Dünən YAP Qax rayon təşkilatının Gənclər Birliyi Xocalı soyqırımının 18-ci il dönümü münasibətilə anım tədbiri keçirib. İlk öncə tədbir iştirakçıları YAP Qax rayon təşkilatının qərargahında təşkil olunmuş “Xocalı əsrimizin faciəsidir” mövzusunda inşa yazı işləri və rəsmlərdən ibarət sərgi ilə tanış olublar. Tədbiri giriş sözü ilə YAP Qax rayon təşkilatının Gənclər Birliyinin sədri Nadir Muxtarov açaraq qeyd edib ki, əsrin faciəsi olan Xocalı soyqırımı çox əsrlik tariximizin qanlı səhifələrindən biridir: “Bu hadisənin daha dərindən öyrənilərək dünya ictimaiyyətinə və gələcək nəsillərə çatdırılması bilavasitə biz gənclərin üzərinə düşür”.
YAP Qax rayon təşkilatı İdarə Heyətinin üzvü Mahir Əfəndi “Xocalı faciəsi- gənclərin gözü ilə” mövzusunda məruzə edib.
çıxış edən YAP Qax rayon təşkilatının sədri Nizami Əhmədov, şəhər 2 saylı orta məktəbin direktor müavini Faiq Sofiyev, Qax bələdiyyəsinin üzvü Babək Heydərov, Qarabağ müharibəsi əlili Abdulla Orucov Xocalı soyqırımı barədə danışıblar. Qeyd ediblər ki, bəşər tarixində həmişə ədalət qalib gəlib və yenə də qalib gələcək.
Sonda məktəblilər Xocalıya həsr olunmuş şeirlər söyləyiblər.