özünün gündəlik fəaliyyətində sosial məsələləri daim diqqət mərkəzində saxlayan Heydər Əliyev Fondu Yeni il ərəfəsində Şamaxı sakinlərini daha bir neçə hədiyyə ilə sevindirib. Rayonun dağ kəndlərinə işləyən nəqliyyat vasitələrinin fəaliyyətini yaxşılaşdırmaqla bağlı əhalinin müraciətlərinə əsasən, Fondun təşəbbüsü ilə dekabrın 28-də şamaxılılara 4 sərnişin avtobusu bağışlanıb.
Yeni avtobusların təqdimat mərasimində çıxış edən rayon ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevin bölgələrin inkişafına göstərdiyi diqqət və qayğıdan, insanların istək və arzularına həssas münasibətindən danışıblar.
Diqqətə çatdırılıb ki, ölkəmizin hər yerində olduğu kimi, Şamaxıda da sürətli quruculuq işləri həyata keçirilir və insanların həyat səviyyəsinin yüksəldilməsi məqsədi ilə yeni müəssisələr istifadəyə verilir.
Sakinlər deyiblər ki, son illərdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə rayonda bir sıra məktəblərin binaları əsaslı təmir edilib və müasir avadanlıqla təchiz olunub. Sonra “İsuzu” və “Hyunday” markalı avtobusların açarları təntənəli surətdə sürücülərə təqdim edilib.
Mərasimdə diqqətə çatdırılıb ki, yeni avtobusların işləyəcəyi Şamaxının Quşçu, Pirqulu kəndləri, Sabir qəsəbəsi və şəhərarası marşrutlarda əhalinin rahat gediş-gəlişi təmin ediləcək.
Yeni təqvim ili ərəfəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxı şəhərində inşasına başlanılan Nəsimi adına uşaq incəsənət məktəbi binasının təməlqoyma mərasimi də rayon sakinləri üçün əsl bayrama çevrilib.
Təməlqoyma mərasimində vurğulanıb ki, bu musiqi məktəbinin fəaliyyəti yarım əsirlik dövrü əhatə etməsinə baxmayaraq, burada uzun illər əsaslı təmir aparılmadığından bina tam yararsız vəziyyətə düşüb.
Musiqi məktəbinin yeni binasını layihələndirən memar Sevinc Mahmudəliqızı deyib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən bu binanın sahəsi 3264 kvadratmetrdir. Binada rəsm, rəqs, məşq və müəllimlər üçün otaqlar, akt zalı, sərgi salonu, bufet nəzərdə tutulub. ümumilikdə burada müasir avadanlıqla təchiz ediləcək 54 otaq fəaliyyət göstərəcək. Məktəbin həyətində yaşıllaşdırma və abadlıq işləri aparılacaq. üçmərtəbəli müasir incəsənət məktəbi binasının tikintisinin 2010-cu ildə başa çatdırılması nəzərdə tutulub.
Həmin gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə Abşeron rayonunun Saray qəsəbəsindəki 7 nömrəli internat evində Yeni il süfrəsi açılıb və uşaqlara bayram hədiyyələri təqdim edilib.
Bayramqabağı görüşdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə internat evinə 2 idman trenajoru, 2 televizor və 1 ədəd kondisioner bağışlanıb.
Budəfəki görüşdə internat kollektivinin nəqliyyat probleminə də son qoyulub. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə “Uşaq evləri və internat məktəbinin inkişafı Proqramı” çərçivəsində internat evinə “İsuzu Boqdan” markalı 25 yerlik avtobus bağışlanıb. Əlil arabalarına uyğunlaşdırılmış avtobus bayramlar ərəfəsində 140 uşağın təlim-tərbiyə aldığı internat evinin kollektivi üçün ən qiymətli hədiyyə olub.
Məktəbli avtobusunun texniki xüsusiyyətləri nümayiş olunub. Bildirilib ki, şagirdlərin təhlükəsiz daşınmasında bu nəqliyyat vasitəsinin xüsusi əhəmiyyəti var.
Məktəbin kollektivi Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xeyirxah işlərini yüksək qiymətləndirib, diqqət və qayğıya görə Azərbaycanın birinci xanımına minnətdarlıqlarını bildiriblər.