Mədəniyyətlərarası dialoqdan beynəlxalq etimada - Azərbaycanın qazandığı mütləq nüfuz

Mədəniyyətlərarası dialoqdan beynəlxalq etimada - Azərbaycanın qazandığı mütləq nüfuz

 

         Münaqişələrin, dini və milli ayrı-seçkiliyin, qarşılıqlı etimadsızlığın mövcud olduğu bir dövrdə sivilizasiyalar arasında körpülərin qurulması yalnız mənəvi zərurət deyil, həm də beynəlxalq təhlükəsizliyin və sabitliyin mühüm şərtidir. Azərbaycan bu istiqamətdə həyata keçirdiyi ardıcıl siyasət və təşkil etdiyi beynəlxalq tədbirlərlə dialoqun real əməkdaşlığa çevrilməsinə mühüm töhfələr verir. Bu baxımdan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın beynəlxalq miqyasda qazandığı mövqenin, multikulturalizm ənənələrinin və sülhə əsaslanan əməkdaşlıq təşəbbüslərinin bariz nümunəsidir. Forum artıq müxtəlif mədəniyyətlər, dinlər və xalqlar arasında münasibətlərin inkişaf etdirilməsi, aktual qlobal məsələlərin müzakirəsi və ortaq həll yollarının müəyyənləşdirilməsi üçün səmərəli və əhatəli platformalardan birinə çevrilib. Azərbaycanın ev sahibliyi etdiyi bu mötəbər tədbir ölkəmizin dialoqun təşviqinə yalnız bəyanatlarla deyil, konkret təşəbbüslər və əməli fəaliyyətlə töhfə verdiyini nümayiş etdirir.

         Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin forum çərçivəsində səsləndirdiyi fikirlər də bu siyasətin mahiyyətini aydın şəkildə ifadə edir. Dövlət başçısının vurğuladığı kimi, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətləri və digər əlaqədar məsələləri həll etmək üçün olduqca səmərəli və əhatəli platformalardan birinə çevrilmişdir. Bu yanaşma forumun əhəmiyyətini yalnız beynəlxalq tədbir statusu ilə məhdudlaşdırmır, onu fərqli düşüncələrin uzlaşdırıldığı, qarşılıqlı hörmətin möhkəmləndirildiyi və bəşəriyyətin ümumi maraqlarına xidmət edən təşəbbüslərin irəli sürüldüyü mühüm əməkdaşlıq mexanizmi kimi səciyyələndirir. Əslində, mədəniyyətlərarası dialoqun təşviqi Azərbaycanın dövlət siyasətində təsadüfi istiqamət deyil. Ölkəmizin tarixən formalaşmış tolerantlıq ənənələri, müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin birgəyaşayış təcrübəsi bu siyasətin mənəvi əsaslarını təşkil edir. Azərbaycan öz milli-mənəvi dəyərlərini qorumaqla yanaşı, digər xalqların mədəni irsinə də hörmətlə yanaşır. Bu xüsusiyyət ölkəmizin beynəlxalq dialoq təşəbbüslərində etibarlı tərəfdaş kimi çıxış etməsinə və fərqli mövqelər arasında anlaşmanın təşviqinə şərait yaradır.

