Makron prezidentlik postundan necə yola salınır?

Gələn il Fransada prezident seçkiləri keçiriləcək. Artıq tarix də müəyyənləşib. Seçkilərin birinci turu aprelin 18-ə, ikinci turu isə mayın 2-nə təyin olunub.

Seçkilərin nəticəsindən asılı olmayaraq, Yelisey Sarayının sahibinin dəyişəcəyi bəri başdan bəllidir.  Hazırkı prezident Emmanuel Makron ardıcıl iki müddət (2018-ci ildən etibarən) bu postu tutduğuna görə konstitusiya onun üçüncü dəfə seçkilərə qatılmasına hüquqi əsas yaratmır.

Beləliklə, Makronun dövlət başçısı vəzifəsindən məcburi şəkildə getməsinə bir ildən də az vaxt qalır. Sual belədir: Bəs Makron prezidentlik postundan necə yola salınır? Əlbətdə, Makronun özü çox istərdi ki, Yelisey Sarayı onu təmtəraqla yola salsın və adı Fransa tarixində sələflərinin ənənələrini davam etdirən yenilikçi, islahatçı, tarixdən gələn demokratik prinsiplərə sadiqlik göstərən prezident kimi qalsın. Fəqət, son vaxtlarda ölkənin ictimai-siyasi həyatında müşahidə edilən proseslər, iqtisadi tənəzzül, sosial gərginlik, beynəlxalq nüfuzun itirilməsi və bütün bunların nəticəsi olaraq Parisdə, əyalətlərdə baş verənlər Makronun xəyallarını suya salaraq əridib. İndi o, çətin seçim qarşısındadır - ya impiçment baş verməli, vaxtından əvvəl postundan qovulmalıdır, ya da ki, Yelisey Sarayında mövcudluğunun son aylarını Fransa cəmiyyətinə zor tətbiq etməklə qoruyub saxlamalıdır. Makron ikinci yolu seçib.

Bütün ölkəni bürüyən etirazlar

Fransa dünyada inqilablar ölkəsi kimi tanınır. Müxtəlif vaxtlarda baş verən inqilablar Fransa tarixində yeni bir başlanğıc yaradıb. Son vaxtlarda Parisi, əyalətləri bürüyən etirazlar ölkədə yeni inqilab dalğasının başlaya biləcəyindən xəbər verir. Şagirdlərin, tələbələrin küçələrə axışması ilə start götürən etirazlar artıq kütləvi hal alıb. Müxtəlif sahələri təmsil edən insanlar gecə-gündüz küçələrdədirlər. İri həmkarlar ittifaqları tətilləri dəstəkləyir və kütləvi aksiyalara çağırışlar edirlər.

Ölkə üzrə keçirilən son kütləvi etiraz aksiyalarında iştirakçıların sayı ilə bağlı həmkarlar ittifaqları və Daxili İşlər Nazirliyi fərqli rəqəmlər açıqlayıb. Gənclər təşkilatlarını və həmkarlar ittifaqlarını birləşdirən qurumun məlumatına görə, ölkə üzrə son nümayişlərə gün ərzində təxminən 500 min nəfər qatılıb. Onlardan 200 mini Parisdə küçələrə çıxıb.

Daxili İşlər Nazirliyi isə ölkə üzrə 320, paytaxtda 70 min nəfərin nümayişlərə qatıldığını bildirib. Parisdə nümayişin əsas hissəsi sakit keçsə də, yürüşün sonunda qarşıdurmalar baş verib. Daxili İşlər Nazirliyinin məlumatına görə, 200-300 nəfərlik qrupla polis arasında toqquşmalar zamanı partlayıcı qurğu polis əməkdaşlarından birinə dəyib.

Fransa Tələbələrinin Milli İttifaqı etiraz aksiyalarının davam etdiriləcəyini bildirib. Təşkilat universitetlərdə təşkilatlanmağa, bundan sonra isə ölkə üzrə universitet və liseylərin blokadaya alınmasına çağırıb. Lisey şagirdləri və tələbə birlikləri də qarşıdakı günlərdə təhsil müəssisələrində etiraz aksiyalarının keçirilməsini gündəmə gətirib. “Sarı jiletlilər” hərəkatı noyabrın 6-da və 7-də etirazların davam etdirilməsinə çağırıb. Bundan əvvəl, noyabrın 5-də həmkarlar ittifaqlarının nümayişlər keçirməsi planlaşdırılır.

