8 Noyabr milli iradənin və dövlət qüdrətinin təntənəsidir
Bəzən bir günün mənası illərə, hətta əsrlərə sığmır. Elə günlər var ki, təqvimdə sadəcə tarix kimi görünür, amma xalqın yaddaşında taleyin dönüş nöqtəsinə çevrilir. 8 Noyabr da Azərbaycan üçün məhz belə günlərdəndir. Bu tarix yalnız hərbi qələbənin deyil, uzun illər həsrətlə gözlənilən ədalətin, milli iradənin və dövlət gücünün təntənəsidir.
Zəfər Günü bizə bir həqiqəti yenidən xatırlatdı: heç bir xalqın torpağı üzərində qurulan işğal əbədi ola bilməz. Otuz ilə yaxın davam edən münaqişə, doğma yurdlarından didərgin düşən insanların ağrısı, dağıdılmış şəhərlər, kəndlər və yarımçıq qalmış arzular Azərbaycanın tarixində ağır bir səhifə idi. 2020-ci ilin payızında başlanan Vətən müharibəsi isə həmin səhifənin dəyişməsi ilə nəticələndi.
8 Noyabr 2020-ci ildə Şuşanın azad edilməsi müharibənin gedişində həlledici dönüş yaratdı. Bu hadisə yalnız mühüm strateji şəhərin nəzarətə qaytarılması deyildi. Şuşa Azərbaycan xalqının mədəniyyətinin, musiqisinin, ədəbiyyatının və milli kimliyinin rəmzidir. Onun azadlığı qələbəyə mənəvi və tarixi məzmun qazandırdı.
Hərbi ekspert Emin Hüseynli “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, 2020-ci il Vətən müharibəsi hərbi-strateji baxımdan Azərbaycanın müasir hərb tarixində yeni mərhələnin başlanğıcı oldu. Onun sözlərinə görə, müharibənin nəticələri göstərdi ki, müasir döyüş meydanında üstünlük yalnız canlı qüvvənin və texnikanın sayından asılı deyil: “Kəşfiyyat, pilotsuz uçuş aparatları, yüksək dəqiqlikli silah sistemləri, elektron mübarizə vasitələri, operativ idarəetmə və qoşun növləri arasında koordinasiya həlledici amillərə çevrilib. Azərbaycan Ordusunun müharibə ərzində nümayiş etdirdiyi əməliyyat çevikliyi, texnoloji imkanlardan istifadə bacarığı və müxtəlif qoşun növlərinin uzlaşdırılmış fəaliyyəti hərbi əməliyyatların nəticəsinə ciddi təsir göstərdi. Xüsusilə, Şuşa əməliyyatı hərbi tarix baxımından ayrıca araşdırılmağa layiqdir. Çətin relyef şəraitində aparılan döyüşlər göstərdi ki, texnologiya nə qədər inkişaf etsə də, peşəkar hərbçinin hazırlığı, döyüş ruhu, qərarvermə qabiliyyəti və iradəsi öz əhəmiyyətini itirmir.
Bu müharibənin digər mühüm nəticəsi Azərbaycanın regiondakı hərbi-siyasi çəkisinin artması oldu. Əldə olunan təcrübə ölkənin müdafiə strategiyasının daha da təkmilləşdirilməsi, ordunun texnoloji modernləşdirilməsi və təhlükəsizlik sisteminin gücləndirilməsi baxımından yeni imkanlar yaratdı”.
Ekspert qeyd edib ki, bir məqamı xüsusilə vurğulamaq vacibdir: müharibədə qazanılan üstünlük gələcəkdə təhlükəsizliyin avtomatik təmin olunması demək deyil: “Müasir geosiyasi şəraitdə hərbi hazırlıq, müdafiə sənayesinin inkişafı, kəşfiyyat imkanları, sərhəd təhlükəsizliyi və peşəkar kadr potensialı daim diqqət mərkəzində saxlanılmalıdır. Həmçinin hərbi gücün diplomatik imkanlarla tamamlanması davamlı sülhün əsas şərtlərindəndir.
Zəfər bizə torpaqlarımızı qaytarmaqla yanaşı, dövlət olaraq nəyə qadir olduğumuzu göstərdi. İndi əsas vəzifə bu tarixi nailiyyəti güclü iqtisadiyyata, təhlükəsiz gələcəyə, inkişaf edən Qarabağa və möhkəm dövlətçiliyə çevirməkdir. Çünki qələbənin əsl böyüklüyü yalnız onun əldə edildiyi gündə deyil, sonrakı nəsillərin həyatında yaratdığı dəyişikliklərlə ölçülür. 8 Noyabr bizə bir daha sübut edir: tarix bəzən uzun illər gözləyir, amma onu dəyişənlər iradəsini itirməyənlər olur. Zəfər isə Azərbaycanın yaddaşında yalnız keçmişin qüruru deyil, gələcəyin məsuliyyətidir”.
Yeganə BAYRAMOVA