8 Noyabr – Şuşa Şəhəri Günü

8 Noyabr – Şuşa Şəhəri Günü

 

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar təkcə təqvimdə əlamətdar tarix kimi deyil, milli yaddaşımıza, qürurumuza və dövlətçilik tariximizə əbədi həkk olunur. 8 Noyabr – Şuşa Şəhəri Günü məhz belə möhtəşəm tarixi hadisələrdən biridir. Bu gün xalqımızın illərlə qəlbində yaşatdığı Şuşa həsrətinin sona çatmasının, tarixi ədalətin bərpasının və milli iradəmizin təntənəsinin rəmzidir.

Şuşa Azərbaycan xalqı üçün adi bir şəhər deyil. Şuşa milli mədəniyyətimizin beşiyi, musiqimizin, muğamımızın, poeziyamızın və zəngin mənəvi dəyərlərimizin formalaşdığı müqəddəs məkandır. Pənahəli xan tərəfindən əsası qoyulan bu şəhər əsrlər boyu Azərbaycanın ictimai-siyasi, mədəni və ədəbi həyatında mühüm yer tutmuş, görkəmli şəxsiyyətlər yetişdirmişdir. Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski, Natəvan, Vaqif kimi korifeylərin adı Şuşanın şöhrətini bütün dünyaya yaymışdır.

1992-ci il mayın 8-də Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi xalqımızın yaddaşında ağır bir faciə kimi qaldı. Şəhərin tarixi-mədəni irsinə ciddi ziyan vuruldu, milli-mənəvi sərvətlərimiz təhqir edildi, Şuşa uzun illər doğma sakinlərinin həsrəti ilə yaşadı. Lakin Azərbaycan xalqı heç vaxt bu işğalla barışmadı, Şuşaya qayıdacağına, doğma torpaqlarını azad edəcəyinə inamını itirmədi.

Bu inamın reallığa çevrilməsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin və Azərbaycan Ordusunun qəhrəmanlığının nəticəsi oldu. 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi 44 günlük Vətən müharibəsinin ən mühüm tarixi hadisələrindən birinə çevrildi. Şuşa əməliyyatı Azərbaycan əsgərinin misilsiz şücaətini, fədakarlığını və Vətən sevgisini bütün dünyaya nümayiş etdirdi.

Şuşanın azad edilməsi hərbi baxımdan mürəkkəbliyi, strateji əhəmiyyəti və həyata keçirilmə üsulu ilə tariximizdə xüsusi yer tutur. Müzəffər Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri çətin relyef şəraitində, dağları və qayaları aşaraq, böyük rəşadət göstərməklə Şuşaya daxil oldular. Bu Qələbə xalqımızın birliyinin, dövlətimizin gücünün və əsgərimizin yenilməz ruhunun təcəssümü idi.

Prezident İlham Əliyevin Şuşanın azad olunmasından sonra səsləndirdiyi bu tarixi fikirlər isə həmin günün mənəvi mahiyyətini ən dolğun şəkildə ifadə edir:

“Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”

Bu müraciət sadəcə qələbə xəbəri deyildi. Bu, bir xalqın uzun illər daşıdığı nisgilin, həsrətin və ümidin sevinc göz yaşlarına çevrildiyi tarixi anın ifadəsi idi. Prezident İlham Əliyev bu sözləri ilə həm Ulu Öndər Heydər Əliyevin siyasi vəsiyyətinə sadiqliyini, həm də şəhidlərimizin müqəddəs amalının həyata keçirildiyini bəyan etdi.

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası, Azərbaycanın güclənməsi və ərazi bütövlüyümüzün bərpası istiqamətində formalaşdırdığı siyasi xətt müasir tariximizin mühüm dayaqlarından olmuşdur. Şuşanın azad edilməsi həmin strateji hədəfin reallaşmasının rəmzi hadisəsinə çevrildi. Bu Qələbə uğrunda canından keçən şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.

Bu gün Şuşa yenidən öz sahiblərinin nəfəsi, Azərbaycan bayrağının dalğalanması, milli musiqimizin sədaları ilə yaşayır. Şəhərdə aparılan bərpa və quruculuq işləri, tarixi abidələrin yenidən həyata qaytarılması, mədəni tədbirlərin təşkili Şuşanın əvvəlki şöhrətinin bərpasına xidmət edir. Şuşanın 2021-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, 2022-ci ilin “Şuşa İli” elan olunması və şəhərin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi onun ölkəmizin həyatında tutduğu xüsusi mövqeyi bir daha nümayiş etdirir.

Bu gün biz böyük qürur hissi ilə deyirik: Şuşa azaddır, Şuşa Azərbaycandır! Uzun illər davam edən ayrılıqdan sonra doğma Şuşaya qayıdışımız təkcə coğrafi qayıdış deyil, həm də tarixi yaddaşımıza, milli kimliyimizə və mənəvi köklərimizə qayıdışdır.

8 Noyabr – Şuşa Şəhəri Günü münasibətilə başda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla, bu tarixi Qələbəni bizə yaşadan qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk.

Şuşa bizimdir və əbədi olaraq Azərbaycanındır! Bu qələbə xalqımızın tarixində daim yaşayacaq, gələcək nəsillərə Vətən sevgisinin, milli birliyin və mübarizə əzminin ən böyük nümunəsi kimi ötürüləcəkdir.