Öz növbəsində hökumət aksiyaların qarşısını almaq üçün güc strukturlarını hazır vəziyyətə gətirib. Oktyabrın 31-də keçirilən nümayişlər zamanı küçə və meydanlarda etirazçılara qarşı 70 min polis və jandarm səfərbər edilib. Güc strukturlarının nümayəndələrinə geniş səlahiyyətlər verilib. Onlar nümayişçilərin qarşısını kəsmək məqsədilə su şırnaqlarından, rezin güllələrdən istifadə edirlər, hətta etirazçıları təpik altına salıb döyməkdən belə çəkinmirlər. Küçələrə öyrədilmiş itlər buraxılıb - onlar etirazçıları dişləyərək geri çəkilməyə məcbur edirlər. Təkcə son aksiyalarda   Fransada hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan nümayişçilərin sayı 511 nəfərə yüksəlib. Bildirilib ki, oktyabrın 31-də keçirilən etirazlar həmin ayın 17-də və 24-də təşkil olunan genişmiqyaslı nümayişlərin davamı olub. Bu aksiyalar bir sıra şəhərlərdə polislə toqquşmalar və mağazaların talan edilməsi ilə müşayiət olunub. Bir neçə şəhərdə polislə etirazçılar arasında baş verən şiddətli toqquşmalar nəticəsində azı 60 nümayişçi yaralanıb. Həmçinin son toqquşmalarda 18 polisin yaralandığı bildirilir. Lakin bu statistika dəqiq deyil. Belə ki, təkcə Marsel polis prefekturasının hesabatına görə, şəhərdəki iğtişaşlar və talanlar zamanı 19 asayiş keşikçisi yaralanıb. Parisdə isə etirazçıların yandırıcı maddələr atması nəticəsində bir neçə jandarm əməkdaşının ciddi yanıq xəsarətləri aldığı bildirilir.

Verilən məlumatlardan da göründüyü kimi, artıq Fransada proseslər nəzarətdən çıxıb və getdikcə daha çox dərəcədə idarəolunmaz hala gəlir. Bəs cəmiyyətin müxtəlif təbəqələrini küçələrə çıxmağa sövq edən amillər hansılardır?

Kütləvi narazılığın əsas səbəbi - Makronun yarıtmaz siyasəti

Makronun 2018-ci ildən başlayan prezidentliyi dövründə Fransa bütün sahələrdə deqradasiyaya uğrayıb - həm demokratiyadan uzaqlaşıb, həm də daxili və xarici siyasətdə uğursuzluqlarla üzləşib ki, bu da kütləvi narazılığa yol açıb. Yerli ekspertlər o qənaəti bölüşürlər ki, bugünkü etirazların mənbəyini məhz Makronun yürütdüyü yanlış siyasətdə axtarmaq lazımdır.

Makronun səriştəsiz siyasəti iqtisadiyyatda son dərəcə ağır vəziyyətin yaranması ilə nəticələnib. Fransa iqtisadiyyatının ən narahatedici göstəricilərindən biri dövlət borcunun sürətlə artmasıdır. Fransa Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun (INSEE) məlumatlarına əsasən, 2025-ci ilin sonuna dövlət borcu 3,46 trilyon avroya çatıb. Bu, ölkənin ümumi daxili məhsulunun (ÜDM) 115,6 faizini təşkil edib. Büdcə kəsiri isə 152,5 milyard avroya, yaxud ÜDM-in 5,1 faizinə bərabər olub. Təkcə 2025-ci il ərzində dövlət borcu daha 154,4 milyard avro artıb.

Bu rəqəmlər Fransanın dövlət xərclərini maliyyələşdirmək üçün hələ də böyük həcmdə borclanmağa məcbur olduğunu göstərir. Eyni zamanda, borca xidmət xərclərinin artması dövlət büdcəsinə əlavə yük yaradır.

Avropa Komissiyasının proqnozlarına görə, dövlət borcunun ÜDM-ə nisbəti 2026-cı ildə 118,1 faizə çatacaq, 2027-ci ildə isə 120 faizi ötəcək. Mövcud siyasət davam edərsə, 2027-ci ildə büdcə kəsirinin ÜDM-in 5,7 faizinə yüksələcəyi gözlənilir. Belə olan halda Fransa rəhbərliyinə ünvanlanan əsas sual ortaya çıxır: Makronun prezidentliyi dövründə büdcə kəsirinin davamlı şəkildə azaldılmasına niyə nail olunmayıb?

