Orta Dəhliz Qafqaz və Mərkəzi Asiyad iqtisadi dayanıqlılığı artıracaq
Beynəlxalq Valyuta Fondu (BVF) Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya dövlətləri üzrə regional iqtisadi icmalını ictimaiyyətə təqdim edib. İcmalda bildirilir ki, 2026-cı ilin ötən dövrü ərzində dünyada hökm sürən geosiyasi gərginliklər, ticari və logistik məhdudiyyətlər qlobal iqtisadi müstəvidə qeyri-müəyyənliyi daha da artırıb. Qlobal iqtisadi mənzərə əsasən geosiyasi gərginliyin artması, qlobal enerji bazarlarında baş verən dalğalanmalar, artan inflyasiya təzyiqləri və beynəlxalq ticarətlə bağlı qeyri-müəyyənlik fonunda formalaşıb. BVF-nin proqnozlarına əsasən, qlobal iqtisadi artımın 2026-cı ildə 3 faiz, 2027-ci ildə isə 3,4 faiz artacağı gözlənilir ki, bu da aprel ayında təqdim olunmuş proqnozlarla müqayisədə 2026-cı il üzrə 0,1 faiz bənd az, 2027-ci il üzrə isə 0,2 faiz bənd çoxdur. Qlobal miqyasda inflyasiyanın səngiməsi prosesi müvəqqəti olaraq dayansa da, ümumi inflyasiyanın 2025-ci ildəki 4,1 faizdən 2026-cı ildə 4,7 faizə yüksələcəyi, 2027-ci ildə isə 3,9 faizə qədər azalacağı proqnozlaşdırılır.
Neftin bahalaşması Azərbaycan, Qazaxıstan və Türkmənistana müsbət təsir göstərir
BVF-nin Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin direktor müavini Roberto Kardarelli bildirib ki, Hörmüz boğazı vasitəsilə dəniz daşımalarında yaranan pozuntular xam neft, mayeləşdirilmiş təbii qaz bazarlarına təsir göstərərək istehsal və nəqliyyat xərclərinin artmasına səbəb olub. Bu vəziyyət neft ixracatçıları üçün şərtləri yaxşılaşdırmaqla, dəyər zəncirlərinə müsbət təsir göstərib. Kardarelli bildirib ki, mövcud vəziyyət Mərkəzi Asiya və Xəzər regionunun neft ixrac edən ölkələrinə, ilk növbədə, Azərbaycan, Qazaxıstan və Türkmənistana müsbət təsir göstərəcək. Belə ki, qlobal iqtisadiyyat üçün mövcud təhdidlərə və artan enerji xərcləri nəticəsində inflyasiya təzyiqinin artması ehtimalına baxmayaraq, xammal bazarlarındakı konyunktura və regionun neft ixrac edən ölkələri üçün ortamüddətli gözləntilər iqtisadi inkişafın müsbət vektorunu yaradır. Cari ilin sonunda 90 dollar civarında dövr edən neftin qiymətləri, o cümlədən etalon kimi qəbul olunan “Brent” markalı neftin qiymətinin bir bareli 86 dollar təşkil edəcək.
İnflyasiya riski səngiməyib
BVF-nin Departament direktorunun müavini Yaxın Şərq və Mərkəzi Asiya ölkələrində inflyasiya risklərinə toxunaraq bildirib ki, yanacaq subsidiyalarının yüksək səviyyəsi, idarə olunan valyuta rejimlərinin üstünlük təşkil etməsi və Mərkəzi bankların əhəmiyyətli dərəcədə müstəqil qərarlar verməsi xarici sarsıntılardan qaynaqlanan inflyasiya təzyiqini neytrallaşdırıb. Ancaq bununla belə, inflyasiya təzyiqləri hər an aktualdır. Aparılan təhlillərə əsasən, sənaye, ərzaq və xammal təchizatında logistika məhdudiyyətləri yaranır və dünyada bütün növ xammal və ehtiyatları bahalaşmış olur. ABŞ, Avrozona və digər regionlarda açıqlanan cari ilin üçüncü rübünün iqtisadi göstəricilərindəki durğunluq qlobal iqtisadiyyatda kəskin inflyasiyanın yarandığını şərtləndirir. Qafqaz və Mərkəzi Asiya ölkələri belə bir mühitdə qiymət artımlarına qarşı mübarizəni nəzarətdə saxlamaq üçün pul-kredit siyasətinin sərtləşdirilməsinə diqqət yetirməlidir.
Beynəlxalq Valyuta Fondunun rəsmisi onu da qeyd edib ki, iri infrastruktur və investisiya layihələrinin, o cümlədən Orta Dəhlizin inkişafı, həmçinin nəqliyyat-logistika əlaqələrinin möhkəmləndirilməsi Qafqaz və Mərkəzi Asiya ölkələri iqtisadiyyatlarının xarici şoklara qarşı dayanıqlığını artırır. Fondun təqdim etdiyi məlumatlar adıçəkilən region ölkələrinin əksəriyyətində iqtisadi artımın kifayət qədər yüksək səviyyədə qaldığını göstərir.
İxracın şaxələndirilməsi ticarətdə daha yaxşı nəticələr yaradır
Valyuta Fondunun Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin baş iqtisadçısı Florian Niş isə bildirib ki, idxal həcmləri, ticarət tərəfdaşlarının coğrafiyası və gətirilən məhsulların müxtəlifliyi baxımından region bütövlükdə qlobal tendensiyalara uyğundur. Lakin ixrac sahəsində tədarükün məhdud sayda əmtəə mövqelərində yüksək səviyyədə cəmləşməsi səbəbindən əhəmiyyətli boşluqlar qalmaqdadır. Xüsusilə də, son 20 il ərzində Mərkəzi Asiya ölkələrinin əksəriyyətində ixracın şaxələndirilməsində əhəmiyyətli irəliləyiş müşahidə olunmayıb. Ona görə də, qeyd edilən region ölkələri ixracda diversifikasiyanı artırmaqla, ticarətdə daha yaxşı nəticələr nümayiş etdirə bilər.
BVF nümayəndəsi regionun dayanıqlığını təmin edən digər mühüm amil kimi pul köçürmələrinin əhəmiyyətinə də diqqət çəkib. Belə ki, böyük maliyyə axınları iqtisadiyyatlara dəstək olur. Rusiya və Ukrayna arasında silahlı münaqişə başladıqdan sonra regiona əhəmiyyətli həcmdə maliyyə və insan kapitalı yönəlib, həmçinin pul köçürmələrinin məbləği artıb.
E.CƏFƏRLİ