Dünən Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının qərargahında veteranlarla gənclərin görüşü keçirilib. Görüşdə çıxış edən YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev tədbirin keçirilməsinin əsas mahiyyətini və əhəmiyyətini diqqətə çatdırıb. Şəhərin tarixində ağsaqqalların və veteranların xüsusi rolu olduğunu, həyat və fəaliyyətləri örnək olan veteranların dəyərli tövsiyələrinin gələcəyimiz olan gənclərin inkişafında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
AMEA-nın Gəncə Bölməsinin direktoru, Akademiyanın müxbir üzvü, professor Fuad Əliyev, Veteranlar Şurasının sədri Yusif Məmmədov belə görüşlərin, tədbirlərin keçirilməsini yüksək qiymətləndirib və davamlı olmasını arzu ediblər.
Çıxış edən veteranlar - Məmmədəli Balayev, Əli Quliyev, Kərim Həsənov, Adil Ramazanov, Yunis Nurməmmədov və başqaları öz xatirələrini danışıb, gənclərə dəyərli tövsiyələr veriblər.
Tədbirdə, həmçinin, YAP Gəncə şəhər təşkilatının qocaman üzvlərindən olan Veteranlar Şurasının üzvü Sabir Rüstəmovun anadan olmasının 80 illik yubileyi qeyd edilib.
YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev və İdarə Heyətinin üzvü Fuad Əliyev partiya veteranı Sabir Rüstəmovu yubiley münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və firavan həyat arzulayıblar.