Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi Moskvada Rusiya Müftiləri Şurası ilə birlikdə müqəddəs Qurban Bayramı münasibətilə xeyriyyə tədbiri keçirib. Fondun və Şuranın nümayəndələri 43 nömrəli ixtisaslaşdırılmış uşaq evinə, azərbaycanlı və rus müharibə veteranlarının yaşadıqları evlərə qurban əti paylayıblar. Uşaq evinin rəhbərliyi Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya və qurumun nümayəndələrinə uşaqlara göstərilən qayğı və diqqətə görə dərin minnətdarlığını bildirib, bu xeyriyyə tədbirini humanizm, mərhəmət və qayğı aksiyası kimi qiymətləndirib. Qeyd edilib ki, aksiya yüksək mənəvi ideallara gözəl nümunədir və mənəvi əlaqələrimizi möhkəmləndirir. Böyük Vətən müharibəsinin veteranları da yada salındıqları üçün hər iki quruma minnətdarlıqlarını bildiriblər.