Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ailə üzvləri ilə birlikdə dünən Bakı Ticarət Limanının yaxınlığında yeni parkın açılışında iştirak edib.
Bakı Ticarət Limanının ərazisindəki yeni parkda tikinti işləri Nazirlər Kabinetinin 2010-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi tapşırıqlara əsasən həyata keçirilib. Dövlətimizin başçısı həmin iclasda yeni beynəlxalq ticarət limanının inşa olunacağını vurğulayaraq əvvəlki ticarət limanının yerində abadlıq və quruculuq işlərinin aparılması və burada müasir tələblərə cavab verən yeni istirahət guşələrinin yaradılmasının zəruriliyini bildirmişdi. Həyata keçirilən yenidənqurma işləri Dənizkənarı Milli Parkın hər iki istiqamətə uzadılacağını nəzərdə tuturdu. Prezident İlham Əliyevin tapşırıqları qısa vaxt ərzində ən müasir standartlara uyğun şəkildə həyata keçirilib.
Dövlətimizin başçısına görülən abadlıq və quruculuq işləri barədə məlumat verilib. Bildirilib ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq əvvəlki limanın üç hektarlıq ərazisində abadlıq və yenidənqurma işləri aparılıb, qısa vaxt ərzində bura paytaxt əhalisinin və respublikamıza gələn qonaqların hərtərəfli istirahəti üçün hər cür şəraiti olan istirahət guşəsinə çevrilib. Parkın ərazisində yeni yaşıllıq zolaqları salınıb, müasir oturacaqlar quraşdırılıb. Yeni parkda uşaqların əylənməsi üçün ən müasir standartlara cavab verən qurğular quraşdırılıb, əhaliyə nümunəvi xidmət göstərmək üçün müxtəlif obyektlər yaradılıb. Tərtibatı ilə paytaxta xüsusi yaraşıq verən parkda yeni fəvvarələr inşa edilib, su keçidləri salınıb. Parkın işıqlandırma sistemi ən müasir standartlar səviyyəsindədir. İstirahət guşəsində, həmçinin, ən hündür Yeni il bayramı yolkası ucaldılıb. Bayram yolkasının ətrafında isə uşaqların və yeniyetmələrin əylənməsi üçün süni buz örtüyü quraşdırılıb.
Prezident İlham Əliyev parkda əhaliyə xidmət göstərəcək istirahət obyektlərinin şəraiti ilə də maraqlanıb.
Dövlətimizin başçısı və ailə üzvləri yeni istirahət guşəsində yaradılan şəraitlə yaxından tanış olublar.
Yeni parkın istifadəyə verilməsi paytaxt sakinlərinə Azərbaycan Prezidentinin bayram hədiyyəsi olub.