Fərqli coğrafiyalarda vahid prinsip üzrə...

 

Azərbaycanın hərtərəfli strateji tərəfdaşlıq münasibətləri...

Müasir geosiyasi reallıqlar göstərir ki, milli maraqların qorunması üçün çevik diplomatiya, qarşılıqlı etimada əsaslanan münasibətlər və müxtəlif güc mərkəzləri ilə əməkdaşlığın düzgün balanslaşdırılması xüsusi əhəmiyyət daşıyır. Azərbaycan xarici siyasətində məhz bu prinsipləri əsas götürərək beynəlxalq əlaqələrini yeni məzmunla zənginləşdirir, ayrı-ayrı dövlətlərlə münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mühüm xüsusiyyətlərindən biri Azərbaycanın heç bir geosiyasi mərkəzin maraqlarından asılı olmadan öz milli prioritetlərini müəyyənləşdirməsi və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq qurmasıdır. Çin, Birləşmiş Ərəb Əmirlikləri və İtaliya ilə hərtərəfli - çoxşaxəli strateji tərəfdaşlıq münasibətlərinin formalaşdırılması bu siyasətin konkret nəticələrindəndir. Coğrafi mövqeləri, iqtisadi potensialları, beynəlxalq siyasi çəkiləri və qlobal proseslərdəki rolları fərqli olan bu dövlətlərlə münasibətlərin eyni strateji müstəvidə inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin geniş imkanlarını nümayiş etdirir.

Münasibətlərin inkişafında əsas düstur imzalanan sənədlərin siyasi dialoqa, iqtisadi sərmayələrə, enerji təhlükəsizliyinə, nəqliyyat bağlantılarına, texnoloji tərəqqiyə və beynəlxalq platformalarda qarşılıqlı dəstəyə çevrilməsidir. Azərbaycan tərəfdaşlıq münasibətlərini məhz bu prizmadan qiymətləndirir. Dövlətimizin məqsədi milli suverenliyi və müstəqil siyasəti qorumaqla yanaşı, ölkənin iqtisadi inkişafına, regional liderliyinə və beynəlxalq nüfuzuna töhfə verən əməkdaşlıq arealını genişləndirməkdir. Çin, BƏƏ və İtaliya ilə münasibətlər bu baxımdan Azərbaycanın milli maraqlarının müxtəlif istiqamətlər üzrə təmin olunmasının mühüm nümunələridir.

Çin: qlobal güclə tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanın Çin Xalq Respublikası ilə münasibətləri son illərdə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Müstəqilliyin əldə edilməsinin ardından qurulan diplomatik münasibətlər iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə ardıcıl əməkdaşlıq formalaşdırıb. Bu münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi isə 2024-cü il iyulun 3-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində imzalanmış Birgə Bəyannamə ilə rəsmiləşib. Növbəti mühüm mərhələ 2025-ci il aprelin 23-də Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı hərtərəfli strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyanatın imzalanması olub. Beləliklə, Azərbaycan-Çin münasibətləri daha geniş siyasi və iqtisadi gündəliyə malik yeni mərhələyə keçib.

Bu sənədlərin siyasi əhəmiyyəti ondan ibarətdir ki, tərəflər bir-birini prioritet, etibarlı və qarşılıqlı faydalı tərəfdaş kimi qəbul etdiklərini bəyan ediblər. 2025-ci ildə imzalanan Birgə Bəyanatda xüsusi olaraq qeyd edilir ki, tərəflər “bir-birinin suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunmasında bir-birinə qətiyyətli dəstək” verirlər. Bu müddəa Azərbaycanın xarici siyasətində mühüm yer tutan suverenlik, ərazi bütövlüyü və beynəlxalq hüquqa hörmət prinsiplərinin Çinlə münasibətlərdə də əsas götürüldüyünü göstərir. Sənəddə Çinin Azərbaycanın sülh gündəliyinə dəstək verməsi və qarşıdurmaya əsaslanan geosiyasi oyunları səmərəsiz hesab etməsi də xüsusi siyasi məna daşıyır.

