Dekabrın 15-də Bişkekdəki Türkdilli ölkələrin Siyasətinə Dəstək Fondunun sədri Nüsrət Məmmədov Qırğızıstan Prezidenti Administrasiyasının rəhbəri Kanıbek Joroyevlə görüşüb. Görüşdə Ulu öndər Heydər Əliyevin adının əbədiləşdirilməsi məsələləri geniş müzakirə edilib. Bişkekdə Heydər Əliyev günlərinin keçirilməsi, paytaxtın mərkəzi küçələrindən birinə və bir təhsil müəssisəsinə ümummilli liderin adının verilməsi, Ulu öndərin adına parkın yaradılması və abidəsinin qoyulması məsələləri diqqət mərkəzində olub.
Nüsrət Məmmədov görüşdə deyib ki, ümummilli lider Heydər Əliyev Moskvada işləyərkən Qırğızıstana yüksək diqqət və qayğı göstərib, Onun təşəbbüsü ilə Bişkekdə Suvorov adına Hərbi Məktəb açılıb. Heydər Əliyev 1995-ci ildə “Manas” dastanının 1000 illiyi ilə bağlı tədbirlərdə iştirak edib.
Görüşdə Bişkekdə “Azərbaycan evi”nin yaradılması məsələsi də müzakirə olunub. Xatırladaq ki, dekabrın 2-də Nüsrət Məmmədov Qırğızıstan Prezidenti Kurmanbek Bakiyevlə görüşüb, yuxarıda deyilən məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, dövlət başçısı fond sədrinin təkliflərini bəyənib.