         Cənab İlham Əliyevin forumda diqqətə çatdırdığı digər mühüm məqam Azərbaycanın beynəlxalq birliyin etibarlı və hörmətli üzvü kimi özünü təsdiq edə bilməsidir. Bu fikir ölkəmizin müstəqillik illərində keçdiyi inkişaf yolunun, həyata keçirdiyi müstəqil xarici siyasətin və beynəlxalq əməkdaşlıq sahəsində qazandığı təcrübənin ümumiləşdirilmiş ifadəsidir. Beynəlxalq nüfuz yalnız müxtəlif tədbirlərə ev sahibliyi etməklə formalaşmır. Bu nüfuz ardıcıl siyasi mövqe, üzərinə götürülən öhdəliklərə məsuliyyətlə yanaşma, tərəfdaşlarla qarşılıqlı faydalı münasibətlərin qurulması və qlobal məsələlərə konstruktiv töhfə verməklə möhkəmlənir. Azərbaycanın beynəlxalq birliyin etibarlı üzvü kimi tanınması, eyni zamanda, dövlətimizin milli maraqlarını qətiyyətlə müdafiə etməsi, suverenliyini və müstəqil qərarvermə hüququnu qoruması ilə sıx bağlıdır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət ölkəmizin beynəlxalq münasibətlər sistemində özünəməxsus yer tutmasına, müxtəlif dövlətlərlə əməkdaşlıq əlaqələrinin genişlənməsinə və Azərbaycanın təşəbbüslərinin qlobal müzakirələrdə diqqət mərkəzinə gəlməsinə imkan yaradıb. Bu gün ölkəmiz təkcə regional proseslərin iştirakçısı deyil, həm də beynəlxalq gündəliyin formalaşmasına töhfə verən, dialoq və əməkdaşlıq imkanlarını genişləndirən tərəfdaş kimi çıxış edir. Burada diqqət çəkən əsas məqam mədəniyyətlərarası dialoqla beynəlxalq etimad arasında mövcud olan qarşılıqlı əlaqədir. Dialoqu təşviq edən, fərqli mövqelərin dinc müstəvidə müzakirəsinə şərait yaradan və əməkdaşlığı inkişaf etdirən dövlətlər beynəlxalq münasibətlərdə daha etibarlı tərəfdaş kimi qəbul olunurlar. Azərbaycanın təşkil etdiyi forumlar, irəli sürdüyü təşəbbüslər və multikulturalizm sahəsində formalaşdırdığı təcrübə də məhz bu etimadın möhkəmlənməsinə xidmət edir. Bu baxımdan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ölkəmizin beynəlxalq nüfuzunu nümayiş etdirməklə yanaşı, həmin nüfuzun gələcək inkişafına da töhfə verir.

         Bu gün dünyada qarşıdurmaların və qütbləşmənin dərinləşdiyi bir şəraitdə Azərbaycanın dialoqa, qarşılıqlı anlaşmaya və əməkdaşlığa əsaslanan mövqeyi xüsusi aktuallıq kəsb edir. Mədəniyyətlər arasında münasibətlərin möhkəmləndirilməsi yalnız xalqların bir-birini daha yaxşı tanımasına deyil, həm də mövcud stereotiplərin aradan qaldırılmasına, etimad mühitinin formalaşmasına və gələcək nəsillər üçün daha təhlükəsiz dünyanın qurulmasına xidmət edir. Azərbaycanın bu prosesdə fəal iştirakı ölkəmizin beynəlxalq məsuliyyətini və qlobal çağırışlara münasibətdə konstruktiv mövqeyini ortaya qoyur. Cənab Prezident İlham Əliyevin forumda səsləndirdiyi bu iki mühüm fikir vahid bir məntiqi xəttin tərkib hissəsidir: Azərbaycan mədəniyyətlərarası dialoqu təşviq etməklə beynəlxalq əməkdaşlığa töhfə verir, eyni zamanda, həyata keçirdiyi ardıcıl siyasətlə beynəlxalq birliyin etibarlı və hörmətli üzvü mövqeyini möhkəmləndirir. Bu, ölkəmizin yalnız bugünkü diplomatik uğurlarını deyil, gələcəyə yönəlmiş strateji baxışını da əks etdirir. Azərbaycanın beynəlxalq nüfuzunun əsas göstəricilərindən biri məhz müxtəlif xalqları və mədəniyyətləri ortaq dəyərlər ətrafında birləşdirmək, dialoqu əməkdaşlığa, əməkdaşlığı isə qarşılıqlı etimada çevirmək bacarığıdır.

 

David Həsənov

Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının əməkdaşı