Fransa iqtisadiyyatının problemi yalnız dövlət borcunun həcmi və büdcə kəsiri  ilə məhdudlaşmır. İqtisadi artım tempinin zəif olması da vəziyyəti çətinləşdirən əsas amillərdəndir. Avropa Komissiyasının proqnozuna görə, 2027-ci ildə Fransada ÜDM-in artımının 1,1 faiz, inflyasiyanın isə 2,5 faiz təşkil edəcəyi gözlənilir.

Verilən səhv siyasi qərarlar və permanent hökumət böhranları

Makronun siyasi səriştəsizliyi və bu üzdən aldığı səhv qərarlar ölkənin idarəolunmaz vəziyyətə düşməsinin digər səbəbidir. Onun yanlış siyasi qərarlarından biri 2024-cü ildə növbədənkənar parlament seçkilərinin keçirilməsi olub. Avropa Parlamentinə seçkilərdə prezidentin nəzarətində olan mərkəzçi koalisiyanın məğlubiyyətindən sonra Makron Milli Assambleyaya növbədənkənar seçkilər təyin etdi. O, bu addımla yeni parlament çoxluğu əldə etməyi və öz siyasətinin siyasi dayaqlarını möhkəmləndirməyi hədəfləyirdi. Lakin nəticə gözlənilənin əksinə oldu. Seçkilərdən sonra Fransa parlamentində üç əsas siyasi düşərgə formalaşdı: sol qüvvələr, prezidentin mərkəzçi siyasi bloku və sağçı-millətçi qüvvələr.

Bununla da Makron parlamentdə siyasi dəstəyini itirdi. Xatırladaq ki, son illərdə Fransada ardıcıl hökumət böhranları yaşanır. Verdiyi qərarların parlamentdə təsdiqinə nail ola bilməyən Makron hətta konstitusiyanın ziddinə addımlar atmaq məcburiyyətində qalır ki, bunun da nəticəsində ona qarşı siyasi qüvvələrin təzyiqləri daha da artır.

Ölkə sosial gərginlik girdabında

Verilən səhv qərarlar, iqtisadiyyatdakı tənəzzül meylləri özünü sosial sferada da göstərir. Fransada 2023-cü ildə uğursuz pensiya islahatı aparılıb. Yelisey Sarayı bu addımı əhalinin yaşlanması fonunda pensiya sisteminin maliyyə dayanıqlığını qorumaq zərurəti ilə əsaslandırırdı.

Lakin islahat ciddi siyasi mübahisələrə səbəb oldu, etirazlar baş qaldırdı. Parlament pensiya islahatı təşəbbüsünü dəstəkləmədi. Belə olan halda hökumət Fransa Konstitusiyasının 49.3-cü maddəsindən istifadə edərək qanun layihəsini Milli Assambleyada ayrıca səsverməyə çıxarmadan qəbul etdi. Bu mexanizm hökumətə qarşı etimadsızlıq votumu uğursuz olduğu halda qanun layihəsinin qəbul edilməsinə imkan verir. Nəticədə ölkə üzrə kütləvi etirazlar və tətillər başladı. Bu proses Makronun idarəçilik üslubu ətrafında müzakirələri daha da gücləndirdi.

Uğursuz siyasətin nəticəsi olaraq Fransada əhalinin gəlir imkanları əhəmiyyətli dərəcədə azalıb. Ötən il ölkədə evsiz və yaşayış yeri olmayan 927 nəfər həyatını itirib. Bu barədə “Les Morts de la rue” assosiasiyasının illik hesabatında bildirilir. Hesabata əsasən, ölənlərin orta yaşı 49 olub, onların 83 faizi kişilərdir. Qurbanlardan 306-sı küçələrdə yaşayıb, 264-ü sığınacaqlarda məskunlaşıb. Daha 357 nəfərin isə harada gecələdiyi məlum deyil. Ölənlər arasında 15 yaşdan kiçik 20 uşaq da var. Hesabatda 148 zorakı ölüm faktı qeydə alınıb. Assosiasiyanın məlumatına görə, evsizlərin ölüm sayı 2012-ci illə müqayisədə 2,2 dəfə artıb.Hesabat müəllifləri bu ölümləri dərin sosial böhranın nəticəsi kimi qiymətləndirərək onların qaçılmaz olmadığını, yoxsulluq və sosial müdafiə sahəsindəki siyasi və ictimai qərarlarla əlaqəli olduğunu bildirirlər.Bu gün Fransada cərəyan edən proseslər, iqtisadiyyatdakı tənəzzül, siyasi böhran, xalqın etirazları “Makron prezidentlik postundan necə yola salınır” sualının ən konkret cavabıdır...

Mübariz ABDULLAYEV