Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə yalnız torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası və tarixi ədalətin təmin olunması ilə məhdudlaşmır. Bu Zəfər, eyni zamanda, müasir hərb tarixində yeni səhifə açan, hərbi strategiya, taktiki hazırlıq, peşəkarlıq və milli iradənin vəhdətini nümayiş etdirən mühüm hadisə kimi əhəmiyyət daşıyır. Bu baxımdan, 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi Vətən müharibəsinin ən möhtəşəm və taleyüklü mərhələsi, Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən parlaq səhifələrindən biridir.
Şuşa sadəcə coğrafi məkan, strateji yüksəklik və ya Qarabağın mühüm şəhəri deyildi. Şuşa Azərbaycan xalqının milli kimliyinin, mədəniyyətinin, mənəviyyatının, tarixi yaddaşının və ruhunun təcəssümü idi. Bu şəhərin işğaldan azad olunması xalqımızın 28 ildən artıq davam edən həsrətinə son qoymaqla yanaşı, Ermənistanın Qarabağ üzərindəki iddialarının hərbi-siyasi baxımdan iflasa uğramasının da əsasını qoydu. Məhz buna görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev müharibənin gedişində dəfələrlə Azərbaycanın Qələbəsinin Şuşanın azad edilməsindən keçdiyini vurğulayır, bu şəhərin işğaldan qurtarılmasını ümumi Zəfərin başlıca şərti kimi qiymətləndirirdi.
Şuşa əməliyyatı dünya hərb tarixində misilsiz qəhrəmanlıq nümunəsi kimi
Şuşanın azad olunması əməliyyatının hərbi baxımdan unikallığı, ilk növbədə, şəhərin yerləşdiyi coğrafi mövqe və müdafiə imkanları ilə bağlı idi. Tarixən qala-şəhər kimi tanınan Şuşa ətrafındakı sıldırım qayalar, təbii maneələr və dağlıq relyef onu müdafiə baxımından olduqca əlverişli mövqeyə çevirirdi. Təsadüfi deyil ki, şəhərin əsasını qoyan Pənahəli xan da Şuşanın məhz bu təbii xüsusiyyətlərini nəzərə almışdı. İşğalçı qüvvələr də uzun illər ərzində şəhərin müdafiə imkanlarından yararlanaraq buranı keçilməz hərbi istehkam kimi təqdim edirdilər. Ermənistan tərəfi Şuşanın hərbi yolla azad edilməsini faktiki olaraq mümkünsüz hesab edirdi. Lakin Azərbaycan Ordusunun nümayiş etdirdiyi qəhrəmanlıq bu təsəvvürləri alt-üst etdi.
Prezident İlham Əliyev 2021-ci il yanvarın 14-də Şuşaya səfəri zamanı hərbçilərlə görüşündə bu əməliyyatın xüsusiyyətlərinə toxunaraq bildirmişdi ki, Azərbaycan əsgərləri dağlardan, meşələrdən, dərələrdən keçərək onlarla kilometr məsafəni qət etmiş, yol boyunca yaşayış məntəqələrini azad edərək Daşaltıya, oradan isə Şuşaya yaxınlaşmışlar. Dövlət başçısı xüsusi olaraq vurğulamışdı: "Əminəm ki, Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaqdır." Prezidentin bu fikri əməliyyatın yalnız Azərbaycanın hərbi salnaməsində deyil, beynəlxalq hərb elmi və hərbi təhsil sistemində də öyrənilməli təcrübə kimi əhəmiyyətini ifadə edirdi.
Şuşa əməliyyatının ən mühüm xüsusiyyətlərindən biri Azərbaycan hərbçilərinin şəhərə daxil olarkən əsasən yüngül silahlardan istifadə etməsi idi. Ağır hərbi texnikanın və genişmiqyaslı artilleriya imkanlarının məhdud olduğu dağlıq ərazidə döyüşçülərimiz düşmənin möhkəmləndirilmiş mövqelərinə qarşı böyük cəsarət və peşəkarlıq nümayiş etdirdilər. Meşələrdən, cığırlardan, qayalıqlardan keçərək irəliləyən xüsusi təyinatlılarımız küçə döyüşlərində, əlbəyaxa toqquşmalarda düşmənin müqavimətini qırdılar. Bu, adi hərbi əməliyyat deyildi. Burada döyüşçünün fiziki hazırlığı, psixoloji dayanıqlığı, fərdi təşəbbüskarlığı və kollektiv hərəkət qabiliyyəti həlledici rol oynayırdı.
