Qırğızıstanda fəaliyyət göstərən "Nur Telekom"un rəsmi internet səhifəsində getmiş səhv düzəldilib

Qırğızıstanda fəaliyyət göstərən "Nur Telekom"un rəsmi internet səhifəsində getmiş səhv düzəldilib
AzərTAc: Bir müddət əvvəl Qırğızıstanın “Nur Telekom” mobil telefon operatorunun www.o.kg rəsmi internet səhifəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi səhvən Ermənistanın tərkibində göstərilib.
Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu və Qırğızıstan azərbaycanlılarının “Azəri” cəmiyyətindən verilən məlumatda bildirilir ki, bu qurumların rəhbərliyi adından həmin səhvlə bağlı Qırğızıstanın xarici işlər naziri Kadırbəy Sarbayevə etiraz məktubu göndərilib. Bir neçə gündən sonra Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fonduna və Qırğızıstan azərbaycanlılarının “Azəri” cəmiyyətinin ünvanına ölkənin xarici işlər nazirinin imzası ilə cavab məktubu gəlib. Məktublarda “Nur Telekom” mobil telefon operatorunun internet səhifəsində yol verilmiş səhvin aradan qaldırıldığı və Dağlıq Qarabağın beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasının tərkibində göstərildiyi diqqətə çatdırılıb.