Velosipedçimiz Samir Cəbrayılov İtaliyada keçirilən nüfuzlu yarışda 3-cü yeri tutub

Velosipedçimiz Samir Cəbrayılov İtaliyada keçirilən nüfuzlu yarışda 3-cü yeri tutub

Yola saldığımız həftə Azərbaycan velosipedçiləri üçün uğurlu nəticələrlə yadda qalıb. Təmsilçilərimiz Çex Respublikası və İtaliyada təşkil olunan yarışlarda yüksək nailiyyətlər əldə ediblər.
Sentyabrın 10-12-də İtaliyada təşkil edilən Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı “Giro della Regione Friuli Venezia Giulia” veloyürüşündə yığma komandalarımızın 4 üzvü - Samir Cəbrayılov, Tural İsgəndərov, Elgün Əlizadə və İsmayıl İlyasov mübarizə aparıblar. Yarışın sonuncu, 3-cü mərhələsində 168 km məsafəni 3 saat 56 dəqiqə 10 saniyəyə qət edən Samir Cəbrayılov bununla da fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
Çex Respublikasında təşkil edilən 2.2 kateqoriyalı, 3 mərhələdən ibarət “East Bohemia Tour” veloyürüşündə isə “Synergy Baku” komandasının 6 üzvü - Elçin Əsədov, Maksim Averin, Matey Müqerli, Yannis Tamuridis, Markus Eybeger və iyulda Çində aldığı ağır zədəsini sağaldan Aleksandr Surutkoviç iştirak ediblər.
158 km-lik ilk mərhələdə Maksim Averin 6-cı, Yannis Tamuridis 8-ci nəticə göstərib. 178 km-dən ibarət sonuncu mərhələdə isə nəticəmiz daha yüksək olub - belə ki, məsafəni mərhələ qalibindən 6 saniyə sonra başa vuran Matey Müqerli finiş xəttini 2-ci keçib - 4 saat 13 dəqiqə 51 saniyə. Markus Eybeger 6-cı, Maksim Averin 10-cu nəticə göstərib.