AzəTAc-ın xüsusi müxbiri xəbər verir ki, dünən Davosda Azərbaycan Prezidenti İlham Əliyevin və Sloveniya Prezidenti Danilo Türkün görüşü olub.
Görüşdə əlaqələrimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub.
Azərbaycana səfərinin təəssüratlarını məmnunluqla xatırladan Danilo Türk qeyd edib ki, həmin səfər zamanı keçirilmiş səmərəli görüşlər müxtəlif sahələr üzrə əməkdaşlıq üçün yaxşı əsaslar yaradıb. Hazırda Sloveniya tərəfi həmin səfər zamanı əldə edilmiş razılaşmalar üzərində fəal işləyir. Sloveniya Azərbaycan ilə əlaqələrin daha geniş sahələri əhatə etməsində maraqlıdır.
Sloveniya Prezidenti Azərbaycanda gedən iqtisadi inkişaf prosesləri, Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsində vəziyyətlə maraqlanıb.
Prezident İlham Əliyev əlaqələrimizin uğurla inkişaf etdiyini bildirib.
Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqlar prosesinə toxunub.
Danilo Türk Azərbaycan Prezidentini Sloveniyaya səfərə dəvət edib.