Azərbaycanın NATO ilə imzaladığı “Sülh Naminə Tərəfdaşlıq” Proqramı və Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planında (İPAP) götürdüyü öhdəliklər arasında Müdafiə Nazirliyinin bəzi struktur rəhbərlərinin mülkü şəxs olması nəzərdə tutulur. APA-nın bildirdiyinə görə, bu barədə Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib: “Bizə əsas lazımdır ki, bu gün Azərbaycan ordusu yüksək səviyyədə öz fəaliyyətini davam etdirsin”.
Z.Əsgərov onu da bildirib ki, Azərbaycan tərəfi Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Barak Obama ilə keçirdiyi görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni müzakirə etməsini yüksək qiymətləndirir: “Türkiyənin baş naziri həmin görüşdə birmənalı olaraq qeyd etdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Türkiyə-Ermənistan yaxınlaşması ilə çox bağlıdır. Dağlıq Qarabağ münaqişəsinin həlli olmadan Türkiyə-Ermənistan münasibətlərində yaxınlaşma ola bilməz”.