AzərTAc: Şahbuz rayonunun Şada kəndində əsgəri məişət-yaşayış kompleksi və zabit ailələri üçün yaşayış binası istifadəyə verilib. Bu münasibətlə keçirilən mərasimdə Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova raport verdikdən sonra çıxış edərək Muxtar Respublikada aparılan ordu quruculuğundan danışıb. Ali Məclisin sədri Vasif Talıbov yeni əsgəri məişət-yaşayış kompleksi və zabit ailələri üçün yaşayış binasının istifadəyə verilməsi münasibətilə hərbi hissənin əsgərlərini, zabit heyətini və onların ailələrini təbrik edib, xidməti vəzifələrində uğurlar arzulayıb. V.Talıbov deyib ki, hər bir dövlətin möhkəmliyi, onun müstəqilliyinin davamlılığı üçün ordunun güclü olması vacib şərtlərdən biridir: “Ordunun güclü olması üçün dövlət qayğısı, xalq dəstəyi, dövlət-ordu-xalq birliyi vacib şərtlərdən biridir. Bütün bunlar ölkəmizdə mövcuddur. Dağlıq sərhəd bölgəsində yaradılan şərait dövlət dəstəyinin nəticəsidir. Orduya əhali tərəfindən qayğı da hər il keçirilən tədbirlərdə öz əksini tapır. Cari ildə də mövsüm ərzində hərbi hissələrə bayram sovqatları, kənd təsərrüfatı məhsulları aparılmışdır. Arxa cəbhədə olan analarımız, bacılarımız tərəfindən orduda xidmət edən əsgərlər üçün min dəstlərlə isti əlcəklər, corablar toxunaraq hərbi hissələrə təhvil verilmişdir”.
Ali Məclisin sədri Vasif Talıbov orduya dəstək kampaniyasında iştirak edən hər bir şəxsə, hər bir təşkilata öz təşəkkürünü bildirib. Sonra əsgəri məişət-yaşayış kompleksinə və qərargah binasına baxış keçirilib. Ali Məclisin sədri kompleksin əsgər yataqxanası ilə tanış olub.