Ermənistan Azərbaycanın formalaşdırdığı sülh gündəliyi ilə razılaşır
Vətən müharibəsində əldə etdiyimiz Qələbədən sonra Azərbaycanın atdığı addımlar, bölgədə yaratdığı yeni siyasi reallıqlar sülhün demək olar ki, bütün ştrixlərini müəyyənləşdirib. Bakı müəllifi olduğu sülh layihəsinin imkanlarını bütün dünyaya təqdim edib və bütün dünya bu reallıqları artıq qəbul edir - hər kəs dərk edir ki, yeni iqtisadi nizamın astanasında Azərbaycan Cənubi Qafqazda qlobal münasibətlər sisteminin mühüm bir mərhələsini yaradır: mühüm bir geostrateji məkanda təhlükəsizliyin təmini üçün bütün standartları müəyyənləşdirib, yeni yol xəritəsi formalaşdırıb. Beynəlxalq aləm bütövlükdə ölkəmizin bu addımını təqdir edir, Zəngəzur dəhlizinin (TRPP) açılmasını və sülh ilə bağlı son mərhələyə qədəm qoyulmasını dəstəkləyir. Bir sözlə, Bakının təşəbbüsü ilə meydana gələn sülh layihəsi yeni dövrdə zərurətə çevrilib - bunu Ermənistan cəmiyyəti və siyasi hakimiyyəti də dərk e?ir. Təsadüfi deyil ki, Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə “Euronews” telekanalı tərəfindən təşkil olunmuş “Avropanın gələcəyi” sammitində çıxışı zamanı bu faktı bir daha təsdiqləyib.
Ermənistanın baş naziri: İrəvan və Bakı arasında sülh...
Paşinyan bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. O vurğulayıb ki, İrəvan və Bakı arasında münaqişənin sülh yolu ilə həllinə dair Vaşinqton razılaşmaları artıq real məzmun kəsb edib. Bununla belə, indi əsas məsələ həmin razılaşmaların institusional əsaslarını formalaşdırmaqdır. O, iki ölkənin xarici işlər nazirləri tərəfindən 2025-ci il avqustun 8-də Vaşinqtonda paraflanmış sülh müqaviləsinin imzalanmasının və ratifikasiyasının vacibliyini qeyd edib.
Regional əməkdaşlıqdan danışan ?aş nazir bildirib ki, o, Cənubi Qafqazı fərqliliklərə baxmayaraq, inkişaf üçün birgə yanaşma və strategiya formalaşdırmağa imkan verən ümumi maraqların mövcud olduğu vahid bir region kimi nəzərdən keçirir.
“Gürcüstanla artıq çox yaxşı əməkdaşlığımız qurulub. Ənənəvi olaraq, münasibətlərimiz sıx və dostluq xarakteri daşıyır. Hazırda biz ikitərəfli ticarət əlaqələrimiz olan Azərbaycanla da münasibətlər qururuq. İndi isə regional infrastruktur əlaqələrinin inkişafı üçün yeni imkanlar açacaq TRIPP layihəsini həyata keçirmək niyyətindəyik”, - Paşinyan qeyd edib.
Onun sözlərinə görə, İrəvan və Bakı arasında sülh, TRIPP layihəsinin həyata keçirilməsi və Gürcüstan, Ermənistan və Azərbaycanın xüsusilə logistika sahəsindəki əməkdaşlığı qlobal tədarük zəncirləri böhranının aradan qaldırılması üçün imkanlar yaradır. “Bütün bu proses Cənubi Qafqaza beynəlxalq arenada tamamilə yeni bir mövqe tutmağa imkan verəcək”, - o bildirib.
Paşinyan Mərkəzi Asiyanın regiona yaxınlığına və bütövlükdə bölgənin qlobal əhəmiyyətinin artmasına da diqqət çəkib. Onun sözlərinə görə, yeni beynəlxalq ticarət marşrutunun formalaşması Avropa İttifaqı, Çin, Yaxın Şərq, Şimali Afrika və digər regionlar üçün əhəmiyyət kəsb edəcək.
Paşinyandan etiraf...
Paşinyanın bu etirafı Ermənistanın da Azərbaycanın bölgə üçün formalaşdırdığı yeni gələcəkdə iştirak etmək istəyinin təzahürüdür. Həqiqətən də 2020-ci ildən sonra Bakının diqtəsi ilə formalaşmağa başlayan yeni regional münasibətlər sistemi Cənubi Qafqaz üçün tamamilə fərqli perspektivlər açır. Uzun illər ərzində bölgənin inkişafına mane olan münaqişə faktoru aradan qalxdıqca, iqtisadi inteqrasiya və qarşılıqlı əməkdaşlıq imkanları ön plana çıxır. Azərbaycanın post-müharibə dövründə nümayiş etdirdiyi konstruktiv yanaşma, revanşizmə deyil, sülhə və əməkdaşlığa üstünlük verməsi regionda yeni siyasi atmosfer yaradıb. Bu yanaşma həm region dövlətlərinin, həm də beynəlxalq tərəfdaşların maraqlarına cavab verir.
