8 Noyabr – Zəfər tariximizin şanlı səhifəsi

8 Noyabr – Zəfər tariximizin şanlı səhifəsi

8 Noyabr Azərbaycan xalqının yaddaşında illərlə ürəyimizdə yaşatdığımız bir arzunun gerçəyə çevrildiyi, milli qürurumuzun, iradəmizin və dövlətçilik əzmimizin bütün dünyaya nümayiş olunduğu möhtəşəm tarixdir. Bu gün xalqımızın yaddaşına Zəfər Günü kimi əbədi həkk olunub. Çünki bu zəfərin arxasında hərbi uğurla yanaşı, bütöv bir xalqın inamı, səbrlə gözlədiyi ədalət, şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və güclü dövlət iradəsi dayanır. Uzun illər ərzində Qarabağ həsrəti Azərbaycan xalqının qəlbində sağalmayan bir yara kimi yaşadı. Doğma yurdlarından didərgin düşən insanların xatirələrində qalan evlər, yarımçıq arzular, bir gün torpaqlarına qayıtmaq ümidi nəsildən-nəslə ötürüldü. Hər bir azərbaycanlı üçün Qarabağ milli kimliyimizin, tariximizin və mənəvi varlığımızın ayrılmaz parçası idi. Zaman keçsə də, bu torpaqlara qayıdış inamı heç vaxt sönmədi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu. 44 gün ərzində Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq nümayiş etdirərək torpaqlarımızı işğaldan azad etdi. Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi əməliyyatlar xalqımızın birliyini, ordumuzun gücünü və dövlətimizin siyasi iradəsini bütün dünyaya göstərdi. Bu müharibədə hər qarış torpaq uğrunda döyüşən əsgər və zabitlərimiz tarix yazdılar. Onların hər addımında Vətən sevgisi, hər qələbəsində isə bütöv bir xalqın arzusu vardı. Zəfər tariximizin ən möhtəşəm səhifələrindən biri isə 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi oldu. Şuşanın azadlığı strateji əhəmiyyətli şəhərin geri qaytarılması, Azərbaycan mədəniyyətinin, musiqisinin, ədəbiyyatının, milli ruhunun öz doğma ünvanına qovuşması idi. Prezident İlham Əliyevin Şəhidlər xiyabanından xalqa müraciətində səsləndirdiyi “Əziz Şuşa, sən azadsan!” sözləri milyonlarla insanın qəlbində illərin həsrətinə son qoyan tarixi bir müjdə kimi əks-səda verdi. Həmin an sevincdən dolan gözlər, dalğalanan üçrəngli bayrağımız və xalqımızın yaşadığı qürur hissi Zəfərin unudulmaz mənzərəsinə çevrildi. Noyabrın 9-dan 10-na keçən gecə Ermənistanın kapitulyasiya aktını imzalaması ilə müharibə Azərbaycanın tarixi qələbəsi ilə başa çatdı. Lakin bu qələbənin qiyməti çox ağır oldu. Vətən torpağının azadlığı uğrunda minlərlə igidimiz canından keçdi. Bu gün azad səmalarda dalğalanan bayrağımızın hər qatında bir şəhidin arzusu, hər azad edilmiş kəndin və şəhərin daşında bir qəhrəmanın izi var. Şəhidlərimizin bizə əmanət etdiyi bu torpaqlarda yaşamaq, qurmaq və gələcək nəsillərə ötürmək hər birimizin mənəvi borcudur. Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda başlanan genişmiqyaslı quruculuq işləri qələbəmizin davamıdır. Vaxtilə dağıdılmış şəhərlər yenidən qurulur, yollar çəkilir, məktəblər, yaşayış məntəqələri salınır, doğma yurdlarına qayıdan insanlar yeni həyata başlayırlar. Bu gün Qarabağda ucalan hər yeni bina, açılan hər məktəb, səslənən hər uşaq gülüşü qələbəmizin əbədi və dönməz olduğunun göstəricisidir. 8 Noyabr bizə bir həqiqəti də xatırladır: xalq bir yumruq kimi birləşəndə, dövlətin iradəsi, ordunun gücü və millətin inamı eyni məqsəd ətrafında cəmləşəndə ən çətin hədəflər belə gerçəyə çevrilir. Ulu Öndər Heydər Əliyevin möhkəm təməllər üzərində qurduğu müstəqil Azərbaycan dövlətçiliyi Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün ən möhtəşəm tarixi nailiyyətlərindən birinə imza atdı. Bu gün Zəfər Gününü qeyd edərkən biz həm keçmişin qəhrəmanlığını xatırlayır, həm də gələcəyimizə baxırıq. Qarşımızda dayanan əsas vəzifə qazanılmış tarixi nailiyyətləri qorumaq, güclü Azərbaycanı daha da inkişaf etdirmək və şəhidlərimizin əziz xatirəsinə layiq bir gələcək qurmaqdır. 8 Noyabr xalqımızın tarix qarşısında yazdığı qürur dastanıdır. Bu dastan heç vaxt bitməyəcək, çünki onun qəhrəmanları xalqımızın yaddaşında, adı isə Azərbaycanın şanlı tarixində əbədi yaşayacaq! Zəfər bayramınız mübarək!

Səfa Ağayev YAP İmişli rayon təşkilatının sədri