Azərbaycan üçün Çinlə strateji tərəfdaşlıq ilk növbədə müstəqil xarici siyasətin genişləndirilməsi, qlobal iqtisadi sistemdə mövqelərin möhkəmləndirilməsi və yeni inkişaf imkanlarının əldə olunması baxımından əhəmiyyətlidir. Dünyanın aparıcı iqtisadi güclərindən biri olan Çinlə münasibətlərin dərinləşdirilməsi ölkəmizin beynəlxalq iqtisadi əlaqələrinin şaxələndirilməsinə, investisiya imkanlarının genişlənməsinə və qeyri-neft sektorunun inkişafına əlavə stimul yaradır. Burada diqqətçəkən məqam ondan ibarətdir ki, Bakı-Pekin münasibətləri yalnız mövcud iqtisadi əlaqələrin genişləndirilməsi ilə məhdudlaşmır, həm də gələcək onilliklər üçün uzunmüddətli əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir.

Digər tərəfdən, bu tərəfdaşlıq Azərbaycanın beynəlxalq siyasi mövqeyinin güclənməsinə də xidmət edir. Çin kimi qlobal aktorla münasibətlərin qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsipləri əsasında qurulması Azərbaycanın müxtəlif siyasi və iqtisadi mərkəzlərlə balanslaşdırılmış əlaqələr yaratmaq qabiliyyətini nümayiş etdirir. Bu, ölkəmizin geosiyasi seçimlərini kənar təsirlərlə deyil, öz milli maraqları əsasında müəyyənləşdirdiyinin növbəti təsdiqidir.

İqtisadi şaxələndirmə və texnoloji inkişaf üçün yeni imkanlar

Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlığının mühüm istiqamətləri arasında iqtisadiyyat, nəqliyyat-logistika, investisiya, innovasiya və yaşıl enerji sahələrində əməkdaşlığın genişləndirilməsi xüsusi yer turur. Bu münasibətlərin Azərbaycan üçün əhəmiyyəti xüsusilə ölkəmizin Şərq-Qərb nəqliyyat bağlantılarında artan rolu fonunda daha aydın görünür. Çinlə Avropa arasında ticarət əlaqələrinin genişlənməsi, alternativ və etibarlı marşrutlara tələbatın artması Azərbaycanın tranzit imkanlarını strateji üstünlüyə çevirir. Orta Dəhlizin inkişafı bu baxımdan yalnız nəqliyyat layihəsi deyil, həm də Azərbaycanın beynəlxalq iqtisadi əlaqələr sistemində mövqeyini möhkəmləndirən mühüm vasitədir.

2024-cü il Birgə Bəyannaməsində tərəflər “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlığın dərinləşdirilməsini, beynəlxalq multimodal daşımaların inkişafını və ərazilərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin təhlükəsiz və fasiləsiz fəaliyyətinin təmin olunmasını dəstəklədiklərini bildiriblər. Bu müddəalar Azərbaycanın tranzit ölkə statusunun möhkəmləndirilməsi, Şərqlə Qərb arasında etibarlı körpü rolunun genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, Çinlə nəqliyyat sahəsində əməkdaşlıq Azərbaycanın Mərkəzi Asiya və Avropa bazarlarına çıxış imkanlarını artırır, ölkəmizin logistika və yükdaşıma potensialına əlavə investisiyaların cəlb olunmasına şərait yaradır.

İqtisadi əməkdaşlığın digər mühüm istiqaməti sənaye və investisiya layihələridir. Tərəflər sənaye, enerji, neft-qaz hasilatı və emalı, yaşıl enerji, informasiya-kommunikasiya texnologiyaları, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı, tikinti materialları və infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tuturlar. Bu istiqamətlər Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi strategiyası ilə üst-üstə düşür. Çin şirkətlərinin ölkəmizdə istehsal, texnologiya və infrastruktur layihələrində iştirakı yerli iqtisadi imkanların genişləndirilməsi, yeni iş yerlərinin yaradılması və müasir texnologiyaların tətbiqi baxımından əhəmiyyətlidir.

Xüsusilə yaşıl enerji və rəqəmsal transformasiya sahələrində əməkdaşlıq gələcəyə hesablanmış strateji seçimdir. Azərbaycanın bərpaolunan enerji potensialının reallaşdırılması, enerji istehsalının şaxələndirilməsi və yeni texnologiyaların tətbiqi ölkənin uzunmüddətli inkişaf hədəfləri ilə bağlıdır. Çinlə bu istiqamətdə əməkdaşlıq həm investisiya, həm də texnoloji təcrübə baxımından əlavə imkanlar yaradır. Eyni zamanda, rəqəmsal iqtisadiyyat, telekommunikasiya və innovasiya sahələrində əlaqələrin inkişafı Azərbaycanın müasir iqtisadiyyat quruculuğuna töhfə verə bilər.

