Oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb. Qeydiyyatdan keçmiş 2000-dən artıq iştirakçını, 100-dən artıq ölkədən 500-dən çox qonağı bir araya gətirən bu beynəlxalq tədbir oktyabrın 29-dək davam edəcək. Forum Azərbaycanın həm dünyada artan siyasi nüfuzunu, həm də ümumbəşəri dəyərlərə nə qədər sadiq qalmasını bir daha nümayiş etdirir. Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev dünyaya yeni sülh mesajları verdi, sülhün və sabitliyin etibarlı şəkildə qorunması üçün multikultural dəyərlərin yaşamasının, dinlər və xalqlar, xüsusilə də münaqişə tərəfləri arasında dialoqun və anlaşmanın gücləndirilməsinin yeganə yol olduğunu bir daha bəyan etdi. Bildirdi ki, Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri bizim cəmiyyətdə olan ahəngdarlıqdır: “Bütün etnik qrupların, dinlərin nümayəndələrinin Konstitusiyamıza uyğun olaraq, nəinki bərabər hüquqları var, onlar, həmçinin bir ailə kimi yaşayırlar. Biz həmrəylik, qarşılıqlı hörmət və anlaşmanın ən yüksək səviyyəsini həqiqətən hiss edirik. Hamımız milli ideyalar ətrafında birləşirik”. Bu birliyin özünü müstəqil tariximizin ən çətin mərhələlərində büruzə verdiyini vurğulayan dövlətimizin başçısı dedi ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü və işğalı zamanı, o cümlədən İkinci Qarabağ müharibəsində bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər və ədaləti müdafiə etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün Qələbəmizin rəmzi olan “Dəmir yumruq” kimi vuruşdular. Prezident, həmçinin bu gün Azərbaycan cəmiyyətinin bütün məsələlər üzrə birlik nümayiş etdirdiyini də vurğuladı. Dövlətimizin başçısı BMT-nin Nizamnaməsinə, özünümüdafiə hüququna əsaslanaraq illər boyu işğal altında qalmış ərazilərimizi azad etdiyimizi bildirərək dedi ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan qoşunlarının ərazilərimizdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən, lakin 30 il kağız üzərində qalan qətnamələrini təkbaşına icra etdik. 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi və 2023-cü ildə keçirilmiş antiterror əməliyyatı işğala son qoydu: “Biz beynəlxalq hüququn normalarına uyğun olaraq ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdik”. Prezident uzun illər işğala, ədalətsizliyə məruz qalmasına baxmayaraq, Azərbaycanın 2020-ci ildə ermənilərin təxribatı nəticəsində başlamış Vətən müharibəsində qazandığı qələbədən sonra Ermənistana sülh təklif etməsini dünyada rast gəlinən nadir hadisələrdən biri kimi dəyərləndirdi. Bu, bir daha göstərir ki, ölkəmiz həmişə sülh tərəfdarıdır. Müharibələrin dayandırılması ilə bağlı Azərbaycanın təcrübəsinə toxunan dövlətimizin başçısı bildirdi ki, düşmən kapitulyasiya etdikdən sonra biz bundan o tərəfə getmədik, dayandıq və sülh təklif etdik. Bu təcrübəyə nəzər salınmalı olduğunu və müharibə tərəflərinin bunu tədqiq etməli olduqlarını deyən Prezident vurğuladı ki, bizim qurduğumuz mövcud presedent bəzi münaqişələrin aradan qaldırılmasına da xidmət edə bilər. Azərbaycanda hər hansı daxili risklərimizin olmadığını dəfələrlə söylədiyini xatırladan dövlətimizin başçısı bildirdi ki, bütün potensial risklər bizim hüdudlarımızdan kənardan gəlir. Prezident, həmçinin ideoloji risklərin fiziki risklər qədər təhlükəli olduğunu vurğuladı. Elə bu səbəbdən hər zaman ayıq-sayıq olmağımızı tövsiyə etdi. İkili standartlardan söz açan Prezident bəyan etdi ki, ikili standartlar siyasəti tam şəkildə beynəlxalq siyasətdən çıxarılmalıdır. Prezident ötən günlərə də nəzər saldı. Bildirdi ki, Ermənistan beynəlxalq səviyyədə tanınmış ərazilərimizin təxminən 20 faizini işğal edərək, bir milyon azərbaycanlının öz tarixi torpaqlarından deportasiya olunmasına səbəb olan etnik təmizləmə siyasəti həyata keçirdi, dini və tarixi abidələrimizi, o cümlədən Qarabağda 65 məscidi dağıtdı. Buna baxmayaraq, Ermənistana qarşı sanksiyalar tətbiq edilməyib və o, cəzalandırılmayıb: “Amma ikili standartlar təkcə bununla məhdudlaşmır. İkili standart həm də kiminsə sənə necə yaşamağı öyrətmək istəməsidir. Halbuki bunu etməzdən əvvəl güzgüyə baxıb özündən soruşmalısan: sənin kiməsə ağıl öyrətməyə, müstəqil bir ölkəyə necə yaşamalı olduğunu, nə etməli və nə etməməli olduğunu diktə etməyə mənəvi haqqın varmı?” Bununla da Prezident Azərbaycanın uğurlarını həzm edə bilməyənlərə, heç bir əsas göstərmədən ölkəmizə böhtanlar yağdıranlara öz yerini göstərdi. Azərbaycanın iki super güclə strateji tərəfdaşlıq formatı, Avropa İttifaqının 10 üzv dövləti ilə strateji tərəfdaşlıq bəyannaməmizin və ya sazişimizin, həmçinin artıq Bakının mədəniyyətlərarası dialoqun mərkəzi olduğunu xatırladan Prezident İlham Əliyev bütün bunların ölkəmizin beynəlxalq birliyin etibarlı və hörmətli bir üzvü olmasından irəli gəldiyini vurğuladı. Şübhəsiz, bütün bu faktları Azərbaycanın dünya miqyasındakı nüfuzunun göstəricisi, həm də beynəlxalq potensialının nümayişi kimi dəyərləndirmək olar.
Arifə Abbasova
YAP Tovuz rayon təşkilatının məsləhətçisi