Yeni münasibətlər sisteminin əsas xüsusiyyətlərindən biri iqtisadi əməkdaşlığın siyasi münasibətlərə müsbət təsir göstərməsidir. Müasir dünyada davamlı inkişafın əsas şərtlərindən biri regional inteqrasiyadır. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr, o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri region ölkələrinin iqtisadi potensialını artırmaqla yanaşı, onları qlobal iqtisadi sistemin mühüm iştirakçılarına çevirir. Bu layihələr vasitəsilə Avropa, Asiya və Yaxın Şərq arasında yeni ticarət marşrutları formalaşır ki, bu da Cənubi Qafqazın geoiqtisadi əhəmiyyətini əhəmiyyətli dərəcədə yüksəldir.
Ermənistanın əldə edəcəyi imkanlar...
Paşinyanın qeyd etdiyi kimi, Azərbaycanın təşəbbüsü ilə meydana çıxan Zəngəzur dəhlizi (TRPP) bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Layihənin reallaşması Azərbaycanı Naxçıvan vasitəsilə Türkiyə ilə birbaşa birləşdirməklə yanaşı, regionda yeni iqtisadi imkanlar yaradacaq. Eyni zamanda, Ermənistan da bu prosesdən faydalanmaq imkanı əldə edəcək. Uzun illər regional layihələrdən kənarda qalan Ermənistan yeni kommunikasiya xətlərinə qoşulmaqla iqtisadi canlanma əldə edə, yeni bazarlara çıxış imkanlarını genişləndirə bilər. Sülh şəraitində Ermənistan Mərkəzi Asiya ölkələri ilə daha geniş ticarət əlaqələri qurmaq, Türkiyə üzərindən Avropaya çıxış əldə etmək və regional layihələrdə iştirak etmək imkanı qazanacaq. Beləliklə, yeni münasibətlər sistemi qalib və məğlub anlayışlarından daha çox, qarşılıqlı fayda və ortaq maraqlar prinsipi üzərində qurulur.
Digər tərəfdən, yeni regional nizam beynəlxalq investorların diqqətini də bölgəyə cəlb edir. Sabitlik və təhlükəsizlik mühiti gücləndikcə xarici investisiyalar üçün daha əlverişli şərait formalaşır. Bu isə yeni iş yerlərinin açılması, infrastrukturun inkişafı və ümumi rifah səviyyəsinin yüksəlməsi deməkdir. Nəticə etibarilə, Azərbaycanın təşəbbüsü ilə formalaşan yeni münasibətlər sistemi regionu münaqişə məkanından əməkdaşlıq məkanına çevirmək potensialına malikdir.
Konstitusiya dəyişikliyi prosesi sürətlənməlidir
Paşinyanın bu etirafları nəhayət ki, Ermənistanın reallıqları tam dərk etdiyinin də göstəricisi sayıla bilər. O baxımdan ki, erməni baş nazir bütün dediklərinin reallaşması üçün siyasi iradə nümayiş etdirməli və Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı prosesi sürətləndirməlidir. Bəlli olduğu kimi, sülhün əldə olunmasına mane olan əsas amil Ermənistanın Konstitusiyasında mövcud olan ərazi iddialarıdır. Azərbaycanla uzunmüddətli və davamlı sülh yalnız hüquqi ziddiyyətlər aradan qaldırıldıqdan sonra mümkündür. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı dolayısı və ya birbaşa iddiaların qalması sülh sazişinin ruhuna ziddir.
Bu məsələ təkcə Bakının tələbi deyil, beynəlxalq hüququn fundamental prinsiplərindən irəli gəlir. Dövlətlərin ərazi bütövlüyünün tanınması və qarşılıqlı suverenliyə hörmət sülhün əsas şərtidir. Tarix göstərir ki, iqtisadi əməkdaşlıq və qarşılıqlı əlaqələr regional sabitliyin qorunmasının ən effektiv vasitələrindən biridir. Konstitusiya dəyişikliyinin ardından sülhün imzalanması, dövlətlər arasında iqtisadi əlaqələrin formalaşması qarşıdurma ehtimalları?? da bir o qədər azaldır. Bu baxımdan Cənubi Qafqazda əməkdaşlıq imkanlarının genişlənməsi bölgənin təhlükəsizlik mühitinə mühüm töhfə verə bilər. Müharibədən sonrakı dövrdə yaranan yeni geosiyasi vəziyyət region dövlətlərini əməkdaşlığa sövq edən əsas amillərdən biri kimi çıxış edir.
P.İSMAYILOV