamətlərindən birinin rəqabətqabiliyyətli Avropanın qurulmalı olması təsadüfi deyil. Müasir dövrdə iqtisadi rəqabət qabiliyyəti texnoloji innovasiyalarla yanaşı, enerji resurslarının etibarlı təchizatından, nəqliyyat infrastrukturunun səmərəliliyindən və təchizat zəncirlərinin dayanıqlılığından da asılıdır. Son illərdə Avropa ölkələrinin Azərbaycana marağının artması, həmçinin Prezident İlham Əliyevin yüksək şəxsi nüfuzu, ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi, regional və qlobal məsələlərin həllində rolunun genişlənməsi ilə bağlıdır. Bu maraq dövlət və hökumət başçılarının, Avropa İttifaqının yüksəkvəzifəli nümayəndələrinin Azərbaycana səfərlərində, Prezident İlham Əliyevlə görüşlərində və yeni əməkdaşlıq təşəbbüslərində özünü göstərir.
Diqqətçəkən məqamlardan biri Prezident İlham Əliyevin beynəlxalq platformalarda keçirdiyi bir sıra ikitərəfli görüşlərin qarşı tərəfin müraciəti və sorğusu əsasında təşkil edilməsidir. Davosda, Münxendə və digər platformalarda keçirilən görüşlərin məhz bu qaydada baş tutması dövlətimizin başçısının şəxsi nüfuzunu, ölkəmizin artan gücünü və etibarlı dialoq tərəfdaşı kimi mühüm rolunu göstərən nümunələrdəndir.
2028-ci ildə Bakıda...
Azərbaycan üçün Dublin Sammitinin əhəmiyyəti təkcə tədbirin gündəliyi ilə məhdudlaşmır. Ölkəmiz Avropa Siyasi Birliyinin əvvəlki görüşlərində də fəal iştirak edib, platforma çərçivəsində regional təhlükəsizlik, enerji və bağlantılar məsələlərinə dair mövqeyini irəli sürüb. Qeyd edək ki, Birliyin 12-ci Sammiti 2028-ci ildə Azərbaycanda keçiriləcək. Avropa rəhbərliyinin Azərbaycanla dialoqu davam etdirməsi, dövlət başçısının Zirvə görüşlərinə dəvət olunması və ölkəmizin 2028-ci ildə Birliyin on ikinci Zirvə toplantısına ev sahibliyi etməsinin nəzərdə tutulması Bakının artan siyasi nüfuzuna verilən qiymətin göstəricisidir.
Avropanın enerji təhlükəsizliyində birbaşa iştirak...
Qeyd olunmalıdır ki, Avropanın enerji təhlükəsizliyinin təmin olunması son illərdə qitənin siyasi və iqtisadi gündəliyində prioritet istiqamətlərdən birinə çevrilib. Ənənəvi enerji təchizatı marşrutlarının şaxələndirilməsi, yeni mənbələrin cəlb edilməsi və etibarlı tərəfdaşlarla uzunmüddətli əməkdaşlığın qurulması bu strategiyanın əsas tərkib hissələridir. Belə bir şəraitdə Azərbaycanın Avropanın enerji xəritəsində tutduğu mövqe daha da möhkəmlənir. Ölkəmiz malik olduğu zəngin enerji resursları, müasir ixrac infrastrukturu və etibarlı tərəfdaşlıq prinsipləri ilə Avropanın enerji təhlükəsizliyinə real töhfə verir.
2022-ci ildə Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu bu əməkdaşlığın yeni mərhələsini müəyyənləşdirdi. Sənəd qarşılıqlı maraqların konkret layihələr və uzunmüddətli öhdəliklər əsasında inkişaf etdirilməsinə imkan yaratdı. Cənub Qaz Dəhlizinin fəaliyyəti və genişlənən ixrac coğrafiyası Azərbaycanın bu istiqamətdəki rolunun praktik ifadəsidir. Hazırda 16 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətinə qaz ixrac etməyimiz tərəfdaşlığın miqyasını aydın göstərir.
Bununla yanaşı, Azərbaycanın Avropa ilə enerji münasibətləri yalnız təbii qazla məhdudlaşmır. Xəzərin külək enerjisi imkanları, günəş enerjisi layihələri və Mərkəzi Asiyadan Avropaya uzanacaq yaşıl enerji bağlantıları yeni əməkdaşlıq perspektivləri açır. 2026-cı ilin martında Bakıda keçirilən məşvərət şuralarının nazirlər iclaslarında 27 tərəfdaş hökumətin, 60 beynəlxalq təşkilat və şirkətin təmsil olunması da ölkəmizin beynəlxalq enerji dialoqunda mövqeyini təsdiqləyir. Beləliklə, Azərbaycan Avropanın bugünkü enerji ehtiyaclarının ödənilməsində iştirak etməklə yanaşı, qitənin gələcək enerji arxitekturasının formalaşmasında da mühüm tərəfdaş kimi çıxış edir.