Ən önəmli ştrixlərdən biri isə odur ki, Azərbaycan Çinlə əməkdaşlığı yalnız ticarət dövriyyəsinin artırılması kimi qiymətləndirmir. Qarşılıqlı əlaqələrdə yeni investisiyaların cəlbi, yeni texnologiyaların ölkəmizə gəlişi, tranzit potensialından daha səmərəli istifadə edilməsi xüsusi yer tutur. Çinlə hərtərəfli strateji tərəfdaşlıq Azərbaycan üçün yeni münasibətlər sistemində milli inkişaf prioritetlərinə xidmət edən mühüm siyasi-iqtisadi platformadır.

BƏƏ: strateji tərəfdaşlıqdan investisiya və enerji əməkdaşlığının yeni modelinə

Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətləri son illərdə xüsusi dinamika qazanaraq strateji əməkdaşlığın daha yüksək mərhələsinə yüksəlib. Bu münasibətlərin inkişafında Prezident İlham Əliyev və BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan arasında formalaşmış qarşılıqlı etimad və siyasi dialoq da mühüm rol oynayır. 2025-ci il sentyabrın 16-da BƏƏ Prezidentinin Azərbaycana səfəri zamanı iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması əlaqələrin tarixində yeni mərhələnin başlanğıcı olub. Bu sənəd Azərbaycan-BƏƏ münasibətlərinin artıq ayrı-ayrı iqtisadi layihələr çərçivəsindən çıxaraq siyasi, iqtisadi, enerji, müdafiə, texnologiya və humanitar sahələri əhatə edən geniş əməkdaşlıq modelinə çevrildiyini nümayiş etdirir.

BƏƏ Azərbaycanın Yaxın Şərq və Körfəz regionunda mühüm tərəfdaşlarından biridir. Bu ölkə beynəlxalq maliyyə, ticarət, logistika və investisiya sistemində əhəmiyyətli mövqeyə malikdir. Azərbaycanın isə Avropa ilə Asiyanı birləşdirən coğrafi mövqeyi, zəngin enerji resursları, nəqliyyat infrastrukturu və regional bağlantı imkanları BƏƏ üçün cəlbedici əməkdaşlıq perspektivləri yaradır. Beləliklə, iki ölkənin iqtisadi potensialı bir-birini tamamlayır. Azərbaycanın tranzit və istehsal imkanları ilə BƏƏ-nin maliyyə, investisiya və logistika təcrübəsinin uzlaşdırılması qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi üçün əlverişli zəmin formalaşdırır.

Tərəfdaşlığın mühüm istiqamətlərindən biri enerji sahəsidir. Azərbaycanın enerji siyasətində ənənəvi enerji resurslarının ixracı ilə yanaşı, bərpaolunan enerji mənbələrinin inkişafı və yaşıl enerji keçidi də prioritet təşkil edir. BƏƏ-nin bu sahədə böyük təcrübəyə və investisiya imkanlarına malik olması əməkdaşlığın əhəmiyyətini daha da artırır. Xüsusilə “Masdar” şirkətinin Azərbaycanda həyata keçirdiyi və nəzərdə tutduğu layihələr ölkəmizin bərpaolunan enerji potensialının reallaşdırılmasına xidmət edir. Günəş və külək enerjisi layihələri, yaşıl enerji zonalarının yaradılması, enerji istehsalının şaxələndirilməsi Azərbaycanın uzunmüddətli iqtisadi və ekoloji hədəfləri baxımından mühüm əhəmiyyət daşıyır.

Ötən ilin sentyabrında imzalanan sənədlər və əldə olunmuş razılaşmalar əməkdaşlığın konkret iqtisadi məzmununu da ortaya qoydu. Enerji, nəqliyyat, rəqəmsal inkişaf, süni intellekt, turizm, əmək münasibətləri, investisiya və gəmiqayırma sahələrində bir sıra sənədlərin imzalanması tərəfdaşlığın geniş əhatə dairəsini göstərir. Xüsusilə Bakı Gəmiqayırma Zavodu ilə “Abu Dhabi Ports” arasında iki konteyner gəmisinin inşası və satışı haqqında müqavilə Azərbaycanın dəniz nəqliyyatı və logistika imkanlarının genişləndirilməsi baxımından diqqətəlayiqdir.

