Siyavuş Novruzov: Azərbaycanın “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunu Avropa standartlarına tam uyğundur
“Azərbaycanın “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunu Avropa standartlarına tam uyğundur. Bu qanuna Avropa Şurasının Venesiya Komissiyası müsbət rəy verib”. Bu sözləri YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bəzi müxalifət nümayəndələrinin iddialarına münasibət bildirərkən deyib.
S.Novruzov bildirib ki, müxalifət partiyaları xaricdən maliyyə yardımı almaq məqsədilə mitinq keçirmək istəyirlər. “ABŞ və başqa dövlətlər ayrı-ayrı partiyalara pul ayıran kimi mitinq, nümayişlərə başlayırlar. “Zəfəran suyunun iyi” gələn kimi sərbəst toplaşmaq hüquqları yadlarına düşür, meriyaya müraciətlərə başlayırlar. Bu il “Ekologiya ili” elan olunub, gedin ağac əkin, yaxud başqa aksiya formasından istifadə edin. Əlinizə gələn pulun hesabına Azərbaycanda mitinqlər, nümayişlər keçirməyə başlayırsınız. özü də bu aksiyaların keçirilməsi üçün elə bir yer tələb edirlər ki, bu da mümkünsüzdür. Biz hamımız Bakıda yaşayırıq və onların tələb etdikləri yerlərdə aksiyanın keçirilməsinin mümkünsüz olduğunu da bilirik. Yəni, müxalifət partiyaları mümkün olmayanı istəyirlər. Bununla müxalifətdəkilər özlərini pul verənlərə göstərməyə çalışırlar” - deyə YAP İcra katibinin müavini qeyd edib.