Orta Dəhliz - Şərqi Qərbə bağlayan əsas xətt...
Dünya iqtisadiyyatında baş verən dəyişikliklər beynəlxalq nəqliyyat sisteminə yeni yanaşmanı zəruri edir. Qlobal ticarətin davamlılığı, yüklərin təhlükəsiz və vaxtında çatdırılması, alternativ marşrutların yaradılması artıq dövlətlərin iqtisadi siyasətinin mühüm istiqamətlərindəndir. Bu baxımdan Azərbaycan əlverişli coğrafi mövqeyi və formalaşdırdığı nəqliyyat infrastrukturu ilə Avropa və Asiya arasında əlaqələrin inkişafında xüsusi üstünlüklərə malikdir. Orta Dəhlizin getdikcə daha çox diqqət mərkəzinə gəlməsi də məhz bu reallıqdan qaynaqlanır.
Çindən başlayaraq Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan və Cənubi Qafqaz üzərindən Türkiyəyə, oradan isə Avropaya uzanan marşrut beynəlxalq yükdaşımaların istiqamətlərini şaxələndirir. Bu xəttin əhəmiyyəti yalnız coğrafi məsafə ilə ölçülmür. O, müxtəlif iqtisadi məkanları birləşdirir, ölkələr arasında qarşılıqlı asılılığı artırır və yeni ticarət imkanları yaradır. Azərbaycanın Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, dəmir yollarına, avtomobil magistrallarına və digər nəqliyyat obyektlərinə yatırdığı investisiyalar bu marşrutun rəqabət qabiliyyətini gücləndirir.
Lakin Orta Dəhlizin potensialından maksimum istifadə etmək üçün infrastrukturun mövcudluğu ilə kifayətlənmək olmaz. Yükdaşımaların sürətinin artırılması, gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsal sistemlərin tətbiqi və tarif siyasətinin uzlaşdırılması da vacib şərtlərdir. Azərbaycanın bu istiqamətdə regional tərəfdaşlarla apardığı əməkdaşlıq dəhlizin beynəlxalq əhəmiyyətini artırır. Eyni zamanda, Avropa İttifaqının “Global Gateway” təşəbbüsü çərçivəsində ölkəmizdə səfərbər edilən investisiyaların 130 milyon avronu keçməsi iqtisadi bağlantıların inkişafına göstərilən marağın konkret nümunəsidir. Deməli, Orta Dəhliz Azərbaycan üçün sadəcə tranzit marşrutu deyil, Avropa ilə Asiya arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsinə xidmət edən strateji vasitədir.
Bakı sülhün, təhlükəsizliyin təminində fəal rol oynayır
Avropa qitəsinin üzləşdiyi təhlükəsizlik çağırışları regional sabitliyin və siyasi dialoqun əhəmiyyətini daha da artırıb. Müharibələr, geosiyasi qarşıdurmalar, kibertəhdidlər və kritik infrastrukturun təhlükəsizliyi dövlətləri ortaq fəaliyyət mexanizmləri axtarmağa sövq edir. “Avropa Siyasi Birliyi” çərçivəsində təhlükəsizlik məsələlərinin geniş müzakirə olunması da bu zərurətdən irəli gəlir. Azərbaycan üçün isə bu gündəlikdə Cənubi Qafqazda davamlı sülhün bərqərar olması xüsusi yer tutur.
Azərbaycanın xarici siyasətində regional sabitlik iqtisadi inkişaf, nəqliyyat bağlantıları və beynəlxalq əməkdaşlıqla bilavasitə əlaqələndirilir. Çünki qarşıdurma mühitinin aradan qaldırılması təkcə siyasi münasibətləri yaxşılaşdırmır, həm də regionun tranzit imkanlarını genişləndirir, investisiyalar üçün əlverişli şərait yaradır. Prezident İlham Əliyevin 2026-cı ilin mayında İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammitinə videobağlantı vasitəsilə qatılaraq səsləndirdiyi fikirlər bu baxımdan diqqətəlayiqdir. Dövlət başçısı Azərbaycanın sammitlərdən birinə ev sahibliyi etmək təşəbbüsünün qəbul olunduğunu qeyd etməklə yanaşı, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətindəki prosesə də toxunub. Xatırladaq ki, hələ 2022-ci ilin oktyabrında ASB-nin ilk Praqa toplantısında Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımışdı. Məhz həmin Sammitdə baş tutan müvafiq görüşün Yekun Bəyanatında Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıdı və bu xüsusda BMT Nizamnaməsi əsas sənəd kimi götürüldü.
P.İSMAYILOV