Prezident İlham Əliyev 2022-ci il noyabrın 8-də Şuşada Zəfər Günü münasibətilə keçirilən tədbirdə də bu məsələyə qayıdaraq bildirmişdi ki, Şuşa keçilməz qala hesab olunurdu və şəhəri azad edən qəhrəman əsgərlərimiz Vətən uğrunda ölməyə hazır idilər. Dövlət başçısı onların dağları, meşələri, dərələri aşaraq, sıldırım qayalara dırmaşaraq, küçə döyüşlərində və əlbəyaxa mübarizədə düşməni məğlub etdiklərini diqqətə çatdırmışdı. Bu fikirlər Şuşa zəfərinin arxasında dayanan qəhrəmanlığın miqyasını göstərməklə yanaşı, Azərbaycan Ordusunun müasir döyüş şəraitində nümayiş etdirdiyi çevikliyi də təsdiqləyirdi.
Şuşanın azad olunması müharibənin taleyini həll etdi – Şuşasız Qələbə natamam olardı
44 günlük Vətən müharibəsinin gedişində Azərbaycanın hərbi-siyasi strategiyasının əsas hədəflərindən biri Şuşanın azad edilməsi idi. Çünki bu şəhərin işğaldan qurtarılması həm Qarabağda hərbi vəziyyətin köklü şəkildə dəyişməsi, həm də Ermənistanın müharibəni davam etdirmək imkanlarının ciddi şəkildə məhdudlaşdırılması demək idi. Şuşa strateji yüksəklikdə yerləşməklə yanaşı, Xankəndi və ətraf ərazilər üzərində mühüm hərbi üstünlük yaradırdı. Şəhərin Azərbaycan Ordusunun nəzarətinə keçməsi Ermənistan qüvvələrinin müdafiə sistemini sarsıtdı, onların mənəvi-psixoloji vəziyyətinə ağır zərbə vurdu və müharibənin sonrakı gedişini müəyyənləşdirdi.
Prezident İlham Əliyev 2022-ci il noyabrın 8-də Şuşada çıxışı zamanı bildirmişdi ki, Şuşa azad olunmadan Azərbaycanın tam Qələbəsi mümkün deyildi. Dövlət başçısı müharibə dövründə verdiyi müsahibələrdən birində də bu fikri xüsusi olaraq səsləndirdiyini xatırlatmış və Azərbaycan xalqının yekun məqsədinin Şuşanı işğaldan azad etmək olduğunu vurğulamışdı. Prezidentin sözlərinə görə, bu, təkcə Şuşanın Qarabağın tacı olması ilə və ya onun strateji mövqeyi ilə bağlı deyildi. Şuşa Azərbaycan xalqının ürəyi və ruhu, hər bir azərbaycanlı üçün müqəddəs məkan idi.
Bu yanaşma Şuşanın hərbi və mənəvi əhəmiyyətini vahid konsepsiyada birləşdirirdi. Bir tərəfdən, şəhərin azad edilməsi Ermənistan ordusunun müdafiə sisteminin dağılmasını sürətləndirirdi. Digər tərəfdən, Şuşanın geri qaytarılması Azərbaycan xalqının milli yaddaşında dərin iz buraxmış 1992-ci il faciəsinin nəticələrini aradan qaldırır, 28 ildən artıq davam edən tarixi ədalətsizliyə son qoyurdu. Beləliklə, Şuşanın azad edilməsi həm döyüş meydanında, həm də milli-mənəvi müstəvidə müharibənin əsas məqsədinin həyata keçirilməsi idi.
