Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

Mərkəzi Bankın (MB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 6,5 faiz, aşağı həddi 5 faiz və yuxarı həddi isə 7,5 faiz səviyyəsində sabit saxlanılıb. Faiz dəhlizinin parametrlərinə dair qərar qəbul olunarkən ümumi və baza inflyasiya göstəricilərinin, inflyasiya gözləntilərinin və risklər balansının dinamikası nəzərə alınıb. Eyni zamanda, valyuta bazarında gedən proseslər, bank sektorunun likvidlik mövqeyinin dəyişimi, eləcə də qlobal monetar şəraitdə müşahidə olunan son meyillər qiymətləndirilib. İllik inflyasiya hədəf diapazonu daxilindədir və baza ssenarisi üzrə proqnoz trayektoriyasına uyğun hərəkət edir. 2026-cı ilin sentyabrında 12 aylıq inflyasiya 5,5 faiz təşkil edib ki, bu da avqustdakı analoji göstəriciyə nəzərən 0,2 faiz bəndi aşağıdır.

Valyuta alışı satışı 759 milyon dollar üstələyib

Cari ilin ötən dövründə valyuta bazarında təklif tələbi əhəmiyyətli üstələyib. Bu, həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərib. 2026-cı ilin 9 ayında mübadilə məntəqələri tərəfindən nağd xarici valyutanın müştərilərdən alışı satışını 759 milyon ABŞ dolları üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 3,3 faiz bəndi azalaraq 2026-cı ilin sen?yabrında 25,7 faizə enib.

Valyuta bazarında tələbin kəskin azaldığı, təklifin isə artdığı şəraitdə Mərkəzi Bank tərəfindən valyuta alışları həyata keçirilib. Doqquz ayda Mərkəzi Bankın valyuta ehtiyatları 33,4 faiz artaraq 15,4 milyard ABŞ dollarına yüksəlib. Xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında ölkənin xarici ticarətində 10,5 milyard dollar məbləğində müsbət saldo qeydə alınıb. İlkin məlumatlara görə, yanvar-sentyabr aylarında pul baratları üzrə saldo 830,5 milyon dollar təşkil etməklə ötən ilin müvafiq dövrünə nəzərən 70 faiz artıb. Əsas ixrac məhsulları üzrə qiymətlərin yüksək olması, eləcə də qeyri-neft-qaz əmtəə və xidmətlər ixracı üzrə müsbət meyillərin davam etdiyi şəraitdə Mərkəzi Bank Azərbaycana daxil olacaq valyuta ilə bağlı proqnozunu yüksəldib. Yenilənmiş proqnozlara görə cari əməliyyatlar hesabında 2026-cı ildə 8,5 milyard dollar , 2027-ci ildə isə 5,4 milyard dollar məbləğində profisit gözlənilir.

Monetar sektor göstəriciləri izafi likvidlik şəraitində formalaşır. Məcburi ehtiyat kimi saxlanılmalı olan vəsaitlər nəzərə alınmadan bank sektorunun struktur likvidlik profisiti cari ilin sentyabr ayının sonuna 6,2 milyard manata çataraq ötən ilin dekabrı ilə müqayisədə 2,2 dəfə artıb. Bu şəraitdə təminatsız pul bazarı üzrə istinad faizləri bir qədər azalmağa meyil edir. Belə ki, AZIR dərəcəsi üzrə orta günlük göstərici 2026-cı ilin avqust ayında 6,31 faiz, sentyabr ayında 5,93 faiz, oktyabrın ötən dövründə isə 5,99 faiz olub. Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sistemindəki likvidlik göstəriciləri nəzərə alınmaqla tətbiq olunur. Mərkəzi Bank likvidliyin idarə edilməsində əsasən 7 günlük depozit əməliyyatlarından istifadə edir. Bu əməliyyatların payı sentyabr ayının sonuna açıq bazar əməliyyatları üzrə sterilizasiya portfelinin strukturunda 66,4 faiz təşkil edib.

Yenilənmiş inflyasiya proqnozları

Mərkəzi Bank ölkəmizdə qiymət sabitliyi ilə bağlı yenilənmiş ehtimallarını açıqlayıb. Baza proqnozlarımıza əsasən, inflyasiyanın həm 2026-cı ilin, həm də 2027-ci ilin sonunda 5,9 faiz olacağı gözlənilir. İyul proqnozu ilə müqayisədə inflyasiya proqnozu 2026-cı ilə 0,2 faiz bəndi aşağı, 2027-ci ilə isə 0,1 faiz bəndi yuxarı dəyişdirilib. Qeyd edək ki, baza ssenari üzrə proqnozlar dövlət tərəfindən tənzimlənən qiymət və tariflərin sabit qalmasını nəzərdə tutur.

İnflyasiya üzrə risklər əsasən beynəlxalq mühitlə bağlıdır. Qlobal geosiyasi qeyri-müəyyənlik fonunda enerji və ərzaq qiymətlərinin artması, eləcə də bu artımın əsas ticarət tərəfdaşları vasitəsilə daxili qiymətlərə ötürülməsi riski əhəmiyyətli olaraq qalır. Bu ötürülmənin dərəcəsi, digər amillərlə yanaşı, manatın nominal effektiv məzənnəsinin dinamikasından asılı olacaq.

MB hesab edir ki, inflyasiya ortamüddətli dövrdə hədəf diapazonu daxilində gözlənilsə də, təklif amilləri ilə bağlı inflyasiyanın artması riskləri mövcuddur. Belə ki, müxtəlif bölgələrdə davam edən geosiyasi gərginliklər fonunda artan bir sıra xarici bazar amilləri, ətraf regionlarda və Azərbaycanın sıx ticari mübadilələr həyata keçirdiyi ölkələrdə qiymət dalğalanmalarının artması inflyasiya təzyiqlərini yüksəldə bilər. Baş verən qlobal təsirlərə baxmayaraq, Mərkəzi Bank prioritet hədəfinə uyğun olaraq, məzənnə sabitliyini əsas nominal lövbər kimi qorumaqla faiz dərəcələrinin ötürücülüyünü gücləndirmək və dərinləşdirmək, eyni zamanda, daxili inflyasiya baxımından banklararası faiz dərəcələrini əlavələr kimi istifadə etmək niyyətindədir. Qiymət indeksi ilə bağlı 3 əsas prioritet diqqətdə saxlanılacaq.. Bunlar faiz dərəcələrinin bazar faizlərinə ötürücülüyünü gücləndirmək, AZIR-a istinad edən maliyyə alətlərinin çeşidinin genişləndirilməsi, o cümlədən gəlirlilik əyrisinin formalaşdırılması vasitəsilə kapital və pul bazarlarını dərinləşdirmək, habelə məlumat analitikası və süni intellektdən istifadə etməklə proqnozlaşdırma imkanlarını təkmilləşdirmək kimi hədəf istiqamətləridir.

Bir sözlə, monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi istiqamətində görülmüş səmərəverici tədbirlər yenə də əsas çağırış kimi iqtisadi blokun masasında qalacaq, MB öz mandatına uyğun olaraq zəruri nəzarət alətlərini davam etdirəcək.

E.CƏFƏRLİ