Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Polşa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixal Labendanın etimadnaməsini qəbul edib.
Səfir fəxri qarovul dəstəsinin önündən keçib.
Mixal Labenda etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət edib.
Polşa Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq münasibətlərinin mövcud olduğunu bildirən Mixal Labenda qeyd edib ki, Prezident Bronislav Komorovski ilə söhbəti zamanı dövlət başçısı Polşa hökumətinin ölkəmizlə dostluq münasibətlərini bundan sonra da davam etdirəcəyini vurğulayıb. ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirən səfir yüksək səviyyədə olan ikitərəfli münasibətlərimizin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Səfir paytaxtımız ilə qısa tanışlıq zamanı şəhərdə gedən inkişaf proseslərinin onda böyük təəssürat yaratdığını deyib.
Dövlətimizin başçısı Azərbaycan ilə Polşa arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu bildirib. Münasibətlərimizin yüksək səviyyədə olduğunu, bir sıra birgə təşəbbüslərin həyata keçirildiyini və ölkələrimizin daha da yaxınlaşması üçün mühüm addımlar atıldığını qeyd edən Prezident İlham Əliyev əlaqələrimizin bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu söyləyib.