VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında Prezident İlham Əliyevin çıxışında beynəlxalq hüquq sisteminin ən zəif nöqtələrindən birinə – beynəlxalq təşkilatların qərarlarının icra mexanizminə xüsusi diqqət ayrıldı. Hazırda dünyada bir çoxları Birləşmiş Millətlər Təşkilatında islahatlardan danışır. Dövlət başçısı bu müzakirələrə öz töhfəsini verərək hesab etdiyini bildirdi ki, mühüm məsələlərdən biri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmi olmalıdır. Bu fikir abstrakt nəzəri mülahizə deyil, Azərbaycanın 30 il ərzində yaşadığı acı təcrübənin nəticəsidir.
Prezident xatırlatdı ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Azərbaycan torpaqlarının azad olunmasını tələb edən dörd qətnamə qəbul etmişdi. Həmin qətnamələr Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edirdi. Lakin onlar 30 il kağız üzərində qaldı. Dövlət başçısının sözləri ilə desək, onlar icra olunmadı, onların icrasını təmin edən mexanizm yox idi və Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmədi. Bu, beynəlxalq hüququn ən yüksək instansiyasının qərarlarının belə real həyatda necə gücsüz qala biləcəyinin bariz nümunəsidir.
Bu ədalətsizliyin miqyası da az deyildi. Prezident İlham Əliyev qeyd etdi ki, Ermənistan beynəlxalq səviyyədə tanınmış ərazimizin təxminən 20 faizini işğal etmiş, etnik təmizləmə siyasəti aparmış, nəticədə bir milyon azərbaycanlı öz tarixi torpaqlarından didərgin salınmışdı. Dini və tarixi abidələrimiz, o cümlədən Qarabağda 65 məscid dağıdılmışdı. Bütün bunlara baxmayaraq, Ermənistana qarşı nə sanksiya tətbiq olundu, nə də o, cəzalandırıldı. Dövlət başçısı bunu açıq şəkildə ikili standart adlandırdı.
Çıxışda vurğulanan digər mühüm məqam uzunmüddətli danışıqlar prosesinin mahiyyəti ilə bağlı idi. Prezident bildirdi ki, uzun illər ərzində aparılan danışıqlar heç bir nəticə vermədi. Əslində, danışıqlar formatı elə qurulmuşdu ki, münaqişə həll olunmasın, əksinə dondurulsun. Lakin bu yanaşmanın müəllifləri Azərbaycan xalqının nə düşündüyünü və Azərbaycan hökumətinin nəyi planlaşdırdığını səhv hesablamışdılar. Dövlət başçısının sözlərinə görə, Azərbaycan əraziləri işğal altında olan, ən elementar insan hüquqları daim pozulan bir xalq kimi əbədi yaşamalı deyildi.
Azərbaycan danışıqlarda bütün səmimiyyəti və ümidi ilə iştirak edirdi. Lakin bu prosesin heç bir nəticə vermədiyini gördükdə, ölkə BMT Nizamnaməsində, o cümlədən onun 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququna əsaslanaraq məsələni özü həll etdi. Prezident İlham Əliyevin ifadəsi ilə, biz özümüzü müdafiə etdik, düşməni məğlub etdik, 30 il işğal altında olmuş torpaqlarımızı azad etdik, ədaləti, ləyaqətimizi və beynəlxalq hüququ bərpa etdik. Başqa sözlə, BMT Təhlükəsizlik Şurasının qətnamələrini Azərbaycan təkbaşına icra etdi.
2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi və 2023-cü ildə keçirilmiş antiterror əməliyyatı işğala son qoydu. Azərbaycan beynəlxalq hüququn normalarına uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Bu təcrübə göstərir ki, beynəlxalq hüququn tələbləri yerinə yetirilmədikdə dövlətlər öz qanuni hüquqlarından istifadə etmək məcburiyyətində qalırlar. Lakin bu, hər bir münaqişədə ideal yol deyil. Məhz buna görə də Prezidentin təklif etdiyi icra mexanizmi ideyası xüsusi əhəmiyyət kəsb edir: əgər qətnamələr vaxtında icra olunsaydı, bir milyon insan 30 il qaçqın həyatı yaşamazdı.
Dövlət başçısı münaqişələrin kökündə dayanan amilləri də dəqiq müəyyənləşdirdi. Onun fikrincə, bütün münaqişələr bir-birindən fərqlənsə də, onların hamısının əsasında eyni amillər dayanır: ambisiyalar, təcavüz, üstünlük hissi və hücum etdiyin insanlara qarşı törətdiyin əməllərə görə cəzalandırılmayacağına əminlik. Məhz cəzasızlıq hissi münaqişələri sonsuzlaşdırır. Real icra mexanizminin olmaması isə təcavüzkarı daha da cəsarətləndirir. Bu baxımdan Prezidentin təklifi beynəlxalq təhlükəsizlik sisteminin əsas boşluğunu aradan qaldırmağa yönəlib.
Prezident İlham Əliyev ikili standartların təkcə münaqişələrə yanaşmada deyil, həm də müstəqil dövlətlərə necə yaşamağı diktə etmək cəhdlərində özünü göstərdiyini bildirdi. Onun sözlərinə görə, kiməsə ağıl öyrətməzdən əvvəl güzgüyə baxıb özündən soruşmaq lazımdır ki, müstəqil bir ölkəyə nə etməli və nə etməməli olduğunu diktə etməyə mənəvi haqqın varmı. Azərbaycan başqa ölkələrin daxili işlərinə qarışmır və özünə qarşı da eyni münasibət gözləyir. Dövlət başçısı əmin olduğunu bildirdi ki, beynəlxalq ictimaiyyət davranışın bu əsas qaydaları üzərində razılığa gələrsə, münaqişələrin və problemlərin sayı azalacaq, qarşılıqlı fəaliyyət isə genişlənəcək.
Azərbaycanın qələbədən sonrakı addımları da diqqətəlayiqdir. Ölkəmiz Ermənistana sülh təklif etdi, sülh sazişinin layihəsini hazırladı. Ötən ilin avqustunda həmin sənəd Vaşinqtonda, Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə paraflandı, üçtərəfli Bəyannamə imzalandı və Amerika Prezidenti onu şahid qismində imzaladı. Prezident İlham Əliyev bu təcrübəni – ədalətli müharibədə qələbə qazanmaq, lazım olan məqamda dayanmaq və sülh təklif etmək – hazırda müharibə aparan tərəflər üçün dəyərli nümunə adlandırdı.
Nəticə etibarilə, Bakı Forumunda səslənən bu çağırış təkcə Azərbaycanın keçmişi ilə bağlı deyil, bütün beynəlxalq sistemin gələcəyi ilə bağlıdır. BMT islahatları qətnamələrin real icrasını təmin etmədən səmərəli ola bilməz. Beynəlxalq təşkilatların nüfuzu qəbul etdikləri qərarların sayı ilə deyil, onların icrası ilə ölçülür. Azərbaycan 30 illik təcrübəsi ilə dünyaya göstərdi ki, ədalət gec də olsa bərpa olunur. İndi isə beynəlxalq ictimaiyyətin vəzifəsi elə bir mexanizm yaratmaqdır ki, heç bir xalq ədalətə qovuşmaq üçün 30 il gözləməli olmasın.
Abbas Pənahov,
Yeni Azərbaycan Partiyası
Nəsimi rayon təşkilatının sədr müavini