Dünən Azərbaycan Prezidentinin xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Estoniyanın birinci xanımı Evelin İlvesin müşayiəti ilə Tallinn şəhərinin qədim hissəsi ilə tanış olub. Mehriban xanıma məlumat verilib ki, Estoniya paytaxtının nadir memarlıq inciləri ilə zəngin olan bu hissəsi şəhərə gələn turistlərin ən çox maraq göstərdiyi yerlərdən biridir. Tallinnin ən böyük kilsəsi olan XIV əsrə aid Olav da paytaxtın bu hissəsində yerləşir. Azərbaycanın birinci xanımına mərkəzi meydanda yerləşən qədim binalar, digər kilsələr, ümumiyyətlə, Tallinnin tarixi barədə ətraflı məlumat verilib. Sonra birinci xanımlar şəhər Ratuşasının yerləşdiyi meydana gəliblər. Mehriban xanım Əliyevaya tarixi abidələrlə zəngin olan ərazidə yerləşən və 600 illik tarixi olan Ratuşanın fəaliyyəti və onun Estoniya tarixində oynadığı rol barədə danışılıb.
* * *
Dünən Tallinndə Estoniyanın birinci xanımı Evelin İlvesin adından Azərbaycan Prezidentinin xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın şərəfinə nahar verilib.