Noyabrın 8-də Şuşanın azad edilməsi ilə Ermənistanın hərbi-siyasi rəhbərliyi üçün vəziyyət tamamilə dəyişdi. Azərbaycan Ordusunun şəhəri nəzarətə götürməsi düşmənin müqavimət imkanlarını ciddi şəkildə zəiflətdi. Artıq müharibənin davam etdirilməsi Ermənistan üçün daha böyük hərbi və siyasi itkilər vəd edirdi. Nəticədə noyabrın 10-da üçtərəfli Bəyanat imzalandı və Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunlarını çıxarmaq öhdəliyini götürdü. Prezident İlham Əliyevin 2021-ci il yanvarın 15-də Şuşada hərbçilərlə görüşündə qeyd etdiyi kimi, Azərbaycan Ordusu 300-dən çox yaşayış məntəqəsini və Şuşanı azad etməklə düşmənə sarsıdıcı zərbələr endirmiş, onu kapitulyasiya aktını imzalamağa məcbur etmişdi.
Azad Şuşa Azərbaycanın gücünün rəmzinə çevrildi
Şuşanın azad edilməsi ilə Azərbaycan yalnız hərbi qələbə qazanmadı, eyni zamanda, uzun illər ərzində formalaşdırılmış beynəlxalq siyasi stereotipləri də dağıtdı. 30 ilə yaxın müddətdə Ermənistanın işğalçılıq siyasətinə son qoyulması istiqamətində aparılan beynəlxalq danışıqlar, qəbul edilən qətnamələr və verilən bəyanatlar real nəticə doğurmamışdı. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri icra edilməmiş, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar isə münaqişənin həllinə gətirib çıxarmamışdı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün beynəlxalq hüquqa əsaslanan mövqeyini ardıcıl şəkildə müdafiə etsə də, dünya birliyinin aparıcı siyasi dairələri uzun müddət bu məsələnin həllində qətiyyətli mövqe nümayiş etdirməmişdilər.
44 günlük müharibə və xüsusilə Şuşanın azad edilməsi həmin yanaşmanın dəyişməsinə səbəb olan əsas hadisələrdən biri oldu. Azərbaycan beynəlxalq ictimaiyyətə nümayiş etdirdi ki, ərazi bütövlüyü və suverenlik məsələsində öz iradəsinə söykənən dövlət hərbi-siyasi məqsədlərinə nail olmaq gücündədir. Bununla belə, dünya birliyinin müəyyən siyasi dairələrinin Azərbaycanın əldə etdiyi nəticələri və yaranmış yeni reallıqları qəbul etməkdə tərəddüd etməsi, bəzi hallarda isə əvvəlki status-kvonun bərpasına yönələn yanaşmaları davam etdirməsi diqqətdən kənarda qalmamalıdır. Müharibə zamanı Azərbaycana ünvanlanan təzyiqlər, atəşkəs çağırışlarının mahiyyəti və Ermənistanın işğalçı siyasətinin nəticələrini arxa plana keçirməyə çalışan mövqelər bunun göstəricisi idi.
Prezident İlham Əliyev 2021-ci il yanvarın 15-də Şuşada hərbçilərlə görüşündə Azərbaycanın üzləşdiyi təzyiqlərə toxunaraq bildirmişdi ki, müharibə dövründə çoxsaylı telefon zənglərinə, təhdidlərə və təzyiqlərə baxmayaraq, Azərbaycan qarşıya qoyduğu məqsəddən geri çəkilmədi. Dövlət başçısı vurğulamışdı ki, müharibənin ilk günündən Ermənistan rəhbərliyindən işğal altındakı torpaqlardan çıxmaq üçün konkret öhdəlik və tarix tələb olunurdu. Bu tələb yerinə yetirilmədiyi üçün Azərbaycan mübarizəni sona qədər davam etdirdi və nəticədə düşməni kapitulyasiyaya məcbur etdi.
Ordusunun Şuşada yazdığı qəhrəmanlıq salnaməsi bundan sonra da dünya hərb tarixinin öyrənilən və nümunə göstərilən səhifələrindən biri olacaq. Şuşa zəfəri Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq: çünki Şuşanın azadlığı ilə Qələbəmiz tamamlandı, milli qürurumuz bərpa olundu və Azərbaycanın yeni tarixi reallıqları bütün dünyaya nümayiş etdirildi.
P.SADAYOĞLU