Daha sonra qonaqlar İçərişəhərə gəliblər. Bildirilib ki, Azərbaycan tarixinin və mədəniyyətinin incisi olan İçərişəhər dünya mədəni irsinin nadir abidələrindəndir. Azərbaycan tarixinin canlı əfsanəsi olan “İçərişəhər” memarlıq kompleksi dünyada misilsiz abidələrdən sayılır. Burada aparılan arxeoloji qazıntılar zamanı milli dövlətçilik tariximizin açılmamış səhifələri öyrənilib, Böyük İpək yolunun üstündə yerləşən qədim Bakının strateji əhəmiyyətini təsdiq edən tarixi faktlar aşkar olunub. Elə buna görə də 1985-ci ildən Dövlət Tarix-Memarlıq Qoruğu elan edilən İçərişəhər 2000-ci ildən YUNESKO-nun Dünya mədəni irs siyahısına daxil edilib.
İçərişəhərin ən mühüm tarixi tikililərindən olan Karvansara da qonaqlarda böyük maraq doğurub. Qonaqlar İçərişəhərdə nümayiş olunan milli sənətkarlıq nümunələrinə də baxıblar.
Daha sonra dövlət başçıları Fəvvarələr meydanında olublar. Qeyd edilib ki, Bakının ən gözəl istirahət məkanlarından biri olan Fəvvarələr meydanı əsaslı bərpa və yenidənqurma işlərindən sonra daha gözəl və daha orijinal formada paytaxt sakinlərinin istifadəsindədir. Burada paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının istirahətinin təşkili üçün hər cür şərait yaradılıb.
* * *
Sentyabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyev, Rumıniya Prezidenti Trayan Besesku və Gürcüstan Prezidenti Mixeil Saakaşvili birgə şam ediblər.