Bu münasibətlərin iqtisadi əsasını möhkəmləndirən digər mühüm addım 2025-ci il iyulun 9-da imzalanmış Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişidir. Bu saziş ticarətin liberallaşdırılması, investisiyaların artırılması, rəqəmsal iqtisadiyyat, xidmətlər və təchizat zəncirləri sahəsində əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradıb. Bu, iki ölkə arasında siyasi yaxınlığın real iqtisadi nəticələrə çevrilməsinin göstəricisidir.

BƏƏ ilə tərəfdaşlıq Azərbaycanın Körfəz regionunda siyasi və iqtisadi mövqelərini möhkəmləndirməklə yanaşı, yeni investisiya mənbələrinə çıxışını asanlaşdırır və Azərbaycanın beynəlxalq əməkdaşlıq coğrafiyasını genişləndirir. Burada əsas prinsip qarşılıqlı maraqların uzlaşdırılmasıdır. Azərbaycan öz enerji, nəqliyyat və istehsal potensialını beynəlxalq investisiyalarla birləşdirərək iqtisadi inkişafını daha sürətləndirməyə, BƏƏ isə regionun etibarlı tərəfdaşı ilə uzunmüddətli əlaqələr qurmağa maraqlıdır. Bu baxımdan hərtərəfli BƏƏ ilə strateji tərəfdaşlıq milli maraqlara əsaslanan praqmatik xarici siyasətin uğurlu nümunəsidir.

İtaliya: Avropa istiqamətində strateji tərəfdaşlığın siyasi və iqtisadi dayağı

Azərbaycanın İtaliya ilə münasibətləri Avropa istiqamətində xarici siyasətinin ən mühüm və nəticəyönümlü istiqamətlərindən biridir. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il mayın 8-də qurulub. Sonrakı dövrdə siyasi dialoqun inkişafı, yüksək səviyyəli qarşılıqlı səfərlər və iqtisadi əməkdaşlığın genişlənməsi münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. 2014-cü il iyulun 14-də Romada Azərbaycan və İtaliya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə qəbul edilib. 2020-ci il fevralın 20-də isə Romada imzalanmış Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsi haqqında Birgə Bəyannamə əlaqələrin hüquqi-siyasi əsaslarını daha da möhkəmləndirib.

İtaliya Azərbaycanın Avropadakı əsas ticarət tərəfdaşlarından biri olmaqla yanaşı, enerji ixracında da xüsusi yer tutur. Azərbaycan neftinin və qazının İtaliya bazarına çatdırılması iki ölkənin iqtisadi əlaqələrinə strateji məzmun verir. Xüsusilə Cənub Qaz Dəhlizinin mühüm tərkib hissəsi olan Trans-Adriatik Boru Kəmərinin (TAP) fəaliyyətə başlaması Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu daha da artırıb. İtaliya bu baxımdan Azərbaycan qazının Avropa bazarına çatdırılmasında əsas istiqamətlərdən biridir. Bu əməkdaşlıq həm də Avropanın enerji mənbələrinin və təchizat mar?rutlarının şaxələndirilməsinə töhfə verən mühüm amildir. Prezident İlham Əliyev dəfələrlə İtaliya ilə münasibətlərdə enerji əməkdaşlığının xüsusi yer tutduğunu bəyan edib.

Azərbaycan- İtaliya münasibətləri yalnız enerji ixracı ilə məhdudlaşmır. Ölkəmiz İtaliya ilə sənaye, infrastruktur, tikinti, kənd təsərrüfatı, texnologiya, təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. İtaliya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və quruculuq prosesində iştirakı bu münasibətlərin yeni məzmununu nümayiş etdirir. İtaliya şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrə cəlb olunması həm iqtisadi əlaqələrin genişlənməsinə, həm də Azərbaycanın postmünaqişə dövründə quruculuq siyasətinə beynəlxalq tərəfdaşların töhfə verməsinə imkan yaradır.

İki ölkə arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri də təhsil və humanitar əlaqələrdir. 2025-ci il oktyabrın 1-də Azərbaycan-İtaliya Universitetinin açılışı bu sahədə münasibətlərin inkişafında əlamətdar hadisə olub. Universitetin yaradılması yalnız təhsil layihəsi deyil, həm də iki xalq arasında elmi, mədəni və intellektual əlaqələrin dərinləşdirilməsinə xidmət edən uzunmüddətli investisiya sayılır.

İki ölkə arasında siyasi dialoq da yüksək səviyyədədir. Qarşılıqlı səfərlər bu münasibətləri mühüm bir əhəmiyyətə daşıyıb. Prezident İlham Əliyev 2025-ci il sentyabrın 30-da İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri zamanı iki strateji tərəfdaşlıq sənədinin münasibətlərin əsasını təşkil etdiyini və əməkdaşlığın artıq müxtəlif sahələrdə real nəticələr verdiyini xüsusi vurğulayıb. Dövlət başçısı vurğulayıb ki, bizim strateji tərəfdaşlığımız həm rəsmi sənədlərdə, həm həyatda, praktik işlərdə özünü büruzə verir.

İtaliya ilə münasibətlərin Azərbaycan üçün strateji əhəmiyyəti həm də Avropa İttifaqı ilə əlaqələrin inkişafına verdiyi töhfə ilə bağlıdır. İtaliya Avropanın aparıcı iqtisadi və siyasi dövlətlərindən biri kimi Azərbaycanın Avropa institutları ilə dialoqunda mühüm tərəfdaşdır. Bu ölkə ilə münasibətlərin yüksək səviyyədə olması Azərbaycanın Avropa məkanında iqtisadi və siyasi imkanlarını genişləndirir. Eyni zamanda, İtaliya üçün də Azərbaycan Cənubi Qafqazda etibarlı tərəfdaş, enerji və nəqliyyat təhlükəsizliyi baxımından mühüm ölkədir. Belə qarşılıqlı maraqlar münasibətlərin davamlılığını təmin edən əsas amillərdəndir.

Beləliklə, Azərbaycan-İtaliya strateji tərəfdaşlığı enerji ixracından başlayaraq geniş sahələri əhatə edir. Bu əlaqələr Azərbaycanın Avropa ilə əməkdaşlığının konkret nəticələrə əsaslandığını, milli maraqların qarşılıqlı fayda prinsipi ilə uzlaşdırıldığını göstərir. İtaliya ilə tərəfdaşlıq ölkəmizin Avropa istiqamətində mövqelərini möhkəmləndirməklə yanaşı, iqtisadi inkişaf və beynəlxalq nüfuzunun artırılması baxımından da mühüm strateji əhəmiyyət daşıyır.

Müxtəlif coğrafiyalar, vahid strateji məqsəd

Göründüyü kimi, Bakının hərtərəfli strateji əlaqələrə malik olduğu Çin, Birləşmiş Ərəb Əmirlikləri və İtaliya ilə münasibətləri çoxşaxəli və ölkəmiz üçün strateji anlam daşıyır. Bu dövlətlərin hər biri ölkəmiz üçün fərqli imkanlar və əməkdaşlıq perspektivləri yaradır. Bu əməkdaşlıq modelinin əsas üstünlüyü Azərbaycanın öz milli maraqlarını bütün münasibətlərin mərkəzində saxlamasıdır. Bakı tərəfdaşlıq qurduğu dövlətlərlə münasibətlərində qarşılıqlı hörmət, suverenliyə ehtiram, bərabərhüquqluluq və qarşılıqlı fayda prinsiplərindən çıxış edir. Prezident İlham Əliyevin həyata keçirdiyi çoxvektorlu xarici siyasət nəticəsində Azərbaycan artıq yalnız regional proseslərin iştirakçısı deyil, beynəlxalq əməkdaşlığın formalaşmasına təsir göstərən, müxtəlif güc mərkəzləri arasında etibarlı tərəfdaş kimi qəbul edilən dövlətdir. Strateji tərəfdaşlıq münasibətlərinin genişlənməsi də bu mövqenin möhkəmləndirilməsinə, ölkəmizin iqtisadi və siyasi imkanlarının artırılmasına, milli maraqlarının beynəlxalq səviyyədə daha etibarlı təmin olunmasına xidmət edir.

Pərviz